23 İyul 2014 17:28

Müsavat Gənclər Təşkilatının fəalı Fərəc Kərimov saxlanılıb

Bu haqda fəalın atası Raqif Kərimov BBC Azərbaycancaya deyib.

"Bu səhər anası xəstələndiyindən təcili yardımla xəstəxanaya gedib. Xəstəxanada anasını reanimasiya şöbəsinə aparandan sonra Fərəci kimliyi məlum olmayan şəxslər aparıb".

Xəstəxanada "izlənməsi" barədə Fərəc Kərimov özü ailəsinə xəbər verib, amma daha sonra ona zəng çatmayıb.
Hazırda ata Kərimov oğlunun hara aparıldığını bilmir. Onun sözlərinə görə, Baş Prokurorluğa və polisə- 102 qaynar xəttinə müraciət etsə də, hələlik cavab almayıb

Elə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də Qaynar Xəttə müraciət etməyi məsləhət görüb.

"Saxlanılıbsa, aidiyyatı qurumlar iş aparır və axşamüstü məlumat çıxar", Mətbuat Xidmətinin əməkdaşı Orxan Mansurzadə BBC Azərbaycancaya bildirib.

Raqif Kərimov deyir ki, bundan əvvəl yaşadıqları ev bir neçə gün ərzində nəzarətdə olub.

"Güclü nəzarətdə idi, elə bil Ben Ladeni axtarırlar", o təsvir edir.

Kərimovun sözlərinə görə, iyulun 17-də "heç bir siyasi fəaliyyəti olmayan" böyük oğlu Sirac Kərimov narkotik ittihamı ilə 3 aylıq həbs edilib, Kürdəxanıya göndərilib.

Fərəc Kərimovun saxlanmasının səbəbini isə atası oğlunun siyasi fəaliyyəti ilə izah edir. "Fərəc İnternetdə aktiv idi", o deyir.

Musavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə BBC Azərbaycancaya müsahibəsində bildirib ki, o, fəalın saxlanılmasını "siyasi təzyiq" kimi qiymətləndirir.

/BBC/


Müəllif: