9 Aprel 14:42

Məlahət Abbasova 1989-cu ildə Moskvada keçirilən gözəllik müsabiqəsində “Dünya gözəli” seçilən model Məltəm Hakararı Bakıya gətirəcək.

Bu barədə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrı bədii rəhbərinin müavini vəzifəsində çalışan azərbaycanlı aktrisa instaqramda məlumat verib. M.Abbasova Məltəm Hakararın fotosunu paylaşıb və fikirlərini belə ifadə edib:

“Məltəm Hakarar 1989-cu ildə Moskvada “Dünya gözəli" seçildi. O günləri xatırlayıram. Sizcə, durduq yerdə niyə Məltəmi xatırladım? O, “Məlahətli söhbətlər” verilişinin qonağı olacaq".

Qeyd edək ki, Məlahət Abbasovanın bu televiziya layihəsi Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyi ilə həyata keçirilir.

Məltəm Hakarar 1988-ci ildə 18 yaşında “Türkiyə gözəli” seçilib. 1989-ci ildə o, Moskvada ilk dəfə "Kosmos" mehmanxanasında keçirilən dünya gözəllik müsabiqəsində birincilik qazanaraq 30 min dəyərində göy yaqut və başqa 357 ədəd qiymətli daşlarla bəzədilmiş, ümumi çəkisi isə 3.262 karat olan taca layiq görülüb. Lakin o, tacı vətəninə aparmaq üçün ölkədən xüsusi icazə istəməyə məcbur olub. Yeri gəlmişkən, toy günü Məltəm məhz bu tacı taxıb. Taleyin ironiyasıdır ki, sonrakı həyatında bu tac ona heç vaxt sevinc bəxş etməyib.

Məltəm Hakarar müsabiqədə iştirak edəndə Mərmərə Universitetinin memarlıq fakültəsində təhsil alırdı. Bu müsabiqədən sonra türk gözəlinin adı dillərdən düşmür, bütün baxışlar ona yönəlir. Onun şəkilləri bütün rus, eləcə də Azərbaycan qəzetlərində manşet olur. Məltəmin şəkilləri təkcə qəzet səhifələrini bəzəməklə qalmır. Əgər xatırlayırsınızsa, o illərdə divarlardan iri təqvim plakatları asmaq dəbdə idi. Təqvim plakatlarını gözəl qızlar bəzəyirdi. Onlardan ən məşhuru və ən çox satılanı isə Məltəmin təqvimləri idi.

Məltəm qalib olması xəbərinin vətəninə bir neçə gün sonra çatdığını bildirib: “Həmin dövrlərdə əlaqə və ünsiyyət o qədər primitiv idi ki, birincilik xəbərim Türkiyəyə 2 gün sonra çatmışdı".

Müsabiqədə arxası uzun, önü isə qısa zümrüd rəngli paltar geyinən dünya gözəlinə nəinki münsiflər heyəti, bütün Rusiya heyran qalmışdı. Bir sözlə, SSRİ-inin son illərinin kraliçası o idi. Eyni zamanda onun müsabiqədə geyindiyi milli paltar da böyük maraq doğurmuşdu. Məltəm həmçinin "Miss zəriflik" adına da layiq görülüb.

Dünya gözəli 1997-ci ildə milliyyətcə yəhudi olan Avi Behar adlı şəxslə təmtəraqlı şəkildə evlənsə də, cütlüyün nikahı uzun sürməyib. Məltəm ayrılıq səbəblərini belə izah edib: “Biz bəlkə də evlənməli deyildik, sadəcə flirt etməli idik. Ailə olmağa hazır olmadan evlənmişdik. Evlənmək çətin deyil, amma ailə olmağı bacarmaq böyük məsuliyyətdir. Mən yenə də evliliyin insan üçün vacib olduğuna, həyatını nizama saldığına inanıram. Ancaq biz dost kimi ayrıldıq. Nə xəyanət var, nə də başqa bir şey. İki insanın ayrılması da evlənməsi kimi təbii haldır. Səhv etmədən həyatı öyrənmək mümkün deyil. Ailəm müsəlman olsa da, müasir düşüncəlidir. Ərim də müasir yəhudi bir ailədən idi. Bütün müqəddəs günləri birlikdə qeyd edirdik. Din və milliyyət məsələsi aramızda heç vaxt problem olmayıb”.

Dünya gözəli həyat yoldaşından ayrıldıqdan sonra uzun müddət alkoqolizmdən əziyyət çəkib. O, Türkiyə mətbuatına verdiyi açıqlamada başqa kişilərlə sevgi macəraları yaşadığını, lakin ciddi münasibətləri olmadığını açıq şəkildə etiraf edib. Yeri gəlmişkən, dünya gözəli məşhur türk aktyoru Cem Yılmazın da ağlını başından alıb. Təəssüf ki, bu münasibət də uğursuzluqla nəticələnir.

Uzun illər model kimi çalışdıqdan “Koç”, “Enka”, “Cenajans “ və “Kanal D” kimi şirkətlərlə çalışıb./Publika.az/


Müəllif: Teleqraf.com
Загрузка...