27 Avqust 2014 10:26
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aylar ötdü, il dolandı. Payızdan çıxdıq, qışı yola salıb yazı qarşıladıq. Otlar cücərdi, güllər-çiçəklər açıldı, yay gəldi, günəş hər yeri qasıb-qovurmağa başladı, bütün təbiət donunu dəyişdi.

Balacalar böyüdü, böyüklər qocaldı. Təzələr köhnəldi, köhnələr təzələrlə əvəz olundu. Zamanın, günün reallığına uyğun olaraq hər şeyin dəyişdiyi bir zamanda dəyişməyən bircə şey oldu Azərbaycan futbolunda. O da "Xəzər Lənkəran" adlı klub...

Üç il üst-üstə çempion olan "Neftçi" bu il baş mükafatdan uzaq düşdü. "Qarabağ" hər dəfə son anda əlindən qaçırdığı çempionluğu qazandı. Komandaların Avrokuboklardakı hədəfləri dəyişdi. Ancaq "Xəzər Lənkəran" yenə dəyişmədi ki, dəyişmədi.

Vaqif Cavadov bu il "İnter"də həyatının və karyerasının ikinci baharını yaşadı, Türkiyəyə transfer oldu. Reynaldo ölkəmizdə oynadığı ilk ildəcə özündən söz etdirməyi bacardı, ən yaxşı bombardir oldu. Kamran Ağayev klubunu dəyişdi. Klublar əsas simalarını dəyişdilər. Ancaq "Xəzər Lənkəran"ın oyunçuları yaxşılığa doğru dəyişmədi ki, dəyişmədi.

Böyükağa Hacıyev fikrini dəyişdi, istefa verdiyi komandaya yenidən qayıtdı, autsayder "Rəvan" Premreyliqadakı yerini "Araz Naxçıvan"la dəyişdi, "Bakı" klubu ümumiyyətlə imicini dəyişdi, ancaq "XəzərLənkəran" dəyişmədi ki, dəyişmədi.

"Neftçi" üç, AZAL isə bir baş məşqçini sınaqdan çıxartdı. "Xəzər Lənkəran" da bu sıradan geri qalmadı. Bir neçə məşqçi dəyişikliyi də onlar elədilər. Ancaq yenə də dəyişən bir şey olmadı.

AFFA bir mövsüm ərzində dörd-beş dəfə qərar dəyişdirdi, bir neçə dəfə reqlamentə əl gəzdirdi. Düşəcək, çıxacaq komandaların sayını dəyişdirdi. Legioner limitini dəyişdirdilər. Ancaq "Xəzər Lənkəran"da yenə heç nə dəyişmədi.

Hətta milli komandamız FİFA-nın reytinq cədvəlində yaxşılığa doğru yerini dəyişdirdi, həm də bir oyun belə keçirmədən bir xeyli yuxarıya doğru irəlilədi. Baş məşqçimiz Berti Foqts işini dəyişdirdi, tam olaraq dəyişməsə də hər halda əlavə müvəqqəti iş tapdı özünə.

Hətta Avro-2016-nın püşkü atılmamışdan qabaq qarşısına qrupdan çıxmaq vəzifəsi qoyan və bu barədə söz də verən Foqts püşkatmadan sonra fikrini dəyişdirdi. Verdiyi sözü yadına saldıq, sözünü dəyişdirdi. Ancaq "Xəzər Lənkəran"da yenə heç nə dəyişmədi.

İş gəldi o yerə çatdı ki, "Xəzər Lənkəran" baş məşqçisini dəyişdi. Dünyaca məşhur Toşaka bir vedrə də bağlayıb yola saldılar, ondan bir azca az şöhrətli Mustafa Dənizli gətirildi. O da olmadı, Mustafa hocanın özü ilə gətirdiyi Oğuz Çətin hocasının yerinə keçdi. Bir xeyli oyunçular dəyişdirildi. Texniki heyət dəyişdi. İnanmayacaqsınız bilirəm, ancaq "Xəzər Lənkəran"da yenə də heç nə dəyişmədi.

Mövsümün əvvəlində Toşakı alqışlayan, sonra istefaya səsləyən, daha sonra Mustafa Dənizlini dağların başına qaldırıb, sonra istefasını tələb eləyən, indi isə Oğuz Çətinə bel bağlayan fədakar, cəfakar lənkəranlı azarkeşlər fikirlərini dəyişdilər. Həm də bir neçə dəfə. "Xəzər Lənkəran"da isə dəyişən bir şey yox idi.

Yenə eyni nəticə(sizlik)lər, yenə məğlubiyyətlər, hədəflərdən uzaq düşmələr. Bir sözlə bu komanda dəyişmədi. Ötən il yaranmasının on illiyini qeyd eləyən klubda nə yazıq ki, hələ də yaxşı heç nə görmək mümkün deyil.

Çünki bu komandada rəhbərlik dəyişmədi. Rəhbərlik dəyişmədiyinə görə neçə oyunçu, neçə məşqçi dəyişməyin nə faydası var ki?


Müəllif: Zaur Xudiyev