2 İyun 2014 16:38
1 251

Züqanov Rauf Qurbanovu yubileyinə çağırdı

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin büro iclası keçirilib.

Partiya sədri Rauf Qurbanov Teleqraf.com-a açıqlamasında bildirdi ki, iclasda AKP-nin bələdiyyə seçkilərinə hazırlıq barədə məsələ müzakirə olunub:

“Rayon, şəhər komitəsinin rəhbərlərinə tapşırıldı ki, yerlərdən namizədliyi irəli sürüləcək partiya üzvlərinin siyahıları əvvəlcədən Mərkəzi Komitəyə təqdim edilsin. Komitə adları qeyd olunan şəxslərin namizədliyini müzakirə edəcək. Qərar qəbul olunandan sonra namizədlər müvafiq dairə və məntəqələrdən öz namizədliyini irəli sürə biləcək”.

O, iyunun 26-da Kommunist Partiyalar İttifaqının İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün Moskvaya yola düşəcəyini də bildirib: “Bundan başqa həmin gün Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovun 70 illik yubileyidir. Yubiley tədbirində iştirakla bağlı mənə dəvətnamə gəlib. Züqanov ictimaiyyətdə geniş nüfuza, hakimiyyətdə müəyyən rıçaqlara malik olan siyasi liderdir. Xaricdən qonaqlar, Rusiya siyasi liderləri, hakim elitanın rəhbərləri, prezident Putin, baş nazir Medvedyev, parlamentin spikerinin və digər şəxslərin iştirakı nəzərdə tutulub. Dünənki iclasda bu dəvəti də müzakirə etdik. Bizim büro üzvlərimiz mənim Moskvadakı tədbirlərdə iştirakımı dəstəklədilər”.


R.Qurbanov qeyd etdi ki, Azərbaycandakı bələdiyyə seçkiləri və Kommunist Partiyasının seçkiyə hazırlığı barədə Moskvadakı tədbirdə ətraflı məlumat verəcək: “Eyni zamanda 2015-ci ildə keçiriləcək parlament seçkilərində AKP-nin iştirakı ilə bağlı məlumat xarakterli çıxışım olacaq”.

Nərgiz


Müəllif: