7 Mart 2015 18:25
408

Azərbaycanın trek velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Sloveniyanın "Lyublyana" şose komandası ilə müqavilə imzalayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, velosipedçimiz artıq bu gün yeni komandasının heyətində ilk yarışda iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydaları idmançılara eyni anda həm şose, həm də trek yarışlarında iştirak etməyə imkan verir. Bu ilin yayında ev sahibliyi edəcəyimiz Bakı-2015 ilk Avropa Oyunlarının şose növündə iştirakı planlaşdırılan Y.Pavluxinanın "Lyublyana" komandasının heyətində çıxış etməklə məsul yarışa daha yaxşı hazırlaşacağı isə heç kimdə şübhə doğurmur.

Yeri gəlmişkən, bu günlərdə Sloveniya paytaxtının adını daşıyan "Lyublyana" komandasının adıçəkilən ölkədə təqdimat mərasimi olub. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katibi Fərhad Əliyev də iştirak ediblər. Azərbaycan yığmasının üzvünə böyük ümidlər bəslədiklərini deyən klub rəhbərliyi Y.Pavluxinanın "Lyublyana"ya faydalı olacağına əminliklərini ifadə edib.

Bu gün "Lyublyana" 2015-ci il mövsümündəki ilk yarışında iştirak edəcək. Tərkibində yığma üzvümüzün də olduğu 6 nəfərlik heyət İtaliyada təşkil olunacaq və 16 komandanın iştirakı ilə keçiriləcək 1.1 kateqoriyalı birgünlük "Strade Bianche" turnirində mübarizə aparacaq.


Müəllif: