26 İyul 2022 18:38
11 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötənlərdə Bakıda naşirlərlə jurnalistlərin görüşünə qatıldım. İctimai birlik yaradan naşirlər jurnalistlərə mövcud problemlərdən bəhs etdi, kitab dünyasının çətinliklərindən danışdılar. Təbii ki, müəllif olaraq məni bir məsələ düşündürürdü: Biz nə zaman kitab satışından gəlir əldə edəcəyik?

Azərbaycanda kitab satışından gəlir əldə edən müəlliflərin sayı olduqca azdır. Bu müəlliflər də daha çox dərsliklərdən, dedektiv əsərlərdən pul qazana bilirlər. Həmin əsərlərin tirajı da olduqca yüksək olur, nəticədə həm nəşriyyat, həm də müəllif razı qalır. Amma başqa sahələr, məsələn, elə mənim də kitablarımın mövzusu olan Azərbaycan tarixi bu baxımdan ən gəlirsiz sahədir. Halbuki təvazökarlıqdan uzaq olsa da, son əsərlərimdə Azərbaycan tarixşünaslığına yüzə yaxın yeni sənəd təqdim etmişəm.

Naşirlərdən Nurman bəy sualıma belə cavab verdi ki, müəllifin qazanması üçün gərək kitabın tirajı çox vurulsun, çox da satılsın. Əlbəttə ki, klassik qayda budur. Yaşadığım Türkiyədə kütləvi nəşr olunan kitablardan müəllifə çatan 10-20 faiz arası pul yazarı xeyli müddət məmnun edə bilir. Amma bizdə bu, təəssüf ki mümkün deyil. Bəs nə etməli?

Problemin kökü birbaşa nəşriyyatların özləri ilə bağlıdır. Bizdə nəşriyyatların özlərinin də kifayət qədər maddi qazancı, texniki imkanları yoxdur. Ancaq bir neçə nəşriyyatın gərəkli texniki vasitələri var, onlar da bazarda çoxdan yerlərini tutublar. Yeni başlayan nəşriyyatlar isə ya sponsorlarla işləyir, ya da ki müəllifin özündən maddi dəstək umaraq kitab çap edir. Dövlət dəstəyi də olmadığı üçün nəşriyyatlar məcbur olaraq bu şəkildə fəaliyyətlərini davam etdirirlər. Hazırda Mədəniyyət Nazirliyinin kitabxanalar üçün nəşriyyatlardan kitab alması da bu sahəni canlandırmaq gücündə deyil. Çünki dövlətin kitab aldığı əsas nəşriyyatlar onsuz da imkanı olanlardır.

İsrailin Bakıdakı səfirinin “Təbrizin sehrli nağılları” kitabını sosial mediada paylaşmasından sonra yaranan ajiotaj olduqca maraqlıdır. Tvitterdə xeyli ictimai-siyasi çəkisi olan əcnəbilər səfirə təşəkkür edərək həmin kitabdan əldə etdiklərini, oxuduqlarını yazırlar. Şübhəsiz ki, yəhudi səfirin bu addımı Azərbaycanın tarixi torpağı olan Zəngəzuru ermənilərə peşkəş çəkən İran müsəlmanlarının dini lideri Xamneyinin tviti olmuşdu. Bu paylaşımda açıq siyasi mesaj vardı. Amma məsələnin bir də başqa tərəfi var.

Yəhudi ağlı sayəsində bu kitab Azərbaycanın özündə kütləvi şəkildə satılmağa başlandı. Kitab satışı ilə məşğul olan dostlarımız sosial mediada kütləvi tələbatın olduğunu yazdılar. Hər kəs ən azından həmin əsərlə şəkil çəkdirmək üçün kitabı axtarır. Kitabın qiyməti də kifayət qədər bahadır. Demək ki, məqsədindən asılı olmayaraq məşhur bir şəxsin kitabı reklam etməsi cəmiyyətdə hərəkətlənmə yarada bilir. Təəssüf ki, azərbaycanlı müəllifin bəxti bu sarıdan gətirməyib. Bir neçə deputatı çıxmaqla nə xalqı təmsil edən şəxslərin kitaba marağı var, nə də ki ictimai-siyasi çəkisi olanların.

Çünki hazırda kifayət qədər gənc naşir, müəlliflər var. Maariflənmə üçün əllərindən gələni edirlər. Amma şəxsi əlaqələrdən başqa ölkənin aparıcı şəxsləri, imkanlı iş adamları əsla dəstək vermirlər. Məşhur şəxslər dəyəri olan kitabları təmənnasız reklam etmirlər. Əlbəttə, məsələyə peşəkar yanaşdığımızda reklam, gəlir və s. məsələlərlə birbaşa nəşriyyat məşğul olmalı idi. Amma yuxarıda qeyd etdiyim kimi axı bu imkan yoxdur. Həmin naşirlər bir müddət sonra bu etinasızlığa dözməyib bu sahədən çəkilsə, düşünməyin ki ölkəmiz heç nə itirməyəcək. Təbii ki, naşirlərə, müəlliflərə Don-Kixot kimi baxan şəxslər üçün dəyişən bir şey olmayacaq, amma gələcək nəsillər bunun ağrı-acısını çəkəcəklər.

Əziz imkanlı adamlar. Əziz məşhur adamlar. Əziz ictimai-siyasi çəkisi olan adamlar!

Bir yəhudi ağlı Təbriz nağılını bu qədər satdıra bildi. İsraildən ziyalı gətirəcək halımız yoxdur.

Barı bir işıq da siz yandırın.


Müəllif: Dilqəm Əhməd