1 May 2017 15:07
1 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fobiyalar və travmalar. Yox, mühazirə oxumaq fikrində deyiləm. Sadəcə, "ilk cümləni necə yazım?”-ın əzabından qurtarmaqçün tələsik qeyd elədim. Maraqlı mövzulardır amma.

Məsələn, son illərdə mənim canımı azərbaycanlılardan qorxmaq kimi bir azzzar alıb. Azar yox, 3Z, azzzar. Bu qorxu idarəolunmazdır. Fobiya - şiddətli qorxudur həm də. Bu fobiya dəhşətlidir. Bu gözəlim məmləkət azsaylı yerlərdəndir. Ki, burda adamlar biri-birinə heç bir səbəbi, heç bir əsası olmadan fantastik pisliklər edə bilirlər.

Tutalım, metroya enmək üçün eskalatordan istifadə edirsən. Eskalatorla endiyin yerdə qəfildən kimsə səni itələyə bilər. Yıxılarsan, qolun-qıçın sınar, ən pis halda saçın ilişər, dartıb başının dərisini qopardar eskalator, al-qanına boyayar səni, şil-küt olarsan. Birtəhər xilas edərlər səni, apararlar xəstəxanaya. Səni itələyən adamı da tutub gətirərlər sən olduğun palataya. Soruşarsan: “niyə belə etdin?” Belə cavab verər: “heç nə, elə-belə”. Donub qalarsan. Birtəhər özünə gəlib təkrar soruşarsan: “necə yəni elə-belə? Məni niyə itələdin axı?” Təkrar cavab verər: “dedim axı, heç nə, elə-belə”.

İlahi, bu nə cındır situasiyadır? Dəli olarsan. Qışqıra-qışqıra soruşarsan: Ay adam, mən sənə neyləmişdim? Niyə məni itələdin? O isə cavab verməkdən yorular, gözü-gözünə zillənmiş halda çiyinlərini çəkər. Bağıra-bağıra deyərsən, ay insan, vallah başa düşərəm səni, təki bircə səbəb de mənə, bir əsas de ovundurum özümü. O isə susar. Ən alicənab halda "heç nə, elə-belə” - deyər. Vəssəlam.

Bəlkə də inanmırsınız. Amma bu həqiqətən belədir. Şahidi olmuşam. Dözülməzdir. Sən qolunun sınmasını, dabanının çatlamasını, diz qapağının qopub düşməsini, başının dərisinin soyulmasını unudarsan. Səni səbəbsizlik dəli eləyər. Səbəbsizlik məhv edər səni. Alt-üst olarsan. Səni aldığın xəsarətlər incitməz, amma onun “heç nə, elə-belə” deməyi insult edər, səbəbsizlikdən ölərsən.

Bunları niyə dedim? Fobiyamı az da olsa izah etmək üçün. Yaxın dostlar bilir bu qorxularımı, sizin də bilməyinizi istədim. Ümumiyyətlə, istəyirəm bunu hamı bilsin. Bir avtobioqrafik hekayəm var, bu qorxularımdan yazmışam. Əlimə pul düşdükcə müxtəlif dillərə tərcümə elətdirəcəyəm o hekayəni, ən nüfuzlu dərgilərdə, portallarda yayımladacağam. Qoy bütün dünya bilsin ki, mən azərbaycanlılardan, müsəlmanlardan necə qorxuram, niyə qorxuram.

Travmalarım isə başqadır. Bir az... nə bilim, ifadə edə bilmirəm. Nevroz tərəfi olmamış deyil hər-halda. Necə deyim? Baxın, mən anamı xərçəngdən itirmişəm. Ən ağırı – ağ ciyər xərçəngi. Ol səbəb bu xəstəlikdən əziyyət çəkən adamları danışdıranda, onların ağrılarını eşidəndə rahatlıq tapıram. Ona görə ki, o ağrılarla öz aramda tanışlıq yaradıram. O ağrılarla ünsiyyətə girirəm. Bu yolla anamın vaxtilə keçirdiyi ağrıların sərhədlərini müəyyənləşdirirəm, tanıyıram o ağrıları.

Bir də var yaxınları (ata, ana, bacı, qardaş, həyat yoldaşı və.s) bu xəstəlikdən əziyyət çəkən adamlarla ünsiyyət. Bundan da bir başqa rahatlıq tapıram, başqa zövq alıram. Mən adına "rahatlıq” deyirəm, “zövq” deyirəm, siz nə deyirsiniz deyin. Əgər kimsə bu rahatlığı komfortla, bu zövq həzz almaqla, xoşhal olmaqla eyniləşdirirsə, heç nə. Deyəcək bir sözüm yox.
Nəyi deyirdim? Dünən bir tanışımla yazışırdıq. Xaricdə yaşayırdı, qayıdıb. Niyə qayıtdın? Nə var burda? – deyə sual etdim. Hətta qınadım, rişxəndimdən də qalmadım. Dedi, anam üçün darıxırdım, dözə bilmədim. Susdum. Davam etdi: “anam xərçəngdir, onu bu vəziyyətdə qoyub hansısa xoşbəxtlər ölkəsində necə firavan yaşaya bilərdim?” Bir də susdum. Davam etdi: “onun ətriylə ovunmaq, onun səsinə yuxudan durmaq kimi bir səadət varsa, nə işim var başqa ölkədə?”

Dedim, Allah şəfa versin, qızım. Mən o xəstəliyin adını belə eşidəndə bədənim titrəyir. O da cavab verdi ki, həə, amma biz o xəstəliklə vuruşaraq yaşayırıq, can savaşdırırıq. Bildim ki, məni oxumayıb. Nə yaxşı. Xəbəri yoxdur. Qoy bir az danışsın. Görüm necə ağrıyır? Görüm tanış gəlirmi ağrıları? Rahatlıq tapım bir az. Qarşı tərəfi qıcıqlandırmaq, bir az daha artıq danışdırmaq niyyətilə belə dedim: “xərçəng o qədər də ağır xəstəlik deyil mən biləni. Xərçəng harasındadır ki ananın?”

Düzü, sualımdan bir az utandım. Amma özümü o yerə qoymadım. Monitorun bu tərəfində bir siqaret yandırdım, ayağımı-ayağımın üstünə aşırıb arın-arxayın çat pəncərəsini güdməyə davam etdim. Xanım uzun-uzadı danışdı, hamısı tanış hisslər, tanış duyğular. Yeni başqa, fərqli heç nə yox. Qəfildən nə oldusa, monitorun o biri tərəfində mənə acığı tutmuş tanışımın deyəsən şair damarı tapdandı.

"Bilirsinizmi necədir? Xərçəng anamın sinəsindədir. Döşünün biri əməliyyat olunub, kəsilib götürülüb. Bir ildən artıqdır mən anamı canım istəyən kimi qucaqlaya bilmirəm. Qollarım qalxmır. O da məni qucaqlamır ki, birdən qorxub eləyərəm”...

İlahi, bu nə idi? - "O da məni qucaqlamır ki, birdən qorxub eləyərəm...”

Etiraf edirəm: bu yaşantılara əlavə izah verməyə nə cəsarətim çatır, nə istedadım, nə də intellektim, təfəkkürüm...

Sonra əlavə elədi: "Gəlin başqa şeylərdən danışaq, yoxsa ağlayacam”. Mən isə artıq ağlamaq tutmuşdu...

Necə təsəlli verməli? Məsələn, o xanıma, o anaya necə təsəlli vermək olar? Hansı təsəlliylə aldatmaq olar onu? "Hər şey yaxşı olacaq” cümləsi necə də "tüşüy” səslənir bu məqamda.

Bir xatirəni də mən yazım xanım dostum üçün. Yəqin oxuyar bu məqaləni.

Tələbəlik illəri boyunca hər dəfə şəhərdən rayona gedəndə anam - "a bala, zəhirmara qalsın o kitab-dəftəri, yenə də sınıxmısan" - deyə gileylənərdi. Anamın gözləri foto-tərəziydi. Amma hər dəfə məni "sınıxmış" çəkərdi. Hirslənərdim. Deyirdim: ay arvad, sənin hesabınla mən sınıxıb-sınıxıb yoxa çıxmalıydım bu illər ərzində, bəsdi axı! O da həlim səslə dünyanın ən sadə və ən mükəmməl cavabını verərdi: "a başına dönüm, sınıxmısan ki deyirəm sınıxmısan dəə. Kökəl deyim kökəlmisən". Gülüşərdik.

İl oldu 2011. Anam xərçəngə yoluxdu. Daha doğrusu, xərçəng anama yoluxdu. Nə bilim, bir-birinə yoluxdular necəsə. Mən hələ də tələbəydim, ikinci təhsilimi alırdım. Artıq mənim rayona getməklərimin ikinci adı qoyuldu - anamı növbəti müayinə-müalicə üçün Təbrizə aparmaq. Artıq bu dəfə rayonagedişlərimdə mən anamı qabaqlayası olurdum: "ay ana, şükür, dərmanlar nə yaxşı təsir eləyib, kökəlmisən…”

Və beləcə tələbəlik illərim mənim "sınıxmaqlarım"la anamın "kökəlməkləri" arasında sovuşub getdi. Düzü, hamısı sevgi aldadışlarıydı: nə mən sınıxırdım, nə də anam kökəlirdi. Amma yox, deyəsən mən həqiqətən sınıxırdım. Amma yox, deyəsən anam həqiqətən kökəlirdi. Şair demiş, sonra nə oldusa, yadıma gəlmir...

Deyəsən çox duyğusala bağladım. Gəlin başqa şeylərdən danışaq...


Müəllif: Şəhriyar Del Gerani