11 Yanvar 2018 12:10
5 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.

Prezident İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verilib. Bildirilib ki, ildə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır.

Bəs Ro-Ro terminalı və Ro-Ro gəmiləri nədir?

Teleqraf.com bildirir ki, Ro-Ro gəmi tipidir. “Roll on” və “Roll off”un ilk iki hərifinin qısaldılmasından yaranıb. Bu tip gəmilərdən təkərli nəqliyyat vasitələrinin daşınmasında istifadə olunur. Bura TIR, avtomobil, traktor, tank və sair kimi nəqliyyat növləri daxildir.

Ro-Ro gəmiləri istifadəsinə görə çox rahatdır. Yüklənmə və boşaltma zamanı hər hansı avadanlıqdan istifadə olunmur. Texnikalar özü hərəkət edərək üfiqi vəziyyətdə asanlıqla gəmiyə daxil olur və çıxır. Digər tərəfdən, Ro-Ro gəmilərində yükdaşıma daha təhlükəsiz sayılır.

Ro-Ro daşımalarında digər gəmi növləri ilə müqayisədə ciddi vaxt itkisi yaşanmır.

Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat Donanmasına məxsus iki Ro-Ro gəmisi var. Bunlar “Bəstəkar Qara Qarayev” və “Bəstəkar Fikrət Əmirov” gəmiləridir. Uzunluğu 125,25, eni 16,22 metr olan həmin gəmilərin yükgötürmə qabiliyyəti 3463 tondur.


Müəllif: Səxavət