Ali Məhkəmədə ağır cinayət törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İmanovun kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhərində baş verən dava bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə şəhərin Naxçıvan küçəsindəki kafelərdən birində qeydə alınıb. Yeməkxana sahibi 1988-ci il təvəllüdlü Elnur İmanov işlətdiyi obyekti bağlayaraq evə getmək istədiyini deyib və buna görə də müştərilərdən kafeni tərk etmələrini xahiş edib.
Müştərilərdən 1985-ci il təvəllüdlü Toğrul Yusifbəyli kafe sahibi ilə mübahisə edərək bayıra çıxmayacağını bildirib. Bu zaman onların arasında mübahisə dava ilə nəticələnib.
Qeyd edək ki, Elnur İmanov yeni ailə həyatı qurubmuş və onun bir aylıq körpəsi olub. Hadisə zamanı Elnur Toğrula deyib ki, bir aylıq körpəsi var, qanını onun üstünə tökməsin. Bu zaman Toğrul onun bir aylıq körpəsini də söyüb. Onun bu hərəkəti Elnuru daha da qızışdırıb.
Dava zamanı kafedə olan Taleh Ədili onları ayırmağa çalışıb. Elnur İmanov Toğrul Yusifbəyliyə bıçaqla ağır xəsarətlər yetirib. Həmçinin 1983-cü il təvəllüdlü Taleh Ədili də döş qəfəsindən bıçaq yarası alıb. Hər iki yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, 28 yaşlı Toğrul Yusifbəylini xilas etmək mümkün olmayıb. Taleh Ədili isə həkim müayinəsi nəticəsində sağ qalıb.
Elnur İmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur İmanov anlaqsız hesab edilib. onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilib. Elnur İmanova təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin həyata keçirilməsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Baş Prokurorluq Elnur İmanovun həbs edilməsi ilə bağlı apelyasiya şikayəti versə də, Şəki Apelyasiya Məhkəməsinin hakimləri birinci məhkəmə instansiyasının çıxardığı hökmü dəyişdirməyib.
Baş prokurorun müavinin imzası ilə Ali Məhkəməyə kasasiya şikayəti verilib. Prokurorluq kasasiya şikayətində Elnur İmanovun cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elnur İmanovun barəsində olan hökm ləğv edilib və işə yenidən baxılması üçün cinayət işinin materialları Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, qətlə yetirilən 28 yaşlı Toğrul Yusifbəyli idmançı olub.
Hacı Zeynalov