10 İyul 2016 18:14

Bu gün Azərbaycan Milli Hərəkatının tanınmış simalarından olan Rəsul Rəzəvi ev mülkü girovu qarşılığında saxlanıldığı Təbriz həbsxanasından bir həftəlik azadlığa buraxılıb.

Musavat.com bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tanınmış fəal mayın 19-dan başlayaraq 27 gün aclıq aksiyası keçirmişdi.

Əvvəl Abbas Lisaniyə dəstək üçün aclıq aksiyasına başlayan R.Rəzəvi daha sonra 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında açılan yeni istintaq işinə etiraz olaraq aksiyanı daha bir neçə gün davam etdirmişdi. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, o, öz vəziyyəti ilə bağlı İran prezidentinə açıq məktub hazırlasa da həmin məktubun göndərilməsinin və yayılmasının qarşısı alınıb.

Rəsul Rəzəvi ötən ilin dekabrında məlum “Fitilə” verilişinə qarşı keçirilən etiraz aksiyalarına qoşulması səbəbi ilə həbs edilib. Məhkəmənin qərarı ilə milli fəal Qüds günü aksiyalarında uyğur türklərinə edilən zorakılıqlarla bağlı Çin hökumətinə etiraz etdiyinə görə 1 il həbs cəzası almışdı.

Rəsul Rəzəvi bundan əvvəl də 2010-cu il aprelin 2-də Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyinə görə 2011-ci ilin oktyabrında işdən evə qayıdarkən saxlanılmışdı. 16 gün həbsdə olan milli fəal 30 milyon tümən qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılmışdı.


Müəllif: