22 İyul 2016 12:37
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhddən sonra Quru, Hava və Dəniz Qüvvələri Komandanlığının çoxlu sayda general, admiral və zabiti həbs olunub. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı boş qalan mühüm vəzifələri "Balyoz" və "Hərbi casusluq" kimi ittihamlarla mühakimə olunan və bəraət alan zabitlərə tapşırıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Milliyət" qəzetinin yazarı Gökhan Karakaş məlumat verib:

"Bülənt Olcay Sahil təhlükəsizliyi, Öndər Çələbi Amfibiya qüvvələri, Aykar Təkin Cənub qrupunun komandiri təyin edilib. Polkovniklər Cem Okyay və Yankı Bağcıoğluna Dəniz Qüvvələri Komandanlığında vəzifə verilib. "Təcili" tapşırıq ilə çağırılan zabitlər artıq vəzifələrinin icrasına başlayıb.

Hava Qüvvələrinin sabiq general-polkovniki Erol Olcayın oğlu polkovnik Bülənt Olcay Balyoz hadisələrinə qədər gələcəyin ən parlaq zabitlərindən biri kimi göstərilirdi. Balyoz hadisələrində tutulan Olcaya məhkəmə 18 il həbs cəzası çıxarıb. 4 il həbsxanada qalan Olcaq Konstitusiya məhkəməsinin qərarı ilə 2014-cü ildə azadlığa çıxıb. O, Sahil Təhlükəsizliyi komandiri vəzifəsinə təyin edilib. Bu vəzifəni icra edən admiral Hakan Üstəm isə hərbi çevrilişə cəhddən sonra işdən uzaqlaşdırılıb.

Dəniz Qüvvələrinin polkovniki Öndər Çələbi də Balyoz hadisələri ilə bağlı saxlanılıb və 16 il həbs cəzasına məhkum edilib. 3 il həbsdə qaldıqdan sonra azad edilib. O, bu vəzifədə kontradmiral Aydın Şirini əvəz edib.

Dəniz Qüvvələrinin digər polkovniki Aykar Təkin Balyoz hadisələri ilə bağlı məhkəmənin qərarı ilə 16 il həbs cəzasına məhkum edilib və 3,5 il həbsxanada qalıb.

Türkiyə Dəniz Qüvvələrinin ən böyük döyüş gəmisində komandirlik edən polkovnik Cem Okyay Balyoz hadisələri ilə bağlı aparılan araşdırma zamanı saxlanılıb, Maltəpə hərbi həbsxanasında məhkəmə tərəfindən ona kəsilən 16 illik həbs cəzasının bir qismini çəkib və azadlığa çıxıb.

Dəniz Qüvvələrinin polkovniki Yankı Bağcıoğlu isə hərbi casusluq işi üzrə saxlanılıb, 3 il həbs cəzası çəkdikdən sonra bəraət alıb.

Samir


Müəllif: