23 Yanvar 2015 16:44
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə yolum BAXCP-nin qərargahına düşmüşdü. Partiyanın sədri, millət vəkili, adını hələ Respublika Tarix Litseyində oxuduğum dönəmdən duyduğum və hər zaman sayğılı bir münasibət bəslədiyim Qüdrət Həsənquliyevlə söhbətləşmək istəyirdim.

Bir tərəfdən iş-güc başımızı qatıb, bir tərəfdən də sosial şəbəkələrin sayəsində münasibətlər virtuallaşıb.
Belə bir ortamda bir zamanlar Əbülfəz Elçibəyə sevgi və sədaqət göstərmiş köhnə cəbhəçilərə, illərdir həmin partiyanın sıralarında yer alaraq Azərbaycan siyasi sisteminə konsturiktiv təfəkkür gətirmiş fəallara rast gəlmək olduqca xoş oldu.

Elə bu yazı da oradakı isti münasibətdən, “çoxdandır görüşmürük” deyə səmimiyyətlə tutulan hal-əhvaldan, nostalji dolu söhbətlərdən, Azərbaycanın gələciyinə inamlı baxışlardan qaynaqlandı.

Bir zamanlar mitinqlərdə Elçibəyin adını ən gur səslə hayqıran, Naxçıvanın ermənilərdən müdafiəsində fəal iştirak edən, qanını qaşığa qoyaraq 1988-ci ilin soyuq dekabrında İranla sərhədləri sökülməsində öncül isimlərdən sayılan Xüdeyş Əsgərov partiyanın Təşkilat Şöbəsinin müdiridir. Rayondan gələn və paytaxtdakı cəbhəçilər partiyanın təşkilati işlərindən dolayı öncə ona müraciət edir. Şirin bir Naxçıvan ləhcəsi ilə cavanlıq xatirələrini danışır köhnə tanışım. Təmənnasız bir vətənpərvər olan Xüdeyiş bəyin həyatı bütün ağrı-acıları, sevinci, fərəhi ilə birgə yaxşı bir roman mövzusudur əslində.

Partiya iyerarxiyasında ondan bir üst pillədə Yaşar Kələntərli yer alır. Yaşar Kələntərli də köhnə cəbhəçilərdəndir, məşhur “yeddilər”in biridir. İndiki cavanlara bir söz demir “Yeddilər” ifadəsi. Amma xalq hərəkatının dinamolarından olub bu qrup. Əbülfəz Elçibəyə aşırı bağlılıqları ilə tanınıb hər zaman. Elə Yaşar Kələntərli də yadımda ən çox bir zamanlar Elçibəyin yaratmış olduğu, onun ölümündən sonra siyasi səhnədən kağız üzərinə keçmiş Bütpv Azərbaycan Birliyindən qalıb.

BAXCP sədrinin daha bir müavini Elçin Mirzəbəylidir. Bilmirəm, xəbəriniz var, ya yox, Elçin Mirzəbəyli milli azadlıq hərəklatı dövründə meydanlarda ən çox səslənən marşlardan birinin- “Azadlıq”in sözlərinin müəllifidir. Uzun illərdir ki, “Xalq Cəbhəsi” qəzetinə rəhbərlik edir. Bu üzdən onunla tez-tez rastlaşır, fikir mübadiləsi aparırıq. “Facebook”un sayəsində Mirzəbəylinin yaradıcı yönləri cəmiyyətə daha çox məlum olur. Tez-tez yaxşı şeirlərini oxuyur, bəyənirəm.

BAXCP-də son dərəcə təqdir etdiyim fiqurlardan biri də Vaqif Abışovdur. Əbülfəz Elçibəyin son günlərində özünə köməkçi götürdüyü bu təvazökar adam hazırda BAXCP-də yüksək post tutur. Tarix üzrə fəlsəfə doktoru, bir neçə kitab müəllifidir. Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı olaraq bu günlərdə gedən Babəklə bağlı müzakirələrdə sanballı mövqe qoydu ortaya. Bunca qızğın müzakirədə və kifayət qədər mübahisəli mövzuda AMEA-dan çıxan tək-tük səslərdən oldu.

Ondan fərqli olaraq Telman Siyabov hay-küylü adamdır. O da Elçibəyə sadiq insanlardandır. Qardaşı Ələsgər Siyabov AXC hakimiyyəti dönəmində Azərbaycanın Turizm Naziri olub. Son dərəcə vətənpərvər, son dərəcə mərd, dost yolunda ölümə gedəcək xarakter sahibidir Telman bəy. Hər zaman mənəvi dəstək göstərib mənə də. Əbülfəz Elçibəyin vəfatı ərəfəsində AXCP-də parçalanma ehtimalının qaçılmaz olduğu, əsəblərin tarıma çəkildiyi günlərdə məni öz yumruğu ilə də qorumağa hazır olduğunu dəfələrlə bəyan etmişdi. Həm də Xəqani-33 də, çayxananın tam ortasında, hər kəsin eşidəcəyi yüksək bir səslə.

Zöhrab Abdullayev də köhnə dava arxadaşlarımızdan. Acılı-şirinli çoxlu ortaq xatirələrimiz, bu gün siyasətdən uzaqlaşmış xeyli ortaq dostlarımız var. Mədəni və alicənab adamdır, türkçüdür. Çox gözəl musiqi duyumu var. Siyasi fəhmi və təşkilatçılıq qabiliyyəti də öz yerində. Hər partiyaya quruculuq işi üçün belə kadrlar lazım.

Partiyanın rəhbərliyində təmsil olunan Dünyamalı İmaməliyev, Binyamin Qəmbərli, Yeganə Mehdiyeva da illərin sınağından müsbət reputasiya ilə çıxmış adamlar. Kütləvi informasiya vasitələrində adları tez-tez çəkilməsə də, partiyanın iç dəngələri baxımından önəmli isimlərdilər.

KİV-lə ünsiyyət qurmağa Niyaməddin Orduxanlı daha meyllidir. Təkcə partiya çapında yox, bütövlükdə ölkə miqyasında sosial şəbəkələrin ictimai rəyə artan təsir imkanlarını dəyərləndirərək Facebook-dan ən səmərəli istifadə edən siyasi funksionerin başında gəlir. Virtual aləmdə çox böyük dəstək qrupları mövcuddur, gündəmin əsas mövzularına operativ reaksiyalar verir. İnsafən, qazandığı siyasi təcrübə də təqdirəlayiqdir. Sadə bir dil, kəskin məntiqlə opponentlərini anındaca susdurur. Siz Niyaməddin Orduxanlıya heç də elə-belə baxmayın, gənc yaşında neçə dəfə parlament seçkisinə qatılıb, dörd dəfə bələdiyyə üzvü seçilib. Bu ilin payızında Milli Məclisə keçiriləcək seçkilərdə də iştirak etmək əzmini ortaya qoyub. MSK-nın rəsmi statistikasına görə, ötən parlament seçkilərində sinəsinə döyən partiya liderlərin çoxundan üstün səs yığmışdı. Yeri gələndə dost-tanışa qahmar çıxmaq xüsusiyyəti də var. Özünü təqdim etməyi bacaran, siyasi etiketi mənimsəmiş, proseslərin təbii məcrasında öz fərqliliyini ortaya qoyaraq önə çıxmış yeni nəsil nümayəndəsidir.


Müəllif: Taleh Şahsuvarlı