6 Avqust 2015 17:44
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səbail rayon Məhkəməsində narkotik vasitələrin alqı-satqısı ittihamı üzrə həbs olunan və məhkəmənin hökmü ilə bəraət alan Gürcüstan vətəndaşı Bayram Niyazovun kompensasiya tələbi ilə bağlı iddiasının hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, daha öncə də Bayram Niyazov İnzibati-İqtisad Məhkəməsinə kompensasiya ilə bağlı müraciət edib. Bundan əvvəl təzminat iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiklərini xatırladan vəkil qeyd edib ki, bir müddət əvvəl iddiaçı Bayram Niyazov cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib: “Həmin iddiada Bayram Niyazov cavabdeh qismində Daxili İşlər Nazirliyini, Nəqliyyatda Baş Polis idarəsini və Maliyyə Nazirliyini göstərib. İnzibati İqtisad Məhkəməsinin hakimi işə Səbail rayon Məhkəməsində baxılmasını nəzərə alaraq işin icraatına xitam verib.

Bundan sonra iddiaçı Bayram Niyazov cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. O, cavabdeh qismində Daxili İşlər Nazirliyini və Nəqliyyatda Baş Polis idarəsini, üçüncü şəxs qismində isə Maliyyə Nazirliyini göstərib. Bayram Niyazov cavabdehlərdən kompensasiya şəklində 12200 manat maddi, 50000 manat mənəvi, cəmi 62200 manat pulun ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. Onun iddia ərizəsi hakim Azər Tağıyevin icraatına verilib.
Bayram Niyazovun müdafiəçisi, tanınmış vəkil Ceyhun Yusifov Teleqraf.com-a bildirib ki, məhkəmə tərəfindən bəraət alan şəxsin təzminat tələbi ilə məhkəməyə müraciət etməsi nadir hallarda baş verib: “Məhkəmə təzminatı təmin etdiyi halda bu istintaq orqanları üçün dərs olacaq və bir də günahsız insanların həbs olunmasına ümumiyyətlə şərait yaratmayacaq. Bunun üçün də məhkəmə ədalətli qərar qəbul etməlidir. Belə olan halda günahsız insanların həbs olunması üçün optimal şərait də azda olsa aradan qalxar”.


Prosesdə Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Həbilov Əlirza çıxış edərək iddiaya Nəsimi rayon Məhkəməsində baxılmalı olmasını bildirib. Halbuki vəkil Əlirza Həbilov kompensasiya tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən də aidiyyatı mübahisələndirmiş və vəsatət verərək işə Səbail Rayon Məhkəməsində baxılmalı olmasını bildirmişdi. İndi isə işə Səbail rayon Məhkəməsində baxıldığı halda yenidən əsassız olaraq aidiyyatın üçüncü şəxs Maliyyə Nazirliyinin yerləşdiyi yer üzrə Nəsimi rayon Məhkəməsində baxılmalı olmasını bildirmişdir. Halbuki qanunun tələbinə əsasən aidiyyat yalnız cavabdehlərdən birinin yerləşdiyi yer üzrə ola bilər. Göründüyü kimi Daxili İşlər Nazirliyinin hüquq İdarəsi Məhkəmə qərarlarına hörmətsiz şəkildə yanaşaraq kompensasiya almaq hüququ olan şəxsə kompensasiya verilməsinə süni şəkildə maneəçilik törədir. Onlara verilmiş hüquqlardan sui-istifadə olunaraq məhkəmə proseslərinin uzadılmasına nail olur və nəticədə iki ilə yaxındır ki, qanunsuz olaraq həbs etdikləri şəxsin kompensasiya almasına maneəçilik törədirlər. Çox təəssüfedici məqamlardan da biri isə Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyev isə DİN-nin açıq-aşkar ortada olan süründürməçilik və məhkəmə proseslərinin uzadılmasına yönələn hərəkətlərinə göz yummuş və DİN-nin nümayəndəsini bu qanunsuz əməlinə görə MPM-tələblərinə uyğun olaraq cəzalandırmamışdır. Halbuki bu yolverilməz bir haldır. Çünki DİN-nin şəxsi qanunsuz olaraq törətmədiyi cinayətdə ittiham edərək onun qanunsuz olaraq həbs etməsi ( 2 ilə yaxın) az deyilmiş kimi indi də həmin şəxsə verilməli olan kompensasiyanın verilməsinə imkan vermir. Qanunların keşiyində duran DİN-nin bu əməli (Məhkəmə qərarı ilə kompensasiya almaq hüququ olan şəxsin bu hüququnu həyata keçirməsinə süni şəkildə maneəçilik törətməsi) onun ölkə üzrə imicinə böyük zərbə vurur. Məlumat üçün bildirək ki, Bayram Niyazov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edilib və cinayət işi baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçən prosesdə Bayram Niyazovun günahsızlığı sübuta yetirilib. Məhkəmə araşdırması zamanı Bayram Niyazovun uşaqlıqdan xəstə olduğu üzə çıxıb.

Vəkil Ceyhun Yusifov iş üzrə narkotik vasitələrin tapılması zamanı hal şahidi olmuş Kəramət Məmmədov və Tofiq Hüseynovun başqa çoxsaylı narkotik vasitələrlə bağlı cinayət işlərində hal şahidi qismində iştirak etmələrini məhkəməyə sübut edib. Vəkilin Gəncə şəhəri Nizami və Kəpəz rayon məhkəmələrinə, eləcə də Gəncə Ağır Cinayətlər Məhkəməsinə verdiyi sorğulardan məlum olub ki, Bayram Niyazov həbs olunan zaman hal şahidi qismində dəvət edilmiş Kəramət Məmmədov və Tofiq Hüseynovun mütəmadi olaraq müxtəlif cinayət işləri üzrə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri zamanı da hal şahidi qismində iştirak ediblər. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi arayışlardan o da müəyyən olunub ki, hər iki hal şahidi 2011-2013-cü illər ərzində baxılan 27, məhkəmə istintaqı zamanı 2 cinayət işində hal şahidi kimi iştirak ediblər. Kəramət Məmmədov və Tofiq Həsənov ümumilikdə 29 cinayət işi üzrə hal şahidi olublar.

Həmçinin Bayram Niyazovu Gəncə şəhərinə aparan Elşad Məsiyevin polisin təhrikçisi olması müəyyənləşib. Məhkəmə Elşad Məsiyevi polisin təhrikçisi olduğu, başqa 5 rayonda da belə cinayət işlərində iştirak etdiyi üzə çıxıb. Hakimlər Bayram Niyazovun həbsində iştirak edən Elşad Məsiyevin polisin təhrikçisi olması nəticəsinə gəliblər. Buna görə də onun və əməliyyatda iştirak edən əməliyyatçıların barəsində xüsusi qərardad çıxarıblar. Eyni zamanda ekspertiza rəyindən məlum olub ki, Bayram Niyazovda tapılan narkotik vasitənin tərkibi digər cinayət işləri üzrə olan narkotik vasitələrin tərkibi ilə eynidir.


Vəkil C.Yusifov əlavə olaraq bildirdi ki, bütün bu qanunsuzluqlardan cənab nazir Ramil Usubov xəbərdar deyildir. Çünki cənab nazir daim hüququn aliliynə önəm verməklə, DİN-nin yüksək imicini qoruyub saxlamışdır. Lakin Daxili İşlər Nazirliyinin Hüquq İdarəsi DİN-nin imicinə xələl yetirən bu kimi çirkin hərəkətlərə yol verirlər. Biz bu məsələnin ictimailəşməməsinə çalışaraq DİN-nin imicinə xələl gəlməməsini istəyirdik. Lakin DİN-nin Hüquq İdarəsi isə Niyazov Bayramın kompensasiya almaq hüququna bu şəkildə maneəçilik törədərək qüvvədə olan məhkəmə qərarlarına etinasız və hörmətsiz yanaşması bizi bu məsələni ictimailəşdirməyə məcbur etdi. Artıq vəziyyət dözülməz həddə çatmışdır. Bir daha Daxili İşlər naziri Ramil Usubova müraciət edirəm və müdafiə etdiyim şəxsin pozulmuş hüquqlarının bərpa olunmasını, bu işdə günahkarların cəzalandırılmasını və kompensasiya almaq hüququna süni maneəçiliklərin aradan qaldırılmasını xahiş edirəm”.

Sonda onuda qeyd edim ki Bayram Niyazova qarşı narkotik vasitənin satışı ittihamı, məhkəmədə polis təhriki ilə baş verməsi subuta yetirildiyindən həmin əməkdaşların məsuliyyətə cəlb edilməsi bizə məlum olmayan səbəbdən bu günədək yubadılır. Nəticədə də DİN-in hüquq idarəsi, bu cəzasızıldan istifadə edərək məhkəməyə və hüquqa hörmətsizliyi bu formada davam etdirirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər