15 Oktyabr 2015 13:08
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ondan həmişə “Nəyi dəyişmək istəyərdin?” deyə soruşanda “Anamın taleyini” deyərdi... Amma özü də bilirdi ki, bu, heç vaxt olmayacaq, özü də bilirdi ki, yazıya pozu yoxdu. Yaxşı bilirdi.

Onun anasını heç vaxt görməmişdim. Amma danışdıqlarından belə başa düşmüşdüm ki, hər şeyi mənim anama oxşayır. O da mənim anam kimi ağarmış saçlarını rəngləməyi unudur, toydan-toya geyindiyi dikdaban ayaqqabıları hər dəfə ayağında yara açır.. Həmişə qabarlı əllərinin hansındasa yanıq izi olur, o yanıq göynədir onu, amma heç kimə bildirmir. “Öyrəşmişəm” deyir. Qab-qazan dibi sürtməyə, pəncərə silməyə, yun didməyə, qadının da, kişinin də işini görməyə öyrəşdiyi kimi.

Onun da dırnaqlarının lakı alayarımçıq, pozulmuş olur həmişə. Adam arasına çıxanda əllərini gizlədir, evə adam gələndə corabının cırığını. “Məndən eybi yoxdu, əsas uşaqlardı” deyir, “qoy onlar yaxşı geyinsin” deyir.

O da mənim anam kimi evdə heç nə olmayanda belə uşaqların qarnını tox saxlayıb. Hamının istəyinə çatıb, birinin yeməyinə soğan vurmayıb, birinin yeməyini duzsuz edib.

O da zaman-zaman ərdən tənə, qayınanadan danlaq eşidib. Bilməyib qayının köynəyini yumağa çatsın, qayınatanın şalvarını, yoxsa gələn qonaq-qaranı qarşılamağa. Onun üçün də gecənin ikisində-üçündə yerinə uzanıb gözlərini yummaq ən böyük nemət olub. Birində ac yatıb, birində tox. Birində açıq-aşkar yeyib, birində oğrun-oğrun. Bir gözü güləndə bir gözü ağlayıb. Evdə-eşikdə olan bütün çətinlikləri, ağrı-acını yenə də uşaqlarının başına sancıb.

Bir kiçik mətbəx pəncərəsindən baxa-baxa ilin fəsillərini ötürüb. Beləcə bir ömür keçib, bir qadın ömrü. Bir ananın ömrü keçib mənim anamın ömrü kimi...

Mən də anamın taleyini dəyişdirə bilməmişəm, qızım da mənim taleyimi dəyişə bilməyəcək.

Bəli... Analıq o qədər müqəddəsdir ki, biz ona ancaq tamaşa edə bilərik. Tanrı bizə bu möhtəşəm taleyi dəyişdirmək icazəsi verməyib!


Müəllif: Sevinc Fədai