11 Mart 2016 18:38
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətdən quldurluq yolu ilə oğurluq etməkdə təqsirli bilinən Azad Həziyev, Nicat Xəlilov və Aqşin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60000 ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub, digər şəxs isə müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl yayılan məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində seyfi oğurlayan şəxslərdən biri artıq tutulub. Həmin şəxs Azad Həziyevdir.

Azad Həziyev Bakıya rayonlardan birindən işləməyə gəlib. Əvvəllər də məhz “Qaraçay” şirkətində çalışıb. Avqustun 2-də şirkətin qapısını açaraq içəri girib. Dəstə üzvləri şirkətdən seyfi oğurlayaraq gizlin yerə aparıb, sonra isə sındırıblar. İçərisində olan pulları isə öz aralarında bölüblər. İstintaqa ifadə verən Azad Həziyev seyfin yerini polislərə desə də, 60.000 dollar pulun yerini deməyib. Onu da əlavə edək ki, “Qaraçay” şirkətinin yüksək vəzifədə çalışan generala məxsus olduğu iddia olunur. “Qaraçay Holdinq”in fəaliyyət dairəsinə kənd təsərrüfatı, inşaat və kənd təsərrüfatı texnikasının satışı, atçılıq idmanı və digər sahələr daxildir.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Azad Həziyev 14 il 6 ay, Nicat Xəlilov 14 il və Aqşin Mustafayev 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər