4 Oktyabr 2014 13:57
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Axşam nə işin var? Dur gəl bizə. Gəl Mətişin nişan diskinə baxaq”. Əstağfürullah. O Mətiş nə vaxtdı ərə də gedib, uşağı da olub. Mən gül kimi vaxtımı Mətişin dörd saatlıq nişanına sərf etməklə nə qazanacam? Yazıq deyiləmmi mən? Mənə nə deyirsiniz deyin – toy-nişan disklərinə saatlarla oturub baxmağa hövsələm çatmır. İllah da özümə, öz rəqsimə-filana qətiyyən baxa bilmirəm. Hərçənd deyilənə görə rəqs etməyi çox yaxşı bacarıram, amma ən uzağı hansısa tədbirin ovqatını xatırlamaq üçün beş-on dəqiqəlik ekran qarşısında otura bilirəm, vəssalam. Daha artığı mənlik deyil. Amma adam var – saatlarla baxar, doymaz, bir də baxar və yenə doymaz.

Toy adət-ənənələrindən biri də var – çox mənasız, çox lazımsız. Toy günü oğlan evini başdan-ayağa çəkirlər, evin qapısından tutmuş eyvanına qədər – bir-bir otaqlar lentə alınır, evə gələn qonaqlar videoya çəkilir, bu dəm qoçaq zənənlərdən kimsə başqalarını da otağın ortasına itələyir və hamı başlayır kameraya baxıb oynamağa. Hələ toy-filan başlamayıb ha. Hələ oğlan evi gəlin gətirməyə gedəcək. Onda bu vur-çatlasına, bu hoppanıb-düşməyə nə hacət? Nə var nə var, adətdi. Daha nə? Adətlərin bir gülməlisi də maşın karvanının lentə alınmasıdır. Bizim bu tıxaclı küçələrimizdə.. əyri-üyrü yollarda uzun-uzadı maşın karvanını çək ki çəkəsən, çək ki çəkəsən. Niyə? Kimdir o “yol qeydlərinə” baxan? Baxan varsa nə ağılnan baxır o kimciyəz? Nə görmək istəyir maşın karvanında? Təzə nə görmək istəyir ki? Amma gəl birinə de ki nə mənası var bu yolu çəkdirirsiniz? Hərə bir yerdən üzünə bozaracaq ki, adətdi, olmalıdı. Adətdirsə əməl eləmək lazımdı. Adətdirsə kor-koranə ləbbeyk deməliyik. Niyə axı? Bu qaydaları ilk dəfə kim qoyubsa sizcə, bizdən çoxmu ağıllıdır? Və biz yalnız adətdi deyə mütləq əməl etməliyikmi? Mən bu suallara “yox” cavabını verirəm. Daha məntiqli, daha ağıllı, məqsədəuyğun nə varsa – xub, əməl etməyə beşəlli hazırıq. Amma və lakin yalnız adətdi deyə mənasız bir işi təkrar etmək – mənlik deyil, məni məzur tutun.

***

İki qardaşdırlar, ikisi də tələbə. Amma elə belə tələbələrdəndirlər – dırnaqarası yəni, geyinib dərsə getdiklərini görən olmaz, ya əllərində bir kitab-dəftər ya kitab-dəftərə bənzər bir şey əttövbə görməzsiniz. Atalarının şəxsi biznesi var – özünün maşın salonu, normal gəliri, dolanışığı. Oğlanlar da məktəbi qurtaran kimi ata hərəsinin altına bir maşın alıb qoyub – yəni “sürün, kef eləyin, nə qədər mən sağam”. Bu qardaşların kefindən mən danışım, siz xəbərdar olun. Səhər açılandan ta gecə yarıyadək bu iki qardaş o iki qəttəzə maşını yuyur, təmizləyir, tozunu alır, həyətin başından axırına kimi sürüb fırladır, bir də axşamüstü yuyur, təmizləyir, tozunu alır. O iki maşın o iki qardaşın həm həyat tərzidi, həm sevgisi, duyğusu, həm də həyatının mənası. Neçə vaxtdı müşahidə eləyirəm. Bu iki qardaş ancaq maşınlara sığal çəkməklə gün keçirirlər. Arada dostlarını da maşına oturdub yarıqaranlıq salonda dinməzcə fikrə gedirlər. Sonra yenə maşın əzizlənir – gah içəridən, gah çöldən – sürt ki sürtəsən, sığalla ki sığallayasan, sev ki sevəsən. İki yaraşıqlı, boylu-buxunlu, sağlam gəncin həyata marağı, fikri, münasibəti sadəcə dörd təkər üzərində bərqərar olan bu dəmir parçasıdı, başqa bir şey yox. Nə kitab, nə film, nə başqa maraq. Belə böyüyüblər. Başqa fetiş, başqa ibadətgah, başqa dəyər öyrətməyiblər onlara. Bu günahsız tifillər beləcə bir növ adətkərdə olublar. Maşın və ancaq maşın.

***

Adətlərimiz və adətkərdə olduğumuz işlər. Nələrdi? Nə qədərdi? Hansılardı? O qədər çox və o qədər mənasız vərdişlərimiz var ki, deyincə bitmir. Ya bunların aradan qaldırılması üçün mütləq bir qərar-filanmı olmalıdır? Mütləq yas israfçılığı kimi ümumi müzakirələrəmi çıxarılmalıdır? Nədən hər birimiz doğru bilmədiyimiz, amma yalnız adətdi deyibən əməl etməyə məcbur olduğumuz nəsnələrə qol qoyuruq? Təkcə adət olduğu üçünmü? Adəti pozsaq nə olacaq ki?


Müəllif: Afaq Vasifqızı