7 Sentyabr 2023 23:29
16 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra Osmanlı hərbiyyə naziri Ənvər paşanın və ordu komandanı Nuri paşanın atası Hacı Əhməd paşa Azərbaycana gəlir.

Hacı Əhməd paşa 1860-cı ildə İstanbulda doğulub. Əsli qaqauz türklərindəndi. Nafiə nazirliyində çalışıb, sonralar paşalığa yüksəldilib. Ayşə Dilarə xanımla ailə həyatı qurub. İngilislərin İstanbulu işğal etməsindən sonra Maltaya sürgün edilənlər arasında olub.

“Azərbaycan” qəzetinin 21 oktyabr 1918-ci ildə çıxan 18-ci sayındakı xəbərdən məlum olur ki, Hacı Əhməd paşa həmin ay qatarla Bakıya gəlib. Daxili işlər naziri Behbud bəy Cavanşirlə hökumət kontoru Əbdüləli bəy Əmircanov onu qarşılamaq üçün Ələt stansiyasına gediblər. Paytaxta çatdığı zaman paşanı bələdiyyə diarəsinin nümayəndələri qarşılayıblar. Bələdiyyə idarəsinin rəis əvəzi Miryaqub Mehdiyev və digər nümayəndələr nitq söyləyiblər, əsgərlər musiqi ifa ediblər. Daha sonra Əhməd paşa oğlu Nuri paşanın mənzilinə gedib.

“Azərbaycan” qəzetinin 3 noyabr 1918-ci il tarixli 29-cu sayından bəlli olur ki, Hacı Əhməd paşa Gəncədə milli zabitlərin təftiş və imtahan mərasiminə qatılıb. Bu hərbi məktəb Qafqaz İslam Ordusu Gəncədə olduğu zaman yaradılmışdı, 250-dən çox zabit təhsil alırdı. Qaydaya görə məktəbi bitirənlər 6 ay sonra zabit kimi xidmətə başlayırdılar.

Təlimi izləmək üçün Gəncəyə gələnləri bu şəxslər qarşılayıblar: Gəncə valisi İbrahim bəy Vəkilov, bələdiyyə rəisi Ələsgər bəy Xasməmmədov, təlimgah komandanı Atif bəy, mərkəz komandanı Salman Fəhmi bəy. Bakıdan gələn nümayəndələr isə bunlardı: Hacı Əhməd paşa, Azərbaycan qolordusu komandanı fəriq Əli paşa Şıxlı, ikinci diviziya komandanı Nazim bəy, maarif naziri Nəsib bəy Yusifbəyli, sosial təminat və dini etiqad naziri Musa bəy Rəfiyev, Daxiliyyə Nazirliyinin təmsilçisi Mehdi bəy Hacınski. Müsafirlərə ziyafət verildikdən sonra sabahısı gün xüsusi hazırlanmış məkanda gənc Azərbaycan zabitlərinin təlim məşqlərinə baxılıb. Mərasimdə İran konsulu İsmayıl xan da iştirak edib.

“Azərbaycan”ın 5 noyabr 1918-ci il tarixli 31-ci sayında qonaqların mərasimdəki çıxışlarına da yer verilib. Hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli sevincini bu şəkildə bölüşüb: “Hökumətin fikrincə, millətin və Azərbaycanın istiqbalı sizin əlinizdədir. Əgər siz arzu etdiyiniz ordunun təşkilinə səbəb olsanız, millətin gələcəyi təmin ediləcəkdir... Yaşayın ki, siz bu gün öz hökumətinizi şad eylədiniz və uzaq mənzillərdən gəlmiş bizim türk qardaşlarımızın ümidlərini zaye etmədiniz, onların səy və təlaşları hədər getmədi. Yaşayın və millət dəxi sizin sayənizdə yaşaya bilsin!”.

Daha sonra Nəsib bəy Osmanlı zabitlərinə müraciət etdikdən sonra Hacı Əhməd paşaya təşəkkürünü bildirib: “Paşa həzrətləri! Bu gün banisi sizin övladlarınız Ənvər və Nuri paşalar həzrətləri olan Azərbaycanın həmin paşalara böyük ehtiramı var. Ümumtürk aləmi, baxüsus Azərbaycan boynunda onlar böyük haqlar qoymuşlar ki, heç bir zaman millətin qəlbindən və beynindǝn xatiratı silinməyəcəkdir. Bu iki övlada malik olan ata bütün dünyada alnı açıq, başı yüksək gəzər və iftixar edə bilər. Sizin kimi məsud atalara az təsadüf edilər. Yaşasın Əhməd paşa və əziz övladı”.

Mühacirətdə nəşr olunan “Mücahit” jurnalındakı bir fotoşəkildən aydın olur ki, Hacı Əhməd paşa Bakı və Gəncə ilə yanaşı Şəkidə də olub. Dərgidə çıxan şəklin altında yazılıb: “Türk ordusunun, qardaşı Azərbaycanın yardımına qoşması olayına dair dəyərli bir xatirə: Ənvər və Nuri paşaların ataları Hacı Əhməd paşanın 1919-da Nuxanı ziyarəti sırasında çəkilən bu rəsmdəkilər bunlardır: (soldan sağa) 1 – Fabrikatör (fabrikant) Yaqub bəy (İstilaçı bolşeviklər tərəfindən qurşuna dizilmək surətiylə şəhid edilmişdir), 2 – Fabrikatör kiçik Yaqub bəy, 3 – Nuxa Bölgə Komutanı yarbay (podpolkovnik) Nəcib bəy, 4 – Tüccar (tacir) ........... (adı təsbit ediləməmişdir), 5 – Hacı Əhməd paşa, 6 – Nuxa bələdiyyə başqanı Azaq bəy (bolşeviklər tərəfindən qurşuna dizilmək surətiylə məhv edilmişdir), 7 – Hacı Əhməd paşanın yavəri (adı təsbit ediləməmişdir), 8 – Komissar Mehmet (Məmi) bəy Əhmədoğlu. (Rəsm haqqındakı bilgi ozamankı Nuxa qaimməqamı E.S.-dən alınmışdır)”.
Beləliklə, Ənvər və Nuri paşaların atası Hacı Əhməd paşa vətənimizdə hörmətlə qarşılanmışdı. 1920-ci ilin payızında isə Ənvər paşanın özü də Bakıya gələcəkdi. Amma o zaman nə müstəqil Azərbaycan vardı, nə də Ənvər paşa yüksək vəzifədə idi...


Müəllif: Dilqəm Əhməd