21 Aprel 2020 11:40
2 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz uşaq olanda yaz mövsümləri olardı. Onda günəş küçələrə çağırardı uşaqları, yəni bizi. Yağış da yağardı, çətir-çətir adamlar keçərdi küçələrdən. Bir-birinə dəyərək, ləngər vura-vura evlərinə qaçardılar. Onda ayaqları vardı adamların, xoşbəxtliyə tələsməkçün. Yağışdan qaçan adamlar, adamlara yağan yağışlar – bir təlaş idi bizimki, xoşbəxtliyə tələsərdik.

Göy üzü də bizimlə idi.

Baharın ilıq-ilıq nəfəsi olardı, sakitcə hopardı canımıza. Xəfif bir külək baş alıb keçərdi küçələrdən, pəncərələri söyüdlərin salxım budaqları ilə döyərək. Pəncərədən sonrakı bir həyatımız olardı onda.

Hə, ilıq bir külək süzülərdi yasəmən çiçəklərinin arasından – elə isti, elə ətirli, elə meyxoş. Çörək ətirli bir meh – taxıl zəmilərini sığallayan, çovdar tarlasında sərçələrə fit verən. Onda evlərin alçaq damlarından göy üzünə zillənərdi gözlərimiz. Topa-topa ağ buludlar atardı bahar küləyi günəşin çıxdığı yerdən.

Öz azadlığının təlaşına qapılmış qaranquşlar qanad çırpardı göy üzünə sarı. Leyləklər həcdən qayıdardı, bizə Allah babadan salam gətirərdi dimdiklərinin ucunda.

Bənövşələr cücərərdi, başlarını qaldıra bilməzdilər səcdədən. Dua edərdilər, Allahla danışardılar sanki bütün gün. Hücrəsinə qısılmış rahib kimi gövdəsinə dikilərdi gözləri. Elə gəldikləri kimi də, bir də baxardın gediblər.

Elə utancaq, qoxu kimi səssiz çəkilərdilər. Hə, bənövşələr bitərdi uşaqlığımızın yaz mövsümlərində. Daşa dönmüş bu şəhərdən çox uzaqlarda. Onda biz bir başqa idik. Bir başqa, necə deyim, xəyal qurmağa da utanardıq, bəlkə kimsə o gizli dünyamıza boylanardı deyə.

Sevgiləri yoxdumu uşaqlığımızın yaz mövsümlərinin? Vardı, sevgiləri də vardı. Bizdən əvvəl başlayardı onda sevgilər, ona qədər sevirdik həyatı. Ona görə sevərdik, ona görə topa-topa ağ buludlara baxardıq, ona görə bənövşələr gözəl qoxardı. Leyləklər də ona görə uçub gələrdilər, Allahdan salamı da ona görə gözlərdik. Dilimizdən dua, ürəyimizdən arzu əskik olmazdı. İnanırdıq axı.

Bir də xəyalları vardı sevgilərimizin, adlarının baş hərflərini qazıdığımız ağaclarla birlikdə böyüdərdik. Nə bilim, divara yazdığımız adının üstünə bir çətir çəkərdik qara-qara kömürlərlə, yağış dəyməsin deyə. Onda kömürlər də rəngliydi. Onda, biz uşaq olanda qara rəng deyildi, bizi gecələr xəyallarımızla baş-başa qoymaqçün bizi hər yerdə görən yeganə gözə - günəşin üzünə çəkilən niqab idi. Allahın öz əlləri ilə...

Uşaqlığımızın yaz mövsümlərinin gecələri bəyaza bürünərdi. Sanki bir körpə kimi süd dağıdardı yer üzünə Ay baba. Onda ulduzlar səssiz sayrışardı. Səssizcə göz vurardılar bizə, sanki içimizdəkiləri görərcəsinə. Azıb qaldığımız xəyallar dünyasındakı yeganə bələdçilərimiz də sirrimizi kimsəyə verməyən ulduzlardı. Hər biri sirrimizi saxlayardı. Milyardlarla sirrimiz olardı. Elə ki gözlərimizi dikirdik, nəyi deyə, nələrdən danışa bilmədiyimizi bilərdi göy üzü. Ürəyimizin içini görərdi. Oradakı ulduzlar...

Göy üzünə baxmaq ən sevimli məşğuliyyətimizdi. Alçaq evlərin damlarında, tövlələrin çardaqlarında, samanlıq üstündə uzanıb saatlarla gözlərimizi geri çəkə bilməzdik. Uşaqdıq, onda hər şey yaxşı olacaqdı, görəcəyimiz daha gözəl günlər qabaqdaydı.

O üstündən topa-topa ağ buludlar keçən damlardadır indi o uşaqlar. Onlar da bir xatirə.

Zaman gəlir insanın xatirələrindən başqa heç nəyi qalmır. Amma bu can sıxıntısı hansı xatirəyə sarılsan da keçmir. Bir gün gözlərin həyatın bu tərəfindən – pəncərədən daşı göyərməyən şəhərin hündür damlarına baxmağa çatmayanda anlayırsan ki, adlarının baş hərflərindən sallanıb qalmışıq orada. Böyüməmişik sanki, asılıb qaldığımız yerdən uzanmışıq sadəcə. O yaz mövsümlərindən uzaqlarda...


Müəllif: Mənsur Rəğbətoğlu