15 İyul 2015 19:05
370

Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupunun 7-ci iclası keçirilib.

Teleqraf.com Azərbaycan Nəqliyyat Nazirliyinə istinadən məlumat verir ki, iclasın gündəliyinə Şərq-Qərb dəhlizi istiqamətində Şuraya üzv dövlətlər arasında multimodal daşımaların sürətləndirilməsi yollarının müzakirəsi, onların ərazilərində həyata keçirilən prioritet nəqliyyat layihələri və nəqliyyat sahəsində səmərəli əməkdaşlığa nail olmaq üçün perspektiv planlarla bağlı məsələlər daxil edilib.

İclas zamanı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikası arasında beynəlxalq kombinəedilmiş yük daşımaları haqqında Hökumətlərarası Saziş” layihəsinin ilkin mətninin razılaşdırılması, təşkilata üzv ölkələrin daşıyıcılarının qarşılaşdığı problemlərin müzakirəsi, Nəqliyyat Nazirlərinin üçüncü və Şura çərçivəsində imzalanmış Anlaşma Memorandumuna əsasən təsis edilən Qardaşlaşmış Limanların ikinci iclasının yerinin və tarixinin müəyyənləşdirilməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası – Avrasiya Nəqliyyat Bağlantıları üzrə Ekspertlər Qrupu ilə İşçi Qrupunun birgə iclasının keçirilməsi perspektivləri üzrə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Müzakirələrdə Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndəsi də iştirak edib.


Müəllif: