Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu qətlə yetirməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1985-ci il təvəllüdlü Şahlar Mürşüdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Şahlar Mürşüdov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin avqust ayının 10-da Şamaxı şəhərində baş verib. Rayon sakini Şahlar Mürşüdov evində münaqişə zəminində Ağsu rayon sakini, qohumu İlkin Novruzova bıçaqla xəsarət yetirərək, “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən İ.Novruzov orada ölüb.
Ş.Mürşüdov Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.
O, Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov