22 Mart 2015 20:15
322

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala qoyulmuş xarici investisiyaların ümumi həcmi 811 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,1 faiz çoxdur.

Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-fevral aylarında əsas kapitala qoyulan sərmayələrin 94,2 faizi (763,9 milyon manat) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya investorlarının payına düşür.

Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 37,5 faiz, investisiyaların özü isə 304,57 milyon manat təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyyatına Norveç 137,44 milyon manat (xüsusi çəkisi 16,9 faiz), Türkiyə 96,48 milyon manat (11,9 faiz), Rusiya və İranın hər biri 57,34 milyon manat (hər biri 7,1 faiz), ABŞ 45,23 milyon manat (5,6 faiz), Yaponiya 37,06 milyon manat (4,6 faiz), Fransa isə 28,41 milyon manat (3,5 faiz) investisiya qoyub.

Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya həcmi Dünya Bankı tərəfindən qoyulub (3,9 faiz xüsusi çəki ilə 31,75 milyon manat). Asiya İnkişaf Bankı yanvar-fevral aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 8,75 milyon manat (1,1 faiz), Avropa Yenidənqurma və İnkişaf Bankı isə 143,9 min manat ayırıb.


Müəllif: