30 Sentyabr 2018 23:15
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kommunist” qəzetinin 1930-cu ilə aid nüsxələrini vərəqləyərkən kiçik bir xəbərə rast gəldim: “Sarqsyan yoldaşın xatirəsi”.

Kiçik xəbərdə yazılmışdı:

“Amansız ölüm vətəndaş müharibəsi cəbhələrində sınaqdan çıxmış bolşevik Sarqsyan Sedrak yoldaşı əlimizdən aldı. Sarqsyan yoldaş 1894-cü ildə muxtariyyətli Dağlıq Qarabağ oblastında Cerabert dairəsində Gülyataq kəndində əməkçi kəndli ailəsində anadan olmuşdur. Sarqsyan yoldaş 15 yaşında ikən Bakıya gəlir və oktyabr inqilabınacan neft mədənlərində çalışır. O, 1913-1914-cü illərdə Bakı proletariatı tətillərində çox aktiv iştirak edir. 1918-ci ildə Sarqsyan yoldaş bolşeviklər sırasına daxil olur və birinci gündən əksinqilabçılar – daşnaklar və müsavatçılar ilə amansız mübarizəyə başlayır.

Yenə həmin il Sedrak yoldaş öz dəstəsi ilə Bakı Kommunasının müdafiəsi üçün lazımi silah gətirmək məqsədilə Moskvaya gedir. Sonralar Sarqsyan yoldaş Bakıya qayıda bilməyib Həştərxanda qalır və 11-ci orduya daxil olur. Sarqsyan yoldaş 11-ci ordu ilə Azərbaycana gəlir və Gəncədən tutmuş Şuşa şəhərinəcən inqilabi komitələr təşkil edir. 1923-cü ildə firqə Sarqsyan yoldaşı Ermənistana göndərir və burada cürbəcür vəzifələrdə çalışır. Son zamanlar Sarqsyan yoldaş çox məsul vəzifələr tuturdu. Sarqsyan yoldaşın həlak olması Zaqafqaziya əməkçiləri üçün böyük itkidir”.

Yazı müəllifi L.İ.Zaxaryan adlı şəxsdir.

Yazıda şəkli verilmiş Sarqsyanın adının altında isə yazılıb: “Ermənistan Xalq Komissarlar Şurasının sədr müavini Sarqsyan yoldaş”.

Göründüyü kimi, Qarabağda doğulan Sarqsyan Ermənistanda böyük vəzifəyə qədər yüksəlib.
Sedrak Sarqsyan haqqında başqa bilgi tapa bilmədik. Bu, önəmli deyil.

Önəmli olan odur ki, Qarabağda doğulan Sarqsyan soyadlı bir erməni Bakını işğal edən XI qırmızı ordunun tərkibində olub, Azərbaycanın paytaxtının ələ keçirilməsində iştirak edib.
İllər sonra yenə eyni soyadlı biri, yenə Qarabağda doğulan başqa bir Sarqsyan bu dəfə Qarabağın işğalında rol oynayır.

Sonralar Ermənistanın prezidenti seçilən bu şəxs 30 iyun 1954-cü ildə Azərbaycan SSR DQMV-nin paytaxtı Xankəndində doğulub.

1979-cu ildə Xankəndi şəhəri üzrə Kommunist Partiyası Gənclər Assosasiyası Komitəsinin sədri seçilib. Daha sonra Dağlıq Qarabağ Regional Komitəsinin başçısı Henrix Poqosyanın yanında ikinci katib, sonra birinci katib, Xankəndi Şəhər Komitəsi Təbliğat Departamenti Başçısı və nəhayət Henrix Poqosyanın köməkçisi vəzifəsinə qədər yüksəlib.

Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağın Özünümüdafiə Dəstələri Komitəsinin başçısı və 1990-cı ildə Ermənistan Ali Şurasının üzvü seçilib.

Serj Sarqsyan 1989-cu ildən 1993-cü ilə kimi separatçı “Dağlıq Qarabağ Respublikası”nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub... Bu baxımdan biz nə keçmişin Sarsqyanını, nə də indinin Sarqsyanını unutmamalıyıq...


Müəllif: Teleqraf.com