Dünən İstanbulda Güney Azərbaycandan olan bir tələbə ilə söhbətləşdim. Məlum oldu ki, İstanbulda təhsilinə davam etmək istəyən gəncin Azərbaycanda ciddi problemi var. Təhsil haqqını ödəyə bilmədiyinə görə Bakıdakı diplomunu ala bilmir, nəticədə İstanbulda da heç bir yerə müraciət edə bilmir.
Bakıdakı dostlarla bu mövzunu müzakirə etdik, öyrəndik ki, bu vəziyyətdə olan başqa tələbələr də var, təhsil haqqı ödənilmədiyi təqdirdə heç bir halda güzəşt edilmir.
Bir müddət öncə Azərbaycanda gənclər bu məsələnin həlli ilə bağlı imza kampaniyası keçirdilər, lakin o da nəticəsiz qaldı.
İranla yaşanan gərginlik motivində Azərbaycan qurumlarının Güney Azərbaycanı təmsil edən liderlərə bərabər münasibəti müsbət hal oldu. Azərbaycan kanallarında həm Çöhrəqanlını, həm də Əhməd Obalını gördük. Keçici parlament təmsilçilərinə də, bu qrupda olmayan digər fəallara da yer verildi. Mətbuat Şurasında görüşlər oldu, Xudafərinə səfər edildi, parlament üzvləri ilə müzakirələr aparıldı. Bunların hamısı olduqca gərəkli idi, nəticədə heç bir qrup kənarda qalmadı.
Bu mərhələdə Azərbaycan Prezidentinin timsalında ən ali səviyyədə oradakı həmyerlilərimizin problemləri gündəmə gətirildi, xüsusilə ana dilində təhsil haqqından danışıldı.
Bütün bunların fonunda növbəti atılacaq addım güneyli tələbələrin təhsil haqqından azad edilməsidir. Çünki Bakıda yetişən kadrların bir gün dövlət quruculuğunda gərəkli olacağı bəllidir.
Unutmayaq ki, 44 günlük Vətən müharibəsində Arazın o tayında qələbimizi arzulayan həmvətənlərimiz “ordumuz” deyə müraciət edirdilər. Onlar İranın Ermənistana silah yardımına qarşı aksiyalar keçirirdilər. Bu gün də İranın ölkəmizə qarşı gözlənilən bütün kirli addımlarının qarşısına sipər təşkil edəcək olanlar da onlardırlar. Elə isə Azərbaycan dövləti onlara mütləq şəkildə əməli dəstək verməlidir.
***
Ermənilərin Azərbaycan sərvətlərini talan etməsinə qarşı aksiyalar davam edir.
Sosial mediada böyük bir qrup aksiyanı dəstəkləyir, oraya getmək yollarını axtarırlar.
Mövcud hər bir şeyə etiraz etmə bacarığına sahib olan müəyyən qrup isə həm aksiyanı, həm də iştirakçıları qınayır, tənə edirlər.
Bütövlükdə aksiyanın mahiyyətini müzakirə etmək, şübhəsiz ki, vacibdir. Bu hadisənin gətirəcəyi qazanclar və ya itkilər mütləq analiz edilməlidir. Amma mahiyyət yerinə, şəxslərin müzakirəsi səviyyəsiz bir polemikaya səbəb olur. Bu gün şanlı keçmişimiz olan Meydan hərəkatında iştirak edənlər yüksək siyasi biliklərə sahib insanlar idilərmi? Əsla. Onlar arasında prezident ola biləcək şəxslər də vardı, vaxt öldürmək istəyənlər də. Amma hərəkatın bütövlükdə mahiyyəti önəmli idi.
Deyilir ki, rus ordusunu Azərbaycan dəvət edib, indi nə istəyir? Nə istəyəcək? Hər iki tərəfdən imzalanan bəyanata əməl edilməsini.
Deyilir ki, aksiyanı Azərbaycan hökuməti təşkil edib. Olduqca həssas bir bölgədə belə bir aksiyaya İsveç hökuməti icazə verəcək deyildi ki.
Deyilir ki, aksiyada iştirak edənlər icazəli vətənpərvərlərdirlər. Ona qalsa “gerçək vətənpərvərlər” olaraq sizlər Pelosi gəldiyində susdunuz, Makron həyasızlıq edəndə susdunuz, ABŞ-da əleyhimizə qətnamə hazırlananda susdunuz. “İcazəli qəhrəmanlar” olaraq da özünüzü necə senzuraya məruz qoyduğunuzu da gördük axı.
“Hadruta girməyək” deyənlər sizin tayfadan idi. “Kəlbəcər və Laçın Azərbaycanın olmayacaq” deyənlər sizin tayfadan idi. Azərbaycan əsgərləri Vətəni azad edərkən ermənilərlə birgə bəyanat verənlər sizin tayfadan idi. Ona görə də bir özünüzə baxın, bir də soyuqda çadırda gecələyənlərə...