5 İyul 2014 15:43
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şimali Qafqazda radikal islami qruplar, vəhhabilər anlayışının güclənməsi Rusiyanın burada hərbi gücünü artırmağa yönəldilmiş kampaniyadır”.

Bu sözləri politoloq Ərəstun Oruclu Qafqazdakı son siyasi prosesləri şərh edərkən bildirdi.

O, Rusiyanın istənilən vasitə ilə Gürcüstandan Ermənistana yol açmaq istədiyini deyib:

“Gürcüstan vasitəsilə Rusiyanın Ermənistana yol açma planı çoxdan var. Əgər xəritəyə diqqət etsəniz, görərsiniz ki, Cənubi Osetiya ilə Cavaxetiya arasında kiçik zolaq var. Bu isə Tiflisin nəzarətindədir. Rusiya 2008-ci ildə Gürcüstana müdaxilə edən zaman məhz həmin zolaq üzrə hərəkət etmişdi. Halbuki həmin dövrdə bu istiqamətdə rus qoşunlarının hərəkəti məqsədəuyğun deyildi. Deməli, artıq Rusiya kəşfiyyat xarakterli gediş edərək, bu zolağı ələ keçirməyə çalışıb. Amma bu, bölgədə yenidən müharibə və ciddi şəkildə hərbi qarşıdurma deməkdir. Rusiyanın Şimali Qafqaz ərazisi elə bir yerdir ki, bura Moskva üçün saat mexanizmi qurulmuş bombadır. Bu, Rusiyaya lazımdırmı? Rusiyanı bu gün xarici addımları atmağa məcbur edən təbii ki, daxili faktorlardır. Putin bu addımları atmaqla daxildəki opponentlərinin ona qarşı olan fəallığını zəiflətdi. Bu, təhlükəli və riskli siyasətdir. Çünki revanşı hərbçilər götürə bilər. Bu, həm də Azərbaycan üçün böyük problemlər yarada bilər”.

Politoloq islami qrupların Şimali Qafqazda fəallaşması xəbərlərinin sadəcə, Rusiyanın buraya qoşun yeritməsi üçün bəhanə olduğunu söylədi:

“İŞİD-in Şimali Qafqazda digər islam qruplarının aktivliyinin artırılması üçün ilham mənbəyi olacağına inanmıram. Şimali Qafqazda radikal islami qruplar, vəhhabilər anlayışının güclənməsi Rusiyanın burada hərbi gücünü artırmağa yönəldilmiş kampaniyadır. Ola bilsin, burada müəyyən qruplar kimlərəsə hücum edə bilər ki, bu da bölgədə hərbi gücü artırmaq üçün bəhanə ola bilər. Bu addımların atılması piar hazırlığına oxşayır. Bu, dəfələrlə olub. Məqsəd isə Şimali Qafqazda öz mövqelərini gücləndirməkdən ibarətdir. Digər bir məqam isə ondan ibarətdir ki, qonşu dövlətlərlə sərhəd bölgəyə qoşunların toplanılması heç də yaxşı niyyətlərdən xəbər vermir. Söhbət burada Cənubi Qafqaz ölkələrinə xüsusən Azərbaycan və Gürcüstana ediləcək hərbi təzyiq, yaxud da hərbi şantajdan söhbət gedir”.

Qeyd edək ki, dünən rus qoşunları Gürcüstanın Qori rayonunun Kere kəndini ələ keçiriblər.

/axar.az/


Müəllif: