15 Dekabr 2019 15:10
3 375

Binəqədidəki dəhşətli bina yanğınını hər kəs xatırlayır. Həmin yanğın günü səhər tezdən ailə üzvlərimdən birinin bank sənədləri ilə bağlı Lökbatana getmişdik. Geri dönəndə, 3-cü mikrorayon bazarı yaxınlığından, Karl Marks deyilən yerdən keçirdik. O zaman kirayə qaldığım mənzil həmin əraziyə yaxın idi. Üzü Binəqədiyə dönən yolda, həmin binaya gedən istiqamətdə çoxlu təcili tibbi yardım maşınları dayanmışdı. “Görəsən noolub?” təəccübü ilə, sürücüdən maşını saxlamasını xahiş etdim. Sürücü sürəti azaltsa da ətrafda nəsə, kimsə görmədik. O da “gəlin gedək, nəsə xoşuma gəlmədi bu” söylədi. Düzü düşündüm ki, yəqin yeni tibbi xidməti maşınlar gətirilib şəhərə. Evimizə çatdıq, üstündən bir saat keçmişdi, Binəqədidə bina yanması barədə dəhşətli xəbər sosial şəbəkə üzərindən ölkəyə ildırım sürəti ilə yayıldı. İş masama və kampyüterə sarı gedəndə, evdəkilər, israrla “yazma” xahişini etdilər. Hətta qorxub ağlayan da oldu...

***

O dəhşətli günü hələ də yaddaşımdan silə bilmirəm. Kim nə deyir desin, hansı açıqlama verilir verilsin, mən, o hadisənin təxribat olduğundan adım kimi əmin idim. Çünki onda Azərbaycan böyük idman yarışmalarına ev sahibliyi etməyə hazırlaşırdı və Prezident ölkədə islahat planından danışmışdı...

...Artıq susmaq məqamı deyil. AZƏRBAYCAN və onun təhlükəsizliyi hər şeydən, hamıdan vacibdir. Dövlətə, siyasi liderə dəstək, arxa olmaq məqamıdır. Bu təhlükələrin üzərinə gedilməsə, daha dəhşətli hadisələr olacaq.

***

Yəqin hər kəsin yadındadır, ciddi və köklü siyasi islahatların təxribatlarla müşahidə olunacağına dair ölkə başçısı Bakı Dövlət Universitetinin yüz illiyi münasibətilə keçirilən təbdirdə mesajlar vermişdi.

Ölkədə indiki halda islahatlar səssiz, üsyansız, qansız-qadasız ötüşür. Təbii bu, hamını sevindirmir. Bəllidir, dünyanın heç yerində köklü siyasi islahatlar qızğın mübahisəsiz, səssiz-səmirsiz olmur. Azərbaycan Prezidenti siyasi iradə nümayiş etdirib, bunu bacardı və göstərdi ki, mümkün olmayan heç nə yoxdur. Onu təxribat xarakterli çıxışlar, söyüş müxalifəti, radikalların müəmmalı mitinqləri, hətta komandasındakı satqınlar yolundan sapdıra bilmədi. Bu iradəsinə görə, bəzi məmurlardan narazı olub susan, əksəriyyəti ziyalılardan ibarət təbəqə də artıq Prezidentin ətrafında cəm olub. Bir sözlə Prezident-xalq ittifaqı alınıb, möhkəmlənib. Bu üzdən islahatları dərinləşdirmək mexanizmi işə düşüb, ölkə parlament seçkiləri ərəfəsindədir. Təbii ki, bu həm də yeni və qorxulu təxribatlara yol açıb.

Dövlət başçısının iradəsini qıra bilməyənlər, ona arxa duran xalqın üzərinə yeriyir. İnsanların sosial problemlərini dərinləşdirməyə çalışırlar. Bu üzdən YANDIRIRLAR! EVROHOME Ticarət Mərkəzinin, ardıyca, 3-cü mikrorayon bazarının yanıb kül olmasının başqa heç bir izahı yoxdur. Hər iki bazarda dövlətinə sahib çıxan, siyasi liderə arxa olan yüzlərlə, minlərlə orta və kiçik sahibkar, sıravi vətəndaş çalışırdı. Onlar min bir əziyyətlə ailələrinə çörəkpulu qazanırdı. Diqqət edin:

-Ölkədə çox ciddi siyasi fiqurlar idarəetmədən uzaqlaşdırılır;

-Bir neçə dövlət qurumu ləğv edilir və ya digərinə birləşdirilir;

- Yaşlı nəsil məmurlar, yeni və gənc kadrlarla əvəzlənir;

-Gedən məmurlar ölkə başçısı tərəfindən gülər üzlə, mükafatlarla və qəbul edilərək yola salınır;

-Yenilərini qəbul edib, xalqın gözü qarşısından, efirlərdə, təlimatlandıraraq işinin başına keçirir Prezident;

-Ölkə parlament seçkilərinə hazırlaşır;

-Əhalidə son illər görünməyən siyasi fəallıq, gülərüzlük var.

Bu xoş mənzərənin üstünü TƏXRİBAT, YANĞIN, ŞANTAJLA örtmək olmaz! Kimsə buna yol verməyəcək! Nə dövlət, nə siyasi lider, nə də vətəndaşlar! Diqqətdə saxlanması vacib olan daha bir məqam, görülə işlərdə məsuliyyətli olmaq vacibdir. Yəni, hər kəs olduğu yerdə, oturduğu kürsüdə işinə təhlükəsizlik baxımından ciddi, məculiyyətlə yanaşmalıdı. Bir xeyli məsələdə şəxsi mənfəətini qurban verməyi bacaracaq qədər ürəkli və cəsarətli olmalıdır. İnsanlara və dövlətə zərbələr məhz məsuliyyətisizlik və boşluq daha çox, qabarıq görünən yerlərdən gəlir. O üzdən unutmaq olmaz, təhlükəsizlik baha başa gələn məsələdir, amma o bu qiymətə dəyir...


Müəllif: Jalə Mütəllimova