26 May 2016 12:49
3 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onunla görüşmək üçün vədələşəndə bir söz dedi: “Mümkünsə, mən fikirlərimi rus dilində ifadə edim”. Razılaşdıq və vaxtı-vədəsində 20 il ərzində Şəhrizad, Cülyetta, Tomris, Karmen, Zübeydə, Leyli kimi səhnəsinə çıxdığı Opera və Balet Teatrında görüşdük.

Məni teatrın qapısından otağına qədər özü müşayiət etdi. Müsahibə zamanı nələri söhbət edəcəyimizi Azərbaycan dilində müzakirə etdik.

İlk böyük rolu Cülyetta olub. Təhsil almağa həmişə önəm verib. Maraqlısı odur ki, xarici ölkədə politologiya, ekoloji menecmentlik üzrə təhsil alıb, bu yaxınlarda Azərbaycan Dövlət İdarəçilik Akademiyasında ekoloji menecment üzrə elmi iş müdafiə edib.

Beləliklə, müsahibim xalq artisti, Respublika Prezidentinin fəxri mükafatçısı, “Qızıl dərviş” və “Zirvə” mükafatları laureatı və dünənə qədər Opera və Balet Teatrının prima-balerinası Kamilla Hüseynovadır.

Niyə dünənə qədər yazdım, çünki solist kimi fəaliyyətini bitirən hər bir balerina bu statusdan da məhrum olur.

- Kamilla xanım, bu il səhnə fəaliyyətinizlə vidalaşmaq qərarına gəldiniz. Gənc görünürsünüz, ona görə icazə verin soruşum, niyə belə bir qərar verdiniz?
- Balerinaların səhnə həyatı qısa ömürlü olur və çox tez bitir. Ona görə yaş irəlilədikcə balet ifaçıları səhnə ilə vidalaşmağa qərar verirlər. Çünki səhnə gəncləri, gəncliyi sevir.

Niyə məhz indi qərar verdim? Çünki mənə görə sənəti ən pik nöqtədə yekunlaşdırmaq lazımdır. Əks təqdirdə tamaşaçılar əvvəl-axır sənin səhnədə formada olmadığını hiss edəcəklər.

Ona görə balet ifaçısı üçün ən yaxşı hal sənəti zirvədə tərk etməkdir. Belədə o, tamaşaçıların yaddaşında hər zaman ən yüksək nöqtədə qalacaq.

- Əvvəllər tez-tez səhnəsiz yaşaya bilmədiyini deyirdiniz. Bu qərara gəlmə anınız, yaşantılarınız, hissləriniz maraqlıdır...
- “Şəhrizad”da ifa etdiyim Zübeydə rolu ilə səhnəylə vidalaşdım və bundan sonra daha səhnəyə çıxmayacam. Vida tamaşamı teatrın rəhbərliyi təşkil etdi ki, gedişim mənə çətin gəlməsin, xoş anlarla yadda qalsın. Eyni zamanda bu tamaşanın nümayişi ilə tamaşaçılarla vidalaşmağa imkanım oldu.

İndi mən teatrın balet truppasının, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışıram. Bütün fəaliyyətim Azərbaycan milli baletinin yaşaması və inkişafına yönəlib. Mən gəncləri səhnəyə hazırlayıram, onlar səhnəyə çıxanda ifalarında özümü görürəm. Onlar rəqs edəndə mən öz səhnəyə çıxanda keçirdiyim hissləri yaşayıram: narahat oluram, həyəcanlanıram...

Amma əlbəttə, bu qərar illərlə özlüyümdə müzakirə etdiyim bir qərar idi, ona görə bu fikrə gəlmək mənə asan olmadı. Gənc yaşlarımda səhnə ilə vidalaşmağı ağlıma gətirməzdim. Onun necə, hansı vəziyyətdə baş verəcəyini təsəvvür belə etmirdim. Alqışlarsız, tamaşaçılarsız, səhnəyə ilk çıxış anlarımda, finalında yaşadığım hisslərdən uzaq necə yaşaya bilərəm? Bunu heç düşünmürdüm də.

Amma ildən-ilə hiss edirdim ki, səhnəyə çıxmaq artıq mənə çətin gəlir. Sadəcə səhnəyə olan sevgim imkan vermirdi ki, hər şeyi arxada qoyub bu addımı atım. Fiziki formamı qorumaq üçün çoxlu güc sərf edirdim.

- Ümumiyyətlə, bir balet ifaçısının səhnə həyatı neçə il davam edə bilər?
- Bəzən artist elə ciddi zədə alır ki, daha səhnə fəaliyyətini davam etdirə bilmir. Təəssüf ki, belə hallar bizim sənətimizdə tez-tez baş verir. Ona görə kimsə bəzən lap tez səhnədən gedir. Amma bəziləri dözür, son imkanına qədər rəqs edir və başa düşəndə ki, artıq fiziki qabiliyyəti ona davam etdirməyə imkan vermir, onda sənətdən uzaqlaşır.

Balet tamaşasında oynamaq üçün artist maksimum fiziki gücə malik olmalıdır. Amma bu keyfiyyət illərlə zəifləyir. Bunu hiss edən artist isə səhnədən getməlidir. Çünki səhnədə fiziki gücü zəif olan artist rolu həm texniki, həm də aktyorluq baxımından oynamaqda çətinlik çəkəcək.

- Formanızı necə qoruyursunuz?
- Bu, hər kəs üçün individualdır. Kimsə formasını dieta ilə qoruyur, kimsə doğuşdan şanslı olur. Amma əksər balet ifaçıları yüngül dieta saxlayır. Çünki biz sərt dietaların əleyhinəyik. Əks təqdirdə artistin səhnədə texniki hərəkətləri etməyə gücü çatmayacaq.

Bundan başqa balerinalar həm də tərəf-müqabillərinə əziyyət verməmək üçün çəkilərinə nəzarət etməlidirlər. Çəki artan zaman bu, tərəf-müqabilinin çox ağır vəziyyətə düşməsinə, həttə zədələnməsinə səbəb ola bilərlər.

- Zədələriniz çox olub?
- Əlbəttə, yetərincə olub. Deyirlər, bizim sənət çox acımasızdır. Çünki zədələrsiz bu sənətdə fəaliyyət göstərmək qeyri-mümkündür. Amma mən heç vaxt zədələrimin müalicəsinə çox vaxt sərf etməmişəm. Həmişə çalışırdım, tez sağalım.

Bundan başqa, mən hər yay bütün orqanizmimin müalicəsi ilə məşğul olurdum ki, mövsüm ərzində lazimi formada ola bilim. Yəqin ona görə də mən səhnə fəaliyyətimi zədələrə görə deyil, öz qərarıma görə bitirdim.

- Bütün bu zədələrin qarşılığında balet ifaçılarının maddi gəliri sizi qane edir?
- Biz Prezident tərəfindən maddi dəstək alırıq. Bu, onun göstəricisidir ki, balet sənətinə Azərbaycanda həqiqətən yüksək qiymət verilir və ifaçılara qayğı göstərilir. Yadımdadır, səhnədə çıxış etdiyim ilk illərdə ulu öndər Heydər Əliyev tez-tez teatrımıza gəlib, tamaşalarımıza baxardı. Bu, bizim üçün çox böyük hadisə idi. Tamaşalardan sonra o kulisə gəlib, solistlərimizlə söhbət edirdi. Unudulmaz anlar idi.

Balet sənətinə və ifaçılara olan bu diqqət və qayğı indi də davam edir. Biz bütün dövlət tədbirlərində çıxış edirik.

- Bayaq dediniz ki, səhnə karyeranızı pik nöqtədə yekunlaşdırdınız. Bu sənətdə ən pik nöqtə hardadır və bunu kimi müəyyənləşdirir?
- Yəqin bu o zaman baş verir ki, sən bir artist kimi teatrda oynanılan bütün tamaşalarda çıxış edirsən. Və səhnədə hər zaman tələb olunan balerinasan. Ona görə mənə prima-balerina deyirdilər.

Pik həm də o zaman olur ki, tamaşaçılar teatra tamaşaya baxmağa deyil, məhz sənin çıxışını izləmək üçün gəlirlər. Bu o deməkdir ki, artıq sənin öz tamaşaçın var.

- Qərarınıza tamaşaçılarınızın reaksiyası necə oldu?
- Bəziləri deyirdi ki, mənim səhnədən getməyə haqqım yoxdur. İnanın, tamaşaçılarımın fikirlərinə sevə-sevə qulaq asırdım və bütün bunlar mənə xoş təsir edirdi. Amma həyat gedir...

- Anasınız, bir qızınız var. Ailə, analıq hissi həyatınıza nə qatdı? Bu qısa balet həyatınızda bu məsuliyyətli addımı atanda nə düşünürdünüz?
- Belə bir fikir var, deyirlər, balet və analıq bir-birinə zidd anlayışlardır. Buna baxmayaraq bəzi artistlərimiz həm karyeralarında, həm də ailə həyatlarında bu xoşbəxtliyə nail ola biliblər. Çünki bu ikisini bir arada davam etdirmək həqiqətən çox çətindir. Övlad diqqət tələb edir, balet də həmçinin. Ona görə bizim kollektivdə bir-biri ilə ailə quran cütlüklərə çox tez-tez rast gələ bilərsiniz. Belə olan halda hər iki tərəf bir-birini anlayışla qarşılayır, kompromisə gələ bilirlər. İndi kollektivimizdə çoxlu uşaqlar var. Böyüklərdən tutmuş yenicə doğulmuş uşaqlara qədər bütün yaşlarda uşaqlarla qarşılaşa bilərsiniz.

Yəni demək istədiyim odur ki, balerinalar həm ana olurlar, həm də layiqincə sənət fəaliyyətlərini davam etdirirlər. Amma bir daha qeyd edim ki, bu ikisini paralel davam etdirmək çox çətindir. İçi mən qarışıq bu qərarı verən balerinalar bir tərəfdən də özlərini unudurlar.

Mənim həyat yoldaşım da kollektivimizin üzvü idi. Təəssüf ki, ailə həyatımız alınmadı. Bu haqda çox geniş danışmaq istəmirəm. Sadəcə onu deyim ki, ailə həyatımda ən çətin dövrlərim karyeramın ən yaxşı vaxtlarına təsadüf edirdi.

Düşünəndə ki, övladın teatra gəlib, səhnədə səni görüb və fəxrlə deyir ki, bu, mənim anamdır, inanın, bu mənə çox böyük stimul verir.

Ana olmaq müdrik olmaq deməkdir. Bu, hər bir insana özünə kənardan baxmağa, hadisələrə daha səbirli, daha sakit yanaşmağa vadar edir. Sən başa düşürsən ki, bundan sonra verəcəyin hər bir qərar övladına da təsir edəcək.

- Qızınız balerina olmaq istəsəydi, ona nə deyərdiniz?
- Qızımın 9 yaşı var. Mən onda heç vaxt bu sənətə fanatik istək görmədim. Bunu hər zaman əminliklə deyirəm, balet sənəti ilə ancaq onun fanatı olanlar məşğul olmalıdırlar. Kiminsə müvəqqəti həvəsi varsa, onlar bu sənətlə məşğul olmasalar yaxşıdır. Çünki balerinaların uşaq yaşlarından başlayaraq peşəkar ifaçı kimi özünü təsdiqlədiyi ana qədərki həyatı, inkişaf prosesləri çox çətin keçir.

Təhsil almaq, istedadını inkişaf etmək, daim öz üzərində işləmək - bu, mütəmadi məşq və böyük sevgi tələb edir. Bu sənətin fanatı olmayanlar üçün belə bir həyata tab gətirmək həqiqətən çox çətindir. Əgər sevmədiyim sənətlə məşğul olmuramsa niyə bu qədər əziyyətə qatlaşmalıyam? Mən qızımda bu sevgini görmədim. Görsəydim, seçiminə qarışmazdım.

- Amma deyəsən sizin ailənizdə seçiminizə qarışan olmuşdu. Atanız narazı idi...
- Bəli, atam bu sənətlə məşğul olmağımı istəmirdi. Amma başa düşəndən sonra ki, mən bu sənəti sevirəm, icazə verdi.

- Balerinaların həyatına həsr olunan bir neçə ekran əsəri var. Son olaraq da rejissor Darren Aranofski bu mövzuya müraciət edib, “Qara qu quşu” filmini çəkdi. O filmə baxıb, nə hiss etmisiniz?
- O filmə baxmışam. Bədii film olduğundan orda yaradıcı təxəyyülə çox yer verilmişdi. Balet həyatının mənəvi ağırlığı daha çoxdur. Hər dəfə səhnəyə çıxmazdan öncə yaşadığın stress nəyə desəniz dəyər. Üstəlik arzuladığın partiyaları ifa etmək üçün var gücünlə çalışırsan, amma hansısa səbəbdən onları oynaya bilmirsən. Və bir gün nəhayətdə o rolu sənə verirlər, bu, böyük xoşbəxtlik, eyni zamanda da böyük məsuliyyətdir.

Bütün bunlar insanın psixoloji durumuna çox təsir edir. Filmin rejissoru balerinaların psixoloji durumunu daha çox qabartmağa çalışıb. Əlbəttə, balerina həyatı filmin sonundakı kimi faciəvi sonluqla bitmir (gülür). Bu, yaradıcı təxəyyüldür.

Amma bir gün hər bir balet ifaçısında yaşadığı o mənəvi sarsıntılardan can qurtarmaq, uzaqlaşmaq istəyi yarana bilər.

- Xaraktercə necə birisiniz?
- Mülayim xarakterli olduğumu deyə bilmərəm... Məqsədə nail olmaq istəyən kəs mülayim xarakterli olmur. Yaxınlarımın dediyinə görə, mən bəzən mərhəmətli, bəzən də sərtəm.

- Sizi nə əsəbləşdirir?
- Xəyanətə, yalana dözümüm yoxdur. Bu iki şeyi insanlara bağışlaya bilmirəm. Mənim insanlara davranışım, bir gün mənə də bu cür davransalar, nə edərdim prizmasından qaynaqlanır. Məncə, hər kəs belə olmalıdır. Bir hərəkəti edəndə düşünmək lazımdır ki, mənə də eynisini etsələr, necə reaksiya verərəm.

- Çox ölkələrdə olmusunuz. Hansı ölkəni, şəhərləri sevirsiniz?
- Mən səyahəti çox sevirəm. Ona görə də hər yay bacardığım qədər səyahət edib, müxtəlif ölkələrə getməyə çalışıram.

Məncə, əgər yaxşı istirahət etmək istəyirsənsə mütləq mühiti dəyişməlisən. Yeni yerlər görmək, başqa temperamentli, başqa xarakterli, başqa adət-ənənələrlə yaşayan insanlarla tanış olmaq lazımdır. Bu, bizi dönüb öz həyatımıza, işimizə baxmağa vadar edir. Çünki biz bəzən əlimizdə olanları qiymətləndirməyi bacarmırıq.

- Bu məntiqlə yəqin Azərbaycanı da qarış-qarış gəzmisiniz. Doğrudur?
- Mən vətənimi sevirəm. Deyim ki, çox vətənpərvərəm. Demək olar ki, Azərbaycanın hər yerində olmuşam. Bakının isə hər yerini sevirəm. Bu şəhərin özünəməxsus aurası var. Burda doğulmuşam və bura mənim üçün ən rahat yerdir.

Söhbətimizi bitirib, bir-iki foto çəkib, gəldiyimiz yolla geri dönürük. Özümü saxlaya bilməyib, niyə Azərbaycan dilində səlis danışa bilmədiyini soruşuram. Kamilla xanım isə yolboyu maraqlı bir etiraf edir:

“Atam da, anam da azərbaycanlıdır. Məktəbi rus dilində bitirmişəm, sonrakı təhsilimi də o dildə almışam. Mən Bakı Xoreoqrafiya Məktəbində oxuyanda orda ancaq rus dilli qrup var idi. Sonra da teatra gəldim, burdakı kollektivin üzvləri rus dilində danışırlar. Həm də balet sənətində sözə ehtiyac da yoxdur.

Mən son iki ildir ki, Azərbaycan dilində danışmağı öyrənirəm. Azərbaycan dilində başa düşüb, azdan-çoxdan danışıram, amma hələlik fikrimi tam ifadə edə bilmirəm Onu deyim ki, artıq məktəbdə Azərbaycan dilli qrupumuz da var”.

Nərmin Muradova


Müəllif: