12 İyul 21:02
161

"İlk gündən bizimlə məşq edən oyunçular bu cür rəqiblə oyuna hazırdılar. Sonradan qoşulanlar isə tamamilə oynayacaq durumda deyillər. Lakin ola bilər ki, onlardan bəziləri meydana çıxacaqlar."

Teleqraf.com xəbər verir ki, bunu Avropa Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Yagelloniya” ilə ilk matçdan öncə təşkil edilən mətbuat konfransında “Qəbələ”nin baş məqşçisi Roman Qriqorçuk söyləyib.

Əlli İki yaşlı ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Rəqib baş məşqçi deyib ki, "Qəbələ"nin baş məşqçisi yeni oyunçuları start heyətdə buraxsalar, sevinərik. Bu barədə nə deyə bilərsiniz?

- Əlimizdən gələni edəcəyik ki, rəqib məmnun qalsın (gülür).

- Heyətdə dəyişikliklərin çox sayda olması nədən qaynaqlanır?

- Artıq 3-cü ildir ki, komandanı tez toplayıb, avrokubok matçına çıxmışıq. Hər dəfə fasilə zamanı yeni oyunçular gəldi, bəziləri də getdi. Yenilər vəziyyətə uyğunlaşır və komanda hazır olur. Bu, maraqlı bir prosesdir. Komandaya qoşuların qisməndə olsa, hazır vəziyyətdə olmasını istərdik. Lakin indilərin çoxu 4-5 həftəlik tətilindən gəliblər. Matçdan matça fərq olacaq. Allah eləsin ki, mərhələni keçək.

- Rəqib barədə nə deyə bilərsiniz?

- Güclü kollektivdir. Oyun tərzi və yanaşması olan bir rəqibdir. Ölkə çempionu olmağa yaxın idilər və heyətlərini qoruyublar.

- Ötən illərlə müqayisədə yeni futbolçuların səviyyəsi necədir?

- Bu futbolçuları götürdüyümüz üçün sevinirəm. Çünki seçim etmişik. İndi müqayisə edə bilmərəm. Çünki əvvəlki mövsümlərdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. İndi isə yarışa yeni başlayırıq. Qeyd edim ki, "Qəbələ"də heç yerdə olmadığı qədər çətinliklərlə üzləşmişəm. Nədənsə hər şey çox çətin alınır. Həyatımda belə şey olmamışdı. Bununla bağlı kitab yazaram.

- Yeni oyunçular "Qəbələ"nin sisteminə uyğunlaşır, yoxsa onlara uyğun bir sistem tətbiq edəcəksiniz?

- Bizdə vəziyyət elədir ki, sırf öz tərzimizə uyğun gətirmək çətindir. Yeni oyunçular tədricən uyğunlaşır.

- Digər klublarımızın avrokubokda uğurlu startı "Qəbələ" üçün təzyiq yaratmır ki?

- Biz buna sevinirik. Azərbaycan klublarının hər qələbəsi bizim üçün yaxşıdı. Uduzsaq belə, onların qələbəsinə sevinəcəyik. Öz oyunumuzu düşünürük və qalib gəlmək istəyirik.

- Əcnəbi futbolçuların transferi zamanı Azərbaycan Premyer Liqasındakı limiti nəzərə almısınız?

- Əlbəttə, nəzərə almışıq. Belə olan vəziyyətdə rəqabət də olur. Onların sayının problem olduğunu düşünmürəm.

- Bəzi əcnəbi futbolçular əyalətdə yaşamaq istəmirlər. Bu baxımdan transfer məsələsi çətinlik yaratmır?

- Doğrudur, belə bir problem var. Yeni oyunçularımıza söz vermişik ki, bu mövsüm Bakıda daha çox olacağıq. Avropa klubundan 10 manatlıq təklif alana biz 25 manat verməliyik ki, bura gəlsin. Legionerlırin çoxu mərkəzdə yaşamağa üstünlük verirlər.

- Hər kəs "Qəbələ"dən əvvəlki mövsümdəki uğurlu çıxışı gözləyir. Mərhələ keçsəniz, yeni transferlər olacaq?

- Gəlin, çox irəliyə getməyək. Hazırda yalnız sabahkı oyunda qalib gəlmək barədə düşünürük.

Qeyd edək ki, iyulun 13-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Yagelloniya” oyunu saat 21:00-da başlayacaq.

/Report/


Müəllif: Teleqraf.com