18 İyul 2015 00:37

İyulun 17-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, püşkatmada növbəti mərhələnin 29 cütü müəyyənləşib. Azərbaycanı bu turnirdə təmsil edən “İnter” və “Qəbələ” klublarının potensial rəqibləri məlum olub.

“İnter” səfərdəki ilk görüşdə 2:1 hesabı ilə qalib gəldiyi İslandiyanın “Hafnarfyordur” klubunu keçəcəyi təqdirdə, onun rəqibi İspaniyanın məhşur “Atletik Bilbao” komandası olacaq.

“Qəbələ” isə Serbiyada 0:1 hesabı məğlub olduğu “Çukariçki” səddini adlasa, “Apollon” (Kipr) – “Trakai” (Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. İlk oyunda 4:0 hesabı ilə qalib gələn Kipr təmsilçisi növbəti mərhələyə vəsiqəni demək olar ki, həll edib. Bu mərhələnin oyunları iyulun 30-da və avqustun 6-da keçiriləcək.

Bu gün, həmçinin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Burada da növbəti mərhələnin 15 cütü müəyyənləşib.

Ölkəmizi bu turnirdə təmsil edən Ağdamın “Qarabağ” komandasının da potensial rəqibinin adı bilinib. İkinci təsnifat mərhələsində Monteneqronun “Rudar” klubu ilə qarşılaşan Ağdam təmsilçisi bu mərhələni keçərsə, Şotlandiya təmsilçisi “Seltik”lə qarşılaşa bilər. Çünki “Seltik” ilk oyunda İslandiyanın “Styarnan” klubundan 2:0 hesabı ilə üstün olub.

Üçüncü təsnifat mərhələsinin oyunları isə iyulun 28-də və 29-da, avqustun 4-5-də təşkil ediləcək.


Müəllif:
Загрузка...