15 May 2015 19:28
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dostunu öldürməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Yasin Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Yasin Hüseynov 25 sentyabr, 2014-cü ildə axşam saat 19 radələrində Araz küçəsi, 1 ünvanında yerləşən toxuculuq kombinatının qarşısında, metronun “Ulduz” stansiyasının yaxınlığında aralarında yaranmış mübahisə zəminində tanışı - Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Əkbərovun bud nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Mərhumun ölümünə kəskin qanaxma səbəb olub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ifadə verən Yasin Hüseynov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində Rahib Əkbərovu 2-3 il öncə tanıdığını, aralarında səmimi münasibət olduğunu, bir yerdə kirayə yaşadıqlarını və fəhləlik etdiklərini göstərib: “Münasibətlərimiz çox yaxşı olub. Bakıya gələndə iki gün Rahibin yanında qaldım. Sonra başqa ev tapmışdım, ora köçmək istəyirdim. Bu barədə Rahibə deyəndə mənə acığı tutdu, “satqınsan” dedi. Onun bu sözü xətrimə dəydi. Həmin gün iş yoldaşımla birlikdə namaz qılandan sonra Rahiblə əlaqə saxladım. Sakit bir yerdə görüşüb söhbət etmək istəyirdim. Onu çağırdım, görüşdük. Niyə onunla bir yerdə qalmamağımın səbəbini soruşdu. Ona arxamca söyüş söydüyünü dedim. Bu zəmində mübahisəmiz düşdü. Söhbətin bu qədər dərinə gedəcəyini fikirləşməzdik. Söyüş söydü, məni itələdi. Rahib fiziki cəhətdən məndən güclü olduğuna görə qorxutmaq üçün bıçaqla ayağından bir dəfə zərbə vurdum. Öldürmək niyyətim olmayıb. Əgər bilsəydim ki zərbənin təsirindən ölər, dərhal həkimə aparardım, köməklik edərdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yasin Hüseynov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Məhkəmə baxışı mayın 21-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər