7 Mart 2017 16:53
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azər Həsrət

Elə adamlar olur ki, onlar haqqında yazmağım gəlmir. Çünki buna layiq olduqlarını düşünmürəm. Səs-küyləri olur, özlərini hansısa yollarla ictimai rəyə sırımağa çalışırlar, amma baxırsan ki, içi boş qazan kimi bir şeydirlər. Ona görə də qələmimi elə adamlara bulaşdırmaq istəmirəm. Amma bəzən aldadılmış ictimai rəyin belələrinə aldanmağa meyllərini gördükdə düşünürəm ki, o cür adamların deyil, aldadılmaq üzrə olan ictimai rəyin xatirinə mən də bir münasibət bildirim.

Bu dəfə də belə bir halı müşahidə edirik. Həmkarım, uzun illərdir tanıdığım, sayğı duyduğum, qələminə, şəxsiyyətinə, Vətənə, dövlətə sədaqətinə heç bir zaman şübhə etmədiyim Jalə Mütəllimova bugünlərdə sırf adi cinayət əməlinə – böhtana görə məhkəmə hökmüylə dustaq edilmiş Mehman Hüseynov adlı birisi haqqında yazı yazmışdı. Yazı yetərincə balanslı, eyni zamanda pozitiv ruhlu idi. Yəni Jalə sözünü bununla bitirirdi ki, bu Mehman adlı gənci həbsdən buraxmaq lazımdır.

Maraqlıdır ki, yazı yayımlandıqdan sonra sanki bir komandayla bir dəstə adam Jaləyə qarşı hücuma keçdi. Hücum deyəndə də, virtual “cəngavərlər” yazının mahiyyətini tam anlamadıqlarındanmı, ya nədənsə heç bir əxlaq həddi tanımadan onu söyməyə başladılar. Ki, guya bununla Mehman adlı gənci müdafiə etdiklərini göstərmək istədilər.

Jalə də təmkinlə onlara çağırış etdi ki, yazdıqlarımı anlamağa çalışın, əks arqumentlərinizi ədəb çərçivəsində ifadə edin, müzakirə açaq. Amma kimə deyirsən? Heç bir faydası olmadı. Adamlar nəinki əks arqument səsləndirə bildilər, əksinə, daha da cuşa gələrək söyüşlərlə ortalığı öz iyrənc auralarının ağuşuna almağa davam etdilər.

Məhz bu durum məni də məcbur etdi ki, mövzuya münasibət bildirim. Sırf Mehmana görə deyil, sadəcə onun həbsdən çıxmasını arzu edən həmkarım Jaləyə görə.

Kimmiş bu Mehman? Normal və ciddi adamların diqqətini çəkməyəcək bir uşaq. Bəli, uşaq. Orta məktəb partasından qalxar-qalxmaz özünü küçələrə salıb Azərbaycanda guya mənfi təzahürləri faş etdiyini iddia edən birisi. Hələ normal təhsil almadan bu “meydana” atıldığı halda tay-tuşları ali təhsil ardınca qaçır, özlərini yetişdirib bəlli bir səviyyəyə çatdırmaq istərkən bu adam öz uşaq ağlıyla iddia edir ki, Azərbaycanın bütün problemlərini yalnız o görür, o dilə gətirir. Və buna görə də “basqılara” məruz qalır. İddi edir ki, “rejim” onu daim nəzarətdə saxlayır, hər addımını güdür. Adam elə bir rəy yaratmağa çalışır ki, sanki “rejim”in işi-gücü qurtarıb da, bu yarımsavadlı, yarımşalvarlı gənclə məşğul olurmuş. Nə böyük adammış da ki, bu “rejim” ondan “qorxurmuş”?

Təbii ki, bütün bunlar nağıldır, xəyal məhsuludur. Hər kəs bilir ki, Azərbaycanda istənilən şəxs ədəb və əxlaq həddini aşmadan, başqalarını təhqir etmədən, kiməsə böhtan atmadan özünü ifadə edə bilər. Yəni bu ölkədə kimsə kimsənin işinə qarışmaz. Ta ki, ədəb və əxlaq həddini aşar, böhtan, təhqir, şantaj yolu tutarsan, hə, onda möhtərəm qanunlar sənin qarşına çıxar.

Bu Mehmanın da məsələsi belədir. Yəni sıradan bir olaydır. Böhtan atıb, məhkəməyə verilib, günahsız olduğunu sübut edə bilməyib və cəza alıb. Anlaşıldığı kimi, məsələ bu qədər sadədir. Buna baxmayaraq Jalə kimi ağır qələmli həmkarlarım ona qarşı humanizm çağırışları edib, edir. Elə mən də belə yanlış yolda olanlara münasibətdə sərt cəzalara qarşıyam. Amma nə edəsən ki, qanun şahdır, əgər ona arxa çevirsən, ölkənin də, dövlətin də, millətin də güvəni ciddi zədə görər.

Maraqlı və diqqətçəkən məqam odur ki, bu yarımsavadlı gənci müdafiə edənlər sadəcə özü ağılda və səviyyədə olanlar deyil. Bu cür adamları başa düşürük. Özlərindən birinin haqlı cəza alması onları da narahat edir. Çünki anlayırlar ki, qanunlar belə işləyirsə, sıra onlara da çata bilər. Ona görə haray-həşir salırlar. Bəs az sayda da olsa ciddi-ciddi əmilər, dayılara nə gəlib? Bunların da qanunlara heçmi sayğısı yoxdur? Onlar niyə məsələni tam araşdırmadan reaksiya verir, Azərbaycan dövlətini az qala hansısa orta əsr inkvizisiya dövlətlərilə bir sırada görür? Axı yarımsavadlı Mehmandan fərqli olaraq bu cür adamlar həm ali savada, həm də yüksək təcrübəyə sahibdir. Bəlkə bunun arxasında yenə də ikili standart, Azərbaycana hücum üçün daha bir şans axtarışı var? Var əlbəttə. Bu haqda az sonra.

Avropa Şurasının insan haqları komissarı, çoxdan tanıdığımız və daim də tərəfsizlikdən uzaq şərhləri ilə diqqətimizi çəkən Nils Muijnieksin məsələyə münasibətində iki məqamı qeyd edirik.

Deyir ki, “diffamasiya işinə görə, Mehman Hüseynovun 2 illik həbsə atılması qorxuncdur”. Qorxuncdur? Ola bilər. Ümumiyyətlə kiminsə həbsə atılması qorxuncdur, arzuolunan deyil. Amma ki, bir adam dəfələrlə xəbərdarlıq edilməsinə, şəxsinə qarşı xoş məram nümayiş etdirilməsinə baxmayaraq düzəlmirsə, elə Nils müəllimin Avropasında da axı onu həbsə ataraq – cəmiyyətdən təcrid edərək tərbiyələndirməyə çalışırlar. Necə olur ki, ordakı bənzər tərbiyələndirmə üsulları qorxunc olmur da, Azərbaycandakı olur? Hələ bu adam o adamdır ki, insan haqları komissarı olaraq qanunun aliliyinin təmin edilməsi üçün çalışır. Azərbaycan nə edib? Qanunun aliliyini təmin edib.

İkinci məqam isə şəxsən məni xeyli təəccübləndirəcək dürdəndir deyəcəkdim, amma demirəm. Çünki bu komissarın ikili standartların ardınca süründüyünü bildiyim üçün təəccüblənmirəm.

Deyir ki, “tənqidçi səslərin sıxışdırılmasına son verilməlidir”. Belə anlaşılır ki, Mehman tənqidçi səslərdir və sıxışdırılır. Sıxışdıran da Azərbaycan dövlətidir. Doğrudanmı bu ölkədə tənqidçi səslər sıxışdırılır? Elə səslərdən biri, Mehmandan fərqli olaraq savad, təcrübə sahibi kimi yeri gələndə hədsiz radikal yazılar və çıxışlar müəllifi olaraq mən özümə qarşı heç bir zaman basqı görmədim. İndinin özündə belə korrupsiyadan tutmuş insan haqları pozuntularına, məmur özbaşınalığından tutmuş yerində olmayan kadrların tənqidinə qədər hər mövzuda fikirlərimi yazıram, yayıram, müzakirəsini təşkil edirəm. Və “rejim” buna görə bu günə qədər mənə güldən ağır söz deməyib, deyəcəyini də düşünmürəm. Hətta ölkə Prezidenti İlham Əliyev şəxsən bizi qəbul edəndə məhz tənqidi yazılarımızın onun üçün faydalı olduğunu, buna görə yazmağa davam etməyimizi istədiyini deyib. Yəni Prezident bunu deyirsə, bunun üçün şərait yaradırsa, hansı “tənqidçi səslərin sıxışdırılması”ndan söhbət gedə bilər? Bu ölkənin onlarla, yüzlərlə tənqidçi səsləri var ki, hər gün sosial şəbəkələrdə, onlayn mediada ədəb və əxlaq həddini aşmadan istənilən mövzuda fikirlərini yazırlar, yayırlar, müzakirə açırlar. Niyə onlar da “sıxışdırılmır”?

Nils Muijnieks və bənzər şəxslərin dərdi doğrudanmı “sıxışdırılan” Mehman Hüseynovdur? Təcrübədən bilirik ki, deyil. Onların dərdi sadəcə fürsətkən Azərbaycana daha bir zərbə vurmağa çalışmaqdır. Amma uzaqdan baxanda bunun heç də yaxşı görünmədiyinin fərqinə varsalar, yəqin ki, əməllərindən əl çəkərlər.

Niyə? Ona görə ki, burunlarının ucunda, ən demokratik olduğunu iddia etdikləri Avropa ölkələrində belə Mehman kimi əməlləri olanlar bir yana, ondan qat-qat aşağı qələt işləmişlər belə həbsə də atılır, cəza da alır. Di gəl ki, Nils müəllim kimi adamlar həmin halları görmür. Azərbaycan ictimai rəyində də yanlış olaraq belə rəy yaranır ki, yəqin yalnız bizim ölkədə “rejim” belə “sərtlik” edir.

Bəs, ayrı-ayrı Avropa, Amerika ölkələrində sadəcə atdığı bir tvitə, Facebook-da yazdığı bir statusa, çəkdiyi bir şəklə görə həbsə atılan, cərimə edilən, ictimai işlərə cəlb edilənlərlə bağlı niyə susqunluq
müşahidə edirik? Niyə Nils Muijnieks və bənzəri aktorlar o halların da “qorxunc” olmasını dilə gətirmir?

Diqqətli oxucum yəqin ki, məndən örnəklər də gözləyir. Ona görə də həm çox hörmətli oxucularım, həm də elə Nils Muijnieks kimi fürsət gəzənlər üçün çoxsaylı örnəklərdən bəzilərini təqdim edirəm.

2015-ci ilin iyununda ABŞ-ın Missisipi ştatında Kleyton Kelli adlı blogger 5 illik həbsə məhkum edilmişdi. Nəyə görə olduğunu desəm, yəqin ki, hər kəsin ağlında “bu qədər də olmaz” fikri cərəyan edəcək. 29 yaşlı blogger sadəcə gizli şəkildə senator Ted Koçranın baxım evindəki həyat yoldaşının şəklini çəkdiyi üçün bu qədər sərt cəza alıb…

Hollandiya məhkəməsi isə hələ 2006-cı ilin iyununda Ertan adlı müsəlman bloggeri 100 saatlıq ictimai işlərlə cəzalandırmışdı. Səbəbsə bu gəncin ölkənin xarici işlər nazirini hədələməsi, həmçinin üzdəniraqları tənqid etməsi olmuşdu.

2016-cı ilin martında Sinqapur məhkəməsi blogger, 23 yaşlı hamilə xanım, yapon əsilli Avstraliya vətəndaşı Ay Takagini 10 aylıq həbsə məhkum etmişdi. Sadəcə irqi ayrıseçkilik çağırışları etdiyi üçün.

2014-cü ilin yanvarında Yunanıstan məhkəməsi 27 yaşlı Filippos Loyzos adlı bloggeri “yunan müqəddəslərini təhqir etdiyinə görə”, 10 aylıq həbsə məhkum etmişdi. “Müqəddəslər” deyəndə olub-olmadığı belə şübhə doğuran mifik din subyektlərindən biri Geron Pastitsios nəzərdə tutulur…

2016-cı ilin aprelində Fransalı blogger Boris Le Lay ölkəsinin və bütövlükdə Avropanın islamlaşa biləcəyilə bağlı fikirlərini dilə gətirdiyi üçün 2 illik həbsə məhkum edilmişdi.

2012-ci ildə Böyük Britaniyalı tələbə Layəm Steysi atdığı bir tvitə görə 56 günlük həbsə məhkum edilmişdi. O, ürək tutması keçirmiş qaradərili futbolçu Fabris Muamba ilə bağlı irqi paylaşımına görə cəza almışdı.

Göründüyü kimi, Avropanı da içinə almaqla Amerikadan tutmuş Avstraliyaya qədər böyük bir coğrafiyada ən adi bir tvitə görə belə bloggerlər cəzalandırılır, buna görə heç kim heç kimi ittiham etmir. Yəni dünya bunu normal qarşılayır. Çünki qanun çərçivəsində atılan hansısa addıma görə heç bir ölkəni “tənqidçi səsləri boğmaq”da ittiham etmək olmaz. Amma Azərbaycana gəlincə, nəyə görəsə “tənqidçi səslərin boğulması” yada düşür. Və yaddaşı hərəkətə gələnləri guya Azərbaycanda fərqli düşünənlərin daim basqı altında olduğu narahat edir.

Təbii ki, burada şəxsən mənim üçün qaranlıq heç nə yoxdur. Sadəcə sual etmək istəyirəm: necə olur ki, hansısa nazir haqqında adicə fikirlərini dilə gətirən blogger cəza alır, kimsə onu müdafiə etmir? Yaxud, necə olur ki, hansısa – lap elə yanlış – fikirlərinə görə gənc bir hamilə xanım həbsə atılır, yer-yerindən oynamır? Bəs mövcudluğu belə sual altında olan mifik subyekti satira obyektinə çevirən bloggerin həbsi necə, bu da haqlı və ağlabatan sayıla bilər?

Bilərmiş. Amma iş Azərbaycana gəlincə, nə olsa belə həbs edilən aydan arı, sudan duru müqəddəs imam övladıymış da “dinsiz, imansız” Azərbaycan dövləti onun haqqını tapdalayırmış.

Düşünmək lazımdır. Müqayisə etmək və düşünmək. Əgər dünyanın hansısa küncündəki hansısa aktor göz görə-görə başqa ölkələrdəki bənzər hadisələrə susur, bizdəkini isə qlobal problem kimi qələmə verirsə, deməli, nəsə yerində deyil.

Aldanmayaq yəni. Özümüzü də, başqalarını da aldatmayaq. Yarımsavadlı bir gəncin, qarşısına çıxan hər kəsi təhqir etməyi həyat tərzinə çevirməsinə, bir gün buna görə cəza alacağını düşünmədiyinə görə, Azərbaycan dövləti cavabdeh ola bilməz və olmamalıdır. Üstümüzə bir deyil, yüz Nils Muijnieks də gəlsə belə.


Müəllif: Azər Həsrət