11 Mart 2016 18:58
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda axşam yol polisi ilə mübahisə edən taksi sürücüsünə həbs cəzası verildi

Şəki Apelyasiya Məhkəməsində 1993-cü il təvəllüdlü Bərdə şəhər sakini Nahid Əmirovun cinayət işi üzrə proses başa çatıb.

Qeyd edək ki, bundan əvvəl Nahid Əmirov oğurluq etdiyi üçün Yevlax Rayon Məhkəməsində ittiham olunub. Məhkəmənin 20 avqust 2013-cü il tarixli hökmü ilə o, 500 manat cərimə olunub.

İttihama görə, Nahid Əmirov 23 may 2014-cü ildə saat 21 radələrində idarə etmə hüququ olmadan "VAZ-2107" markalı avtomobillə Yevlax şəhərində hərəkət edib. Avtomobilin təkər bazasını və təkər düsturunu pozmaqla İnzibati Xətalar Məcəlləsinin 155.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün Yevlax rayon polis şöbəsinin dövlət yol polisi xidməti bölüyünün inspektoru, polis serjantı Sevindik Şükürov ona "saxla" işarəsi verib.

Nahid Əmirov avtomobili saxlasa da, yol-patrul xidmətinin sənədləri təqdim etməsi barədə tələblərinə məhəl qoymayıb, Sevindik Şükürova: "Sən kimsən ki, məni saxladırsan, nə zibilsən ki, sənə sənəd təqdim edim, rədd ol" deyib.

Daha sonra Nahid Əmirov polis əməkdaşlarını nalayiq və kobud ifadələrlə söyüb. Hadisə yerinə gələn Yevlax rayon polis şöbəsinin DYPXB-nin rəisi Cavanşir Vəliyevin də nizam-intizama çağırışlarına məhəl qoymayıb.

Nahid Əmirov avtomobilindən 0,5 litrlik "Xırdalan" pivəsinin boş butulkasını götürüb və yerə çırpıb. Butulkanın sınmış hissəsini götürərək polis əməkdaşlarını hədələyib.

İstintaq orqanı Nahid Əmirovu Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham edib.

Cinayət işi Yevlax Rayon Məhkəməsinə göndərilib. Uzun məhkəmə araşdırması aparan hakim sonda hökm oxuyub. Nahid Əmirov Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittiham sübuta yetirilməyib və həmin maddə ittihamdan xaric edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, təqsirləndirilən şəxs barəsində cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Nahid Əmirov da cəzasının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti verib.

Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bundan əvvəl Nahid Əmirovun işi üzrə apelyasiya instansiyasında araşdırma aparılıb. 8 aprel 2015-ci il tarixdə prokurorluğun protesti qismən təmin edilib. Hakim kollegiyası onu Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilib və 1 il 5 ay 8 gün müddətinə azadlıqdan məhrum edib.
Prokurorluq məhkəmənin qərarından narazı qalaraq kasasiya protesti verib. Ali Məhkəmədə işə baxan hakimlər kasasiya protestini təmin ediblər və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.

Bu dəfə apelyasiya şikayəti hakim Vidadi Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Narazılıq etdim"

Məhkəmədə ifadə verən Nahid Əmirov ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, bildirib ki, baş etibarnamə əsasında özünə məxsus, sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ-2107" markalı 10-KJ-038 dövlət qeydiyyat nişanlı, taksi kimi işlətdiyi avtomobillə mayın 23-də, saat 21 radələrində Yevlax şəhəri Nizami prospekti ilə Gəncə şəhəri istiqamətində hərəkət edib: "Sinif yoldaşım Çingiz əl edəndə avtomobili saxladım. Həmin vaxt dayım oğlu Tural İbrahimov yanımdaydı. Maşını saxlayanda yol polisi maşını gəldi. Bu zaman Azər Həsənov və Sevindik Şükürov adlı polis əməkdaşları mənə yaxınlaşdı. Maşını saxlayanda "BMW" markalı başqa bir yol polisi maşını da qabağımda dayandı. Mən Çingizlə söhbət edəndə "BMW" markalı polis maşınından düşən Yevlax rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Cavanşir Vəliyev mənə yaxınlaşdı və maşının açarlarını istədi. O, avtomaşınının arxa qanadının niyə rənglənmədiyini soruşdu. Pulum olmadığına görə avtomaşını rənglədə bilmədiyimi dedim. Sonra "Cavanşir müəllim, onsuz da sən məni bezdirmisən, canımı boğazıma yığmısan" deyə narazılıq etdim".

"Qolumu bir neçə yerdən kəsdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, maşınının sağ tərəfdən ayaqaltıda olan boş "Xırdalan" pivəsinin butulkasını götürüb və yerə vuraraq sındırıb: "Butulkanın sınıq hissəsini sağ əlində tutaraq, sol qolumu bir neçə yerdən kəsdim. Məqsədim Cavanşir və onun yanında olan polis əməkdaşlarını qorxutmaq, özümdən uzaqlaşdırmaq idi.

Eyni zamanda, avtomobilin sənədləri olmadığına görə bu yolla onlardan yayınmaq istəyirdim. Cavanşir Vəliyev və adlarını çəkdiyim digər polis əməkdaşları əlimdəki butulkanı aldılar, özümü isə Yevlax rayon polis şöbəsinə apardılar. Hadisə vaxtı pivə butulkasını sındırsam da, heç bir polis əməkdaşına hücum etməmişəm, onları vurmaq fikrində olmamışam.

Hadisə vaxtı ətrafdan tanımadığım şəxslər keçərək hadisənin şahidi olublar. Lakin həmin vətəndaşlara qarşı da heç bir zorakı hərəkət və ya hörmətsizlik etməmişəm. Hesab edirəm ki, heç kəsə qarşı qərəzli xuliqanlıq hərəkətlərinə yol verməmişəm, özüm öz qoluma xəsarət yetirmişəm. Məndə əsəb pozuntusu olub, yol polisi əməkdaşlarının tələbi məni əsəbləşdirdiyinə görə özümü bir qədər aqressiv aparmışam".

"Sənədləri verməkdən imtina etdi"

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən yol-patrul xidməti inspektoru Sevindik Şükürov bildirib ki, mayın 23-də saat 21 radələrində Azər Həsənovla birlikdə xidmətdə olub. Bu zaman hərəkət edən "VAZ-2107" markalı avtomobilin zavod konstruksiyasında dəyişiklik olduğuna görə "saxla" işarəsi verdim. Sürücü Nahid Əmirova yaxınlaşaraq özümü təqdim edəndən sonra qayda pozuntusunu izah edib, sənədlərini istədim.

Nahid Əmirov məni nalayiq söyüşlər söydü, sənədlərini təqdim etməkdən boyun qaçırdı. Onu intizama dəvət edərək bir daha sənədlərini təqdim etməsini xahiş etdim. Amma Nahid Əmirov avtomobili sürüb gedəcəyini, heç bir sənəd təqdim etməyəcəyini söylədi. O, mənə qarşı deyilməsi mümkün olmayan nalayiq ifadələr işlətdi".

"Məni hədələməyə başladı"

Zərərçəkmişin sözlərinə görə, polis baş leytenantı Azər Həsənov Nahid Əmirovun hərəkətlərini gördüyündən yaxına gəlib və irad bildirib: "Azər Həsənov da Nahid Əmirovu nizam-intizama dəvət etdi. Həmin vaxt oradan keçən dövlət yol polisi bölməsinin rəisi Cavanşir Vəliyev də yaxınlaşdı və Nahid Əmirovu sakitləşdirməyə çalışdı. Nahid Əmirov daha da qızışaraq bu dəfə hamımızı söydü.

Cavanşir Vəliyev irad bildirərək sakit olmasını tələb etdi. Bu zaman Nahid Əmirov avtomobilindən "Xırdalan" pivəsinin boş butulkasını götürərək sındırdı. Polis mayoru Cavanşir Vəliyevi, baş leytenant Azər Həsənovu və məni hədələməyə başladı. Dedi ki, buradan getməsəniz, hamınızı doğrayacam . Əlindəki butulka sınığı ilə üzərimizə gəldi, daha sonra sol qolunu kəsdi. Azər Həsənovla Nahidi zərərsizləşdirdik. Sonra isə birlikdə rayon polis şöbəsinə apardıq".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan digər polis əməkdaşları da Sevindik Şükürovun ifadəsinə uyğun danışıblar.

Nahid Əmirovun vəkili Sevda Bəkirova bildirib ki, zərərçəkmiş şəxslərin məhkum Nahid Əmirovdan heç bir şikayəti yoxdur: "Nahid Əmirov əməlindən səmimi peşmandır. O, məcburi köçkündür, aztəminatlı ailədəndir, himayəsində xəstə anası var. Nahid Əmirov ailənin yeganə qazanc gətirən üzvüdür və səhhətində ciddi problemlər var".

Dövlət ittihamçısı Vidadi Cabbarov Yevlax Rayon Məhkəməsinin hökmünün ləğvini, Nahid Əmirovun Cinayət Məcəlləsinin 221.3 və 315.2-ci maddələri ilə cəzalandırılmasını istəyib.

Hakim heyəti sonda qərarı elan edib. Nahid Əmirovun apelyasiya şikayəti təmin edilməyib, prokurorluğun protesti qismən təmin olunub. Məhkəmənin yeni hökmü ilə Nahid Əmirovun barəsində 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsinin 1 oktyabr 2015-ci il tarixli qərarı ilə Nahid Əmirov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Apelyasiya instansiyası hökm elan edərkən həmin qərarı nəzərə alıb. Buna görə də Nahid Əmirov 6 ay 12 gün əlavə cəza çəkməli olacaq.

O, məhkəmə zalında həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər