10 Aprel 2018 14:55
4 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com iqtisadçı Vüqar Bayramovla müsahibəni təqdim edir.

- Vüqar bəy, Rusiya fond bazarında mənfi reqressiya başlayıb. Şirkətlərin səhmlərində ciddi enmələrlə paralel 50 milyarderin sərvəti 12 milyard dollar ucuzlaşıb. Valyuta bazarında da neqativ proses yaşanır. Avronun məzənnəsində 2 rubl, dollarda isə 1,5 rubl artım olub. Rusiyada nə baş verir?

- Əslində biz rus rublunun qiymətdən düşəcəyi və birjalarda səhmlərin ucuzlaşacağı proqnozunu vermişdik. Çünki ABŞ-ın tətbiq etdiyi sanksiyaların genişlənməsi nəticəsində Rusiyada xarici valyutaya tələbat artır. Bu prosesdə rublun ucuzlaşacağı gözlənilirdi.

Hələlik Rusiya Mərkəzi Bankı vəziyyətə nəzarət etməyə, rublun avro və dollar qarşısında kəskin ucuzlaşacağına imkan verməməyə çalışır. Lakin buna baxmayaraq Rusiya ilə ABŞ arasındakı mövcud əlaqələr rublun növbəti mərhələdə daha çox ucuzlaşmasına gətirib çıxara bilər. Rusiyada səhm və qiymətli kağızlar bazarında azalmaların davam edəcəyi qaçılmazdır. Gərgin münasibətlər Rusiyada səhmlərin qiymətdən düşməsinə səbəb olacaq.

Həmçinin Rusiyanı tərk edən investisiyada da artımlar var, bu isə Rusiyada dollara olan tələbatın ödənməsinə və real sektordakı aktivliyə neqativ təsir göstərir. Bu mənada rublun məzənnəsinin azalmalar gözlənilən prosesdir və bunun davam edəcəyini demək olar. Eləcə də Qərblə münasibətlərdə gərginlik davam edərsə, 2019-cu ildə Rusiya iqtisadiyyatında daha ciddi azalmalar baş verəcək. Bu mənada Rusiya iqtisadiyyatının daha çox azalması riskləri var. Bu, nəticə etibarı ilə şimal qonşumuzda gərgin iqtisadi münasibətlərə səbəb olacaq.

- Bəs Rusiyada kəskin devalvasiya gözlənilirmi?

- Rusiya üzən məzənnə siyasəti aparır. Kəskin və geniş proses proqnozlaşdırılır. Amma bu devalvasiya kimi təqdim edilməməlidir. Çünki Rusiyada tənzimlənən olsa da, nisbətən üzən məzənnə siyasəti var. Bu mənada rublun dollara münasibətdə kəskin enişi mümkün hesab olunur.

- Rusiyada çoxsaylı azərbaycanlılar yaşayır, eləcə də Rusiya-Azərbaycan iqtisadi əlaqələri genişdir. Bu baxımdan şimalda baş verən neqativ iqtisadi proseslərin Azərbaycana hansı mümkün təsirləri ola bilər?

- Rusiya iqtisadiyyatının zəifləməsi, rublun dollar qarşısında ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün arzuedilən deyil. Bu, praktik olaraq Azərbaycan iqtisadiyyatına təsir göstərir. Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır. Azərbaycanın qeyri-neft sektorunda ixracatının 600 milyon dolları Rusiyanın payına düşür. Rublun ucuzlaşması Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcminin azalmasına səbəb ola, manata təzyiqi gücləndirə bilər.

- Son dövrlər Türkiyə milli valyutasının da dollar və avro qarşısında zəifləməsi müşahidə olunur...

- Təbii ki, bu da Türkiyə-Qərb münasibətləri ilə bağlıdır. Münasibətlərin kəskinliyi türk iqtisadiyyatına təsirsiz ötüşmür. Türk lirəsi də psixoloji həddən aşağı düşüb. Üstəlik, xarici investisiyanın Türkiyədən çəkilməsi prosesi də müşahidə olunur. Xüsusilə, alman investisiyasının Türkiyəni tərk etməsi faktdır. Bu baxımdan güman edilir ki, Türkiyə lirəsinin ucuzlaşması tendensiyası davam edəcək.

Əslində türk lirəsinin dollar və avro qarşısında ucuzlaşması da bizim üçün arzuedilən deyil. Çünki Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaş ölkədir.

- Həm Rusiya, həm də Türkiyə milli valyutası dollar və avroya nisbətdə ucuzlaşır. İranda da analoji proses yaşanır. Bu neqativ vəziyyət Azərbaycan manatına hansı real təsirlər göstərə bilər?

- Azərbaycanda dollara tələbatın artması müşahidə olunur. Son iki-üç ayda hərraclar vasitəsilə 1,3 milyard dollar satılıb. Bu, 2017-ci ilin birinci rübü ilə müqayisədə təxminən 60 faiz çoxdur. Rublun və lirənin dollarla müqayisədə ucuzlaşması Azərbaycan milli valyutasına psixoloji təsirlər edir. Qonşu ölkələrdə milli valyutaların ucuzlaşması bizim üçün sərfəli deyil.

- Sözsüz ki, dünya və regionda baş verən gərgin iqtisadi münasibətlər fonunda proqnozlar irəli sürmək asan deyil. Bəzən dolların 2 manata, bəzənsə 2 manat 20 qəpiyə qədər bahalaşa biləcəyi haqda fikirlər səslənir. Sizin proqnozlarınız necədir?

- Dollara tələbatın artacağı şübhəsizdir. Ancaq məzənnənin dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Mərkəzi Bank məzənnənin müəyyənləşdirilməsində həlledici rola malikdir. Amma dollara olan tələbin növbəti aylarda artacağı gözlənilir.

- Tələbatla yanaşı qiymət artımı da müşahidə ediləcəkmi?

- Bu, daha çox Mərkəzi Bankın aparacağı məzənnə siyasətindən asılı olacaq. Tələb artırsa Mərkəzi Bank məzənnənin saxlamaq üçün tələbatı qarşılamalıdır. Tələbi qarşılaya bilməsə, məzənnədə azalmalar mümkündür. Odur ki, bu məsələdə Mərkəzi Bankın mövqeyi aparıcıdır.


Müəllif: Cavad