28 May 2018 17:37
2 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ömürdən uzun gecə

Aktyorlarla söhbətdən əvvəl...

... Və sonra..

İlk dəfə bu əsərin quruluşu mənə təklif ediləndə çox tərəddüd etdim. İmtina etmək də istəmirdim. Bilirsiz, bu əsəri oxuyanda adama elə gəlir ki, çox sadədir. Mən isə oxuduqca bu sadə dildə yazılan əsərin alt qatında dəhşətin səsini eşidirdim. Bir neçə gün əsərə uzaqdan baxdım, səsini dinlədim. Sonra bilirsiz, nə oldu? Qəribə bir ağrı mənə hücum elədi. Tutdu, yaxamdan əl çəkmədi. Mən bu ağrı ilə göz-gözə dayandım, nəfəsi köksümə doldu... Bu nəfəs, isti deyildi, heç ilıq da deyildi, çox qaynar idi. Dəhşət! Bu qaynar nəfəs məni üşüdürdü.

Mən bu ağrının adını bilmirdim, sonra öyrəndim ki, bu ağrının adı İNSAN-dır. Artıq mənə məlum olmuşdu. Haqqında bəhs etdiyim ağrını realizə etmək üçün təsvir formaları axtarırdım, səhnə tərtibatı, rəssam işi, bəstəkar işi və s. Nə düşündüm olmadı, uyuşmadı. Tapdığım bütün formalar bu ağrının fonunda həm yumşaq, həm də çox kiçik görünürdü. Şüurlu şəkildə dərk edirdim ki, bu dəhşətli ağrını insanlara çılpaq şəkildə təqdim etmək olmaz. Hardasa yumşaq, sürüşkən bir forma var. Amma bütün yumşaq formaları əsərin məzmunu geri itələyirdi. Hərdən mənə elə gəlirdi ki, bütün bədənim bükülüb başıma girib. Sanki başım çox otaqlı cəhənnəmdir. Başımın içində gəzirdim, otaq-otaq, qapı-qapı. Hansı qapını açırdımsa, əcayib bir şey üstümə çığırırdı. Otaqlardan qəribə musiqi sədaları eşidirdim, hansı ki, bu musiqilər heç bir alətdə ifa olunmur. Başa düşürsüz? Heç bir alətdə... Mənə elə gəlirdi ki, dəli oluram. Bura mistik bir boşluqdur. Burdakı üfüqün mənbəyi bilinmir, çıxan insan səslərinin hardan gəldiyini anlamırsan.

Birdən qapılar taybatay açılır, sənə başsız adamlar baxır. Bəli, başları olmasa da, baxırlar. Amma sənin başın var. Başlayırsan öz başında adamların başını axtarmağa. Vay dədə... Hanı bu adamların başı? Bu başsız adamlar niyə qışqırır? Səndən nə istəyir? Və birdən görürsən ki, sənin bədənin yox olur, tamamilə başdan ibarətsən. Bir sürü başsız adamların içində bədənsiz bir baş olursan. Gəl indi bunun əlaqəsini tap. Niyə onların başı, sənin isə bədənin yoxdur?

Allahın pıçıltısını hiss edirsən. Sənə məlum olur ki, sən onların başını yemisən, onlar da sənin bədənini oğurlayıb. Yavaş-yavaş anlayırsan ki, bu başsız bədənlər bütün duyğu anlayışlarını ifadə edən vahid, mistik bir məfhum düzəldib asıblar sənin başından. Sənin başını daşıyan öz bədənin deyil. Cinsi məlum olmayan iblisdir! Törəmə xüsusiyyəti var. Bu funksionallıq səni məhv edir. İllərlə törəmisən, insan cildində şeytan doğmusan. Bir SON axtarırsan. Hardasa bir son var. Bu sonun adı katarsisdir! Sənə güc lazımdır, təəssüf ki, sənin yad bədənin axtardığın gücdən daha güclüdür. Sonra Allah pıçıldayır ki, səni törəyəni tap. Tapırsan və tapdığına peşman olursan, səni törəyən ölməlidir ki, sən doğulasan! Kim öləcək? Ümumiyyətlə, o SON dediyin şey nədir? Ölüm! Ata ölməlidir ki, sən doğulasan. Niyə məhz ata? Çünki səndən ötrü öləcək başqa bir adamın yoxdur! Və həm də sənin olmayan o bədəni öz qəbrinə daşıya biləcək yeganə güc atadır.

Bundan əlavə dərk edirsən ki, insan kəlməsi cismləşmədən daha yüksəkdə dayanıb. Altı milyarddan çox cism (bədən) bir insan kəlməsindən asılı qalıb. Bu kəlmə ümumiləşmiş ad olsa da, biz onun fövqündən kənara atılmışıq. Sanki bu kəlmə səmadır və ən böyük arzumuz barmağımızın ucunun səmaya toxunmasıdır ki, toxunsa, pak olacağıq. Bu dəm düşündüm ki, o səma ilə aramızda nə var? Niyə bütün səmaya ucalmış əllərdən qan damır? Nədir bizim əllərimizi qana boyayan? Sərhəd!!! O sərhəd ki, tikanlı məftillərlə əhatə olunub. Bizə məlumdur ki, bütün dövlət sərhədlərində tikanlı məftillər olur. Bu tikanlı sərhədləri insan beyni düşünüb. Bu tikanlı sərhəd məftilləri öz fiziki formasını almamışdan əvvəl düşüncə tapıntısı idi. Aha, düşünən beyindir, beyin başımızın içindədir. Belə bir nəticəyə gəlmək olar ki, qan səmadan yox, başımızdan əllərimizə damır. Ax Adəm övladı, hələ nələr düşünəcəksən?! Mən də öz növbəmdə çox zəki davranıb başımın içindəki tapıntıları səhnəyə daşıdım. Sərhəd çəkdim. Bədənsiz bir başı da atdım o sərhəddin düz ortasına. Başımın qapılarını açıb başsız bədənləri daşıdım səhnəyə. Öncə səhnədə başımın içinin şəklini çəkdim. SON-un xəttini cızdım, atanın ölümünü təyin etdim. Bütün bunların üstünə “Təmizlənmə” donu asdım. Ağrıları aktyorun nəfəsi ilə boyadım... Bəstəkarın barmaqları ilə beynimdəki səslərin adını qoydum. Rəssamın gözləri ilə külli-cahanı ağladım... Mən bu dəhşətlə qucaqlaşıb tanış oldum. Məni daha bir çətinlik gözləyirdi. Aktyorlar! Bu ağrılarla onları tanış etməli idim. Amma necə? Bu təlatüm dolu fəlsəfi mərtəbəni onlara necə inandıracaqdım? Bir neçə gün düşünüb yolunu tapdım. İlk masa arxası məşqdə sadəcə danışdım, ikinci məşq günündən sonra isə onlara özlərini, fəqrinə varmadıqları, mənim belə heç vaxt düşünmədiyim “Ağrı dəlixanası” nı təhlil etdim. İndi mən və aktyorlar “Ağrı dəlixanası” dediyim bu xoşbəxt dünyanın bir hissəsində birgə çırpınırıq.

Əziz tamaşaçılar, gəlin öz dünyanızın təlatümünə bir saatlıq qonaq olun. Sonra hara gedirsiniz, gedin. Sonra deməyin ki...


Müəllif: Nicat Qərib