Elə adamlar var ki, səssiz-səmirsiz üzərinə öhdəlik bildiyi işləri görər, onu təqdim edər, sonra yenidən görünməz olar.
Növbəti öhdəliyində yenidən üzə çıxar, daha mühüm bir yeniliyə imza atar, sonra yenidən qeybə çəkilər.
Mənim tanıdığım Aydın Balayev belə şəxsiyyətlərdəndi.
“Tanıdığım” sözünü ehtiyatlı işlədirəm, çünki onun araşdırdığı dövrün digər tədqiqatçıları ilə daha çox ünsiyyətim olsa da, Aydın bəylə yalnız iki dəfə ayaqüstü görüşmək nəsibim olub.
Birində ötən il “Çapar” jurnalının Rəsulzadə dəstini təqdim etdiyim, digərində isə professor Ədalət Tahirzadə ilə kitab alış-verişində bulunacaqları zamana təsadüf etdiyim üçün mümkün olmuşdu. Hər ikisi salam-əleykdən və qısa hal-əhvaldan o tərəfə keçməmişdi. Buna görə də Ədalət bəydən xahiş etmişdim ki, əgər birlikdə daha geniş şəkildə görüşsəniz, mümkündürsə masanın bir küncündə mənə də yer ayrılsın...
Təəssüf ki, qismət olmadı.
Aydın bəylə sosial media xaricində “Çapar” sayəsində münasibət qura bilmişdim. Dərgimizin iki özəl sayında məqaləsini dərc etmək nəsibimiz oldu. Daha sonra Ədalət bəyin 70 illiyinə ərməğan etdiyimiz topluda dəyərli yazısı dərc edildi. Gənc yazıçı Müşfiq Əkbərin nəşriyyatımızda çıxan “Cümhuriyyət hekayəsi” tarixi romanına da məsləhətçi oldu.
Aydın bəyin hər yeni çıxan kitabını Ədalət bəyə təqdim edərkən mənə də imzalı nüsxə əmanət qoyması bir tərəfdən sevindirir, bir tərəfdən qürurlandırırdı... Böyük tarixçilərin diqqətinə səbəb olmaq yolun başlanğıcında olanlar üçün böyük dəyərdir.
Aydın Balayevin vəfatı sosial mediada geniş kədər yaratdı. Həmkarları, oxucuları onunla bağlı düşüncələrini yazdılar. Hörmətli Vilayət Quliyevin “nəslimizin yarpaq tökümü” ifadəsi isə məni həddindən artıq kədərləndirdi.
Həqiqətən də, 1980-1990-cı illərdən etibarən fasiləsiz şəkildə tədqiqat aparan, kitablar çap edən həmin nəsil bizlər üçün bir ümid yeridir. Çünki etiraf edilməlidir ki, o nəsildən sonra gələn bir neçə nəsil onların səviyyəsində ola bilmədi. İndən belə isə daha da çətin olacaq. Bu gün Ədalət Tahirzadə, Cəmil Həsənli, Vilayət Quliyev, Musa Qasımlı, Aydın Balayev və s. kimi davamlı əsərlər bəxş edən, mətbuatda mütəmadi çıxış edən nə qədər orta yaşlı tarixçi var? Şəxsən mən müşkülə düşdüyüm zaman həmin nəslə üz tuturam. İstər məqalələrimdə, istərsə də təhsilimdə qarşılaşdığım çətinliklərə birbaşa dəstək ala bilirəm... Ona görə də mütəmadi həmin nəslin təcrübəsindən, biliyindən faydalanmağa çalışıram.
Aydın bəy Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu haqqında həm Azərbaycan, həm rus dilində kitabların müəllifidir. Onun xüsusilə Rəsulzadə ilə bağlı “Qürbətdə vətən davası.1922-1943” kitabı olduqca əhəmiyyətlidir. Eləcə də Ağaoğlu haqqında yazdığı geniş tədqiqat işi Ağaoğluşünaslıqda önəmli müəllif əsəridir...
Cümhuriyyət naziri Mustafa Vəkiloğlu türküstanlı silahdaşına göndərdiyi bir məktubunda belə yazırdı: “Biz türklər milli mübarizə yolunda böyük fədakarlıqlar edənlərimizin nə həyatda olduqları zaman, nə də öldükdən sonra qədirlərini, təəssüf ki, çox da bilmirik... Qəhrəmanlar təqdir edilməsələr, onların əziz xatirələri könül və fikirlərdə yaşadılmasa, milli mübarizələr miskinlərin əlində ölər”.
Təəssüf ki, alimlərimizə münasibətdə də bunu yaşayırıq. Min bir əziyyətlə, cüzi zəhmət haqqı ilə yaşayan bu fədakar şəxslər milli kimliyimiz, cümhuriyyətimiz, gələcəyimiz üçün xeyli faydalı əsərlər bəxş etsələr də, bəzən televiziyalar üzlərinə qapalı olur, əsərləri cüzi tirajla çap olunur, layiqli qiymət verilmir.
Əlbəttə, Aydın bəy üçün bunların heç biri önəmli deyildi. O, hansı missiyanı yerinə yetirdiyini hamımızdan yaxşı bilirdi. Amma yenə də insan kədərlənməyə bilmir. Axı bu kitablar geniş yayılmalı, yüksək keyfiyyətdə çap olunmalı, müəllif ən yaxşı şəraitdə yaşamalıdır. Ona görə də Mustafa bəyin də dediyi kimi qəhrəmanlar təqdir edilməli, onların xatirələri, əsərləri yaşadılmalıdır.
Milli tarixin miskinlərin əlinə düşməməsi üçün Aydın bəy kimi tarixçilərin irsi dəfələrlə nəşr edilməlidir.