Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Xətai rayonu ərazisindəki çörəkbişirmə sexlərindən birinin qarşısında Goranboy rayonunda anadan olmuş 21 yaşlı Orxan Abdullayev Elşad Kərimovu bıçaqlayaraq öldürüb. O, daha sonra çörəkbişirmçə sexində banar müdiri işləyən Anar Süleymanova və sürücü Orxan Cəbrayəlzadəyə bıçaqla xəsarət yetirib.
Orxan Abdullayev istintaqa verdiyi ifadəsində bildirib ki, cinayəti aralarında olan mübahisə zəminində törədib. Belə ki, o, başqa bir iş yoldaşı ilə mübahisə edərkən Elşad Kərimov məsələyə aydınlıq gətirmək istəyib. Onlar bir neçə nəfərlə işlədikləri obyektin qarşısına toplaşıblar. Bu zaman Orxan Abdullayev üstündə gəzdirdiyi bıçaqla Elşad Kərimova qarın nahiyəsindən 1 zərbə endirib. Yaralı müqavimət göstərdikdə isə Orxan Abdullayev ona bədəninin müxtəlif yerindən əlavə 3 bıçaq zərbəsi vurub. Orxan Abdullayev həmçinin onları aralaşdırmaq istəyən iş yoldaşları Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla yüngül xəsarətlər yetirib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə orxan Abdullayev özünü qismən təqsirli bilib. O, məhkəmədə ifadə verməkdən imtina edib. Daha sonra zərərçəkmiş Anar Süleymanov ifadə verib. O, bildirib ki, hadisədən əvvəl Orxan Abdullayev Ömər ilə mübahisə edib. Onun sözlərinə görə, onların mübahisələrini sakitləşdirmək istəyiblər: “Bu zaman Elşad Kərimov Orxanı söydü. Orxan da bıçaqla Elşadın üstünə cuman zaman araya girdim. Bu səbəbdən araya girdim. Bıçaqla ayağımdan xəsarət aldım. Başım özümə qarışdığı üçün baş verənləri görməmişəm”.
Məhkəmə iclası iyunun 2-də davam etdiriləcək.
Hacı Zeynalov