14 Noyabr 2014 14:06
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ -dakı Demokrat Partiyasının üzvü, konqresmen və Erməni diasporunun siyasi maraqlarının müdafiəçisi olan Frank Pallone Prezident Obamaya şikayət edib.

Şikayətində Pallone bildirir ki, Azərbaycanın "Dağlıq Qarabağın helikopterini" vurmasından əndişəyə düşüb. O, Azərbaycanı şiddət göstərən tərəf kimi xarakterizə edir və bu siyasətin bölgədə sülh və sabitliyi pozacağını vurğulayır. Pallone helikooterdə ölən pilotların Dağlıq Qarabağ vətəndaşları olduğunu da söyləyir.

Ümid edirəm ki, Azərbaycanın xarici işlər nazirliyi, ABŞ-dakı elçilik və diasporamız əsassız və qərəzli mövqe sərgiləyən konqresmənə tutarlı cavab verəcəklər.

Bir Azərbaycan vətəndaşı olaraq mən də öz sözümü buradan və bu yazdıqlarımı ingiliscəyə çevirərək konqresmenin elektron poçtuna göndərməklə demək istəyirəm.

1) Dünyanın siyasi xəritəsində Dağlıq Qarabağ adlı bir dövlət yoxdur. Ermənistan da daxil olmaqla dünyada "DQR" adlanan hərbi xuntanın legitimliyini tanıyan heç bir dövlət yoxdur.

2) Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanın suverenliyi Dağlıq Qarabağ ərazisi ilə birlikdə tanınıb.

3) Azərbaycanın Dağlıq Qarabağ ərazisi Ermənistan tərəfindən işğal olunub və bu gün Ermənistan prezidentinin məhz Dağlıq Qarabağdan olması bu işğal faktının və Dağlıq Qarabağ adlı bir dövlətin olmamasının sadə və empirik sübutudur.

4) 1944-cü ildə imzalanan və hava sahəsindən istifadə qaydalarını müəyyən edən Çikaqo sözləşməsinə görə, hava məkanları ulusal və uluslararası kateqoriyalara ayrılır.

5) Həmin sözləşməyə görə, bütün növ uçaqlar "mülki" və "hərbi" kateqoriyalara bölünüb.

6) Dağlıq Qarabağ səması Azərbaycana məxsus hava məkanıdır.

7) "Dağlıq Qarabağ"ın heç bir hərbi qüvvə və vasitələr saxlamaq hüququ yoxdur.

8) Azərbaycana məxsus hava məkanından istər hərbi, istərsə də mülki uçaqların istifadə etməsi üçün Azərbaycan dövlətinin müvafiq icazəsi olmalıdır.

9) Belə bir icazə olmadığı təqdirdə, istənilən kənar dövlətin Azərbaycanın hava məkanında istər hərbi, istərsə də mülki uçuş keçirmək hüququ yoxdur. Bu icazə sivil uçaqlar üçün Çikaqo sözləşməsini imzalamaqla verilir ki, həmin sözləşməyə "Dağlıq Qarabağ" adlı bir dövlət qoşulmayıb və qoşula da bilməz.

10) Beynəlxalq hüquq ölkələrə "hər hansı bir təhdid cəhdi qarşısında" İSTƏNİLƏN NÖV UÇUŞLARI dayandırmaq ixtiyarı verir.

11 ) Beynəlxalq hüququn subyekti olan Azərbaycanın hərbi vasitələrlə təhdid hesab etdiyi təqdirdə hər cür uçuşu dayandırmaq, yoxlamaq, əngələmək hüququ var.

12) Azərbaycanın hava məkanında hər hansı hərbi helikoterin dövlətin razılığı olmadan uçması təhdiddir və buna qarşı hərbi vasitələrdən istifadə etmək dövlətin hüququ və vəzifəsidir.

13) Hərbi uçaqların hərəkətini tənzimləyən Paris Anlaşmasına görə, hərbiçilərin idarə etdiyi istənilən uçaq "hərbi" təyinat daşıyır.

14) Paris Anlaşmasının 32-ci maddəsinə görə, heç bir dövlətin heç bir əsgəri uçağı başqa bir dövlətin hava məkanına müvafiq razılıq almadan girə və enə bilməz.

15) Hətta Pallonenin və Ermənistan hakimiyyətinin iddia etdiyi kimi, Azərbaycanın vurduğu helikopter "təlim məqsədi ilə" Azərbaycan hava məkanında hərəkət etmiş olsaydı belə, bu cəhd beynəlxalq hüquqda müəyyən edilən "zərərsiz keçid haqqı" prinsipinə aid olmadığından həmin helikopterin düşürməyə Azərbaycan Silahlı Qüvvələrinin tam ixtiyarı var.

16) Helikopterin vurulması nəticəsində ölmüş pilotların hər biri Ermənistan vətəndaşıdır, onların heç biri Dağlıq Qarabağ ərazisində doğulmayıb, təhsil almayıb.

17) Helikopterdə ölən pilotlar Ermənistan vətəndaşları və hərbiçiləri olduğundan onların həyatlarını itirməsi hərbi hüquq münasibətləri çərçivəsində dəyərləndirilə bilər.

18 ) Bu hadisə bir daha təqdiq etdi ki, Qafqazda sülhün və sabitliyin pozulmasına rəvac verən ölkə Ermənistandır.

19) Odur ki, cənab Frank Pollone qeyri-obyektiv, qərəzli, diletant, sülhə və barışa xidmət etməyən mövqeyindən imtina edərək ABŞ hakimiyyətini Azərbaycana deyil, Ermənistana təzyiq göstərməyə çağırmalıdır.


Müəllif: Taleh Şahsuvarlı