24 İyul 2014 11:18

Oqtay Gülalıyev: “Milli Şura üzvlərinin dəqiq sayını demək mümkün deyil”

“Milli Şuranın əsasnaməsinə görə, sessiyalar bir aydan gec olmayaraq keçirilməlidir. Amma yer problemi yaşadığımız üçün sessiyalar bir neçə dəfə təxirə salınıb. Biz ötən həftə sessiyanı keçirməyi planlaşdırırdıq, ancaq alınmadı. Tək səbəb yer problemidir. İndiyə qədər bizim sessiyamız AXCP-nin icarəyə götürdüyü qərargahda olub. İndi isə AXCP-nin qərargahı yoxdur”.

Bunu Milli Şuranın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, Milli Şuranın Koordinasiya Şurasının üzvləri sessiyanın keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, lakin bu günə qədər cavab ala bilməyiblər:

“Biz müxtəlif yerlərin ayrılmasını təklif etmişik. Həm də Milli Şuraya daxil olan partiyaların da ayrı-ayrılıqda müraciətləri olub. Sonuncu müraciətimiz Milli Şuraya daxil olan qeyri-siyasi təşkilatlardan birinin adı ilə edilib. Sonradan razılıq əldə olundu, tədbiri keçirmək üçün yer haqqı da verildi. Ancaq sonradan qarşı tərəf bundan imtina etdi. Odur ki, bizim sessiya ilə bağlı qeyri- müəyyənlik davam edir. Biz çalışırıq ki, yaxın vaxtlarda sessiyanı keçirək”.

O.Gülalıyev əlavə edib ki, KXCP öz qərargahında sessiyanın keçirilməsini təklif etsə də, şəxsən özü bu haqda bir söz deyə bilməz: “Milli Şuranın bir neçə sessiyası KXCP-də keçirilib. Ancaq oranın müəyyən qədər darısqal olduğuna dair fikirlər də var. Milli Şura istəyir ki, sessiyaları daha geniş və münasib yerlərdə keçirsin”.

Milli Şuranın konkret neçə üzvü olduğuna gəldikdə O.Gülalıyev bildirib ki, bu haqda konkret fikir söyləyə bilməz: “Son zamanlar Azad Demokratlar partiyasının üzvləri Milli Şurada fəaliyyətlərini dayandırıblar. Bu baxımdan Milli Şura üzvlərinin sayını konkret deməkdə çətinlik çəkirəm. Onların istefasına qədər Milli Şuranın səksənə yaxın üzvü olub. Onu da deyim ki, Milli Şuraya üzv olmaq üçün müraciətlər var. Əgər sessiya keçirilsə, bu məsələyə baxılacaq”.

Milli Şuranın ictimaiyyətlə əlaqələrinə məsul şəxs Vaqif Mahmudovun bu qurumu tərk etməsi və onun fəaliyyəti haqqında ciddi ittihamlar irəli sürməsindən də məlumatsız olduğunu deyib: “Məndə bu haqda məlumat yoxdur. İstəməzdim ki, kiminsə ünvanına ciddi tənqid və ya ittiham irəli sürüm. Amma bir çox insanların mübarizə və dözüm imkanları müəyyən vaxta qədərdir. Milli Şuradan kimsə çıxırsa, demək, onların fəaliyyət imkanları bura qədər olub. Mən onlara sual edirəm, bəs sizin təmsil olunduğunuz partiyanın perspektivi nə qədərdir və nə qədərmiş? Siz Milli Şura haqqında belə fikirlər səsləndirirsiniz, bəs öz siyasi təşkilatlarınızın perspektivi haqda nə deyə bilərsiniz və ümumiyyətlə deyirsinizmi? Odur ki, mən həmin şəxsin iddialarını doğru hesab etmirəm. Mən Milli Şura üzvü olan və sonradan burada fəaliyyətini davam etdirə bilməyən şəxslərə uğurlar arzu edirəm. Amma məsələlərə daha real baxmağı da məsləhət görürəm”.

CAVİDAN


Müəllif: