15 İyul 2016 15:40
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Kərkük şəhərində İŞİD-ə qarşı döyüşən türkmən könüllü gücləri Əmirli bölgəsinin azad olunması üçün genişmiqyaslı əməliyyat həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyata Azərbaycan bayraqları ilə qatılan türkmənlər İraqı İŞİD-dən təmizlədikdən sonra Dağlıq Qarabağın azad olunması üçün döyüşəcəklərini söyləyiblər.

Məlumatlara görə, əməliyyatda məqsəd İŞİD-in planlaşdırdığı hücumun qarşını almaq olub. Türkmənlər yerli vaxtla 03:00-da terrorçulara qarşı hücuma keçib. Döyüşə 250-dən çox türkmən döyüşçü qatılıb. Əmirli qəsəbəsinə hücum 3 istiqamətdən həyata keçirilib.

Bəzi türkmən döyüşçülər əməliyyata Azərbaycan bayrağı və Ermənistan işğalı altında olan Qarabağ sözü yazılmış formalarla çıxıblar. 8 saat davam edən döyüşlərdə türkmənlər qələbə qazanıb və İŞİD-in nəzarətində olan strateji keçid məntəqələrini ələ keçiriblər.

Əməliyyatdan sonra açıqlama verən 16-cı dviziyanın komandiri Əbu Tayir Bəşirli Əmirli bölgəsindən Azərbaycana salam göndərib: "Biz Azərbaycandan çox məmnunuq. Azərbaycan parlamenti İraq türkmənlərinin haqlarının pozulması məsələsini müzakirə etdi. Qəhrəman Azərbaycan millətinə salam olsun. İnşallah, yaxın vaxtlarda Qarabağda uğur qazanarıq".

Əməliyyata Azərbaycan bayrağı ilə qatılan türkmən gənclər şəhid olmağa hazır olduqlarını deyiblər: "Biz Əmirliyə döyüşmək üçün gəlmişik. İŞİD-i hər yerdən qovacağıq. Buranı azad etdikdən sonra Azərbaycana gedəcəyik. Qarabağın azad olunmasında iştirak edəcəyik".

Samir


Müəllif: