31 İyul 2015 18:32
411

“Mahnılarımı icazəsiz oxuyan əcnəbi müğənnilər var”

“Mahnım əcnəbi ölkələrdə səslənəndə ona ”Azərbaycan bəstəsidir",- deyə müraciət edəndə xoşbəxt oluram. Əgər sabah xarici ölkədə yaşayan tanınan müğənni mahnımı oxuyub, bunun qarşılığında mənə pul ödəməyəcəksə, yenə də onunla qəti şərt kəsmərəm. Dünyanın istənilən ölkəsində mahnım ifa olunan zaman əsas fikir verdiyim məqam orada Azərbaycan sənətinin təmsil olunmasıdır. Bu, mənim üçün önəmlidir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə deyib. Onun sözlərinə görə, müəllif hüquqlarının qorunması sahəsində heç vaxt müğənnilərlə kəskin fikir ayrılıqlarının olmasına şərait yaratmır: “Onsuz da, xaricdə Gövhər Həsənzadənin adını çəkən yoxdur, mahnılarıma hər zaman ”Azərbaycan musiqisi"-deyə müraciət edirlər. İcazəsiz mahnımı oxuyan əcnəbi müğənnilərin siyahısını hazırlayıram. Burada Tacikistanda fəaliyyət göstərən bir müğənni, dağıstanlı Samirə adlı ifaçıların adları var. Onlar mahnılarımdan birini məndən icazəsiz oxuyublar. İllər əvvəl rusiyalı tanınmış müğənni Valeriya da Almaz Ələsgərovanın repertuarında olan “Yazığım gəlir sənə” mahnımın tam versiyasını götürüb, tərcümə edib oxumuşdu. Bu, çox əvvəl olduğuna görə yenidən onu gündəmə gətirməyəcəm. Amma son illərdə kim oxuyubsa, onlara qarşı çox sərt olacam. Bu mənada Müəllif Hüquqları Agentliyi mənə hər cür dəstək olacağını deyib. Türkiyədə heç kim mahnımı qanunsuz oxumur. Mən Türkiyədə fəaliyyət göstərən MESAM qrupunun üzvüyəm və müqaviləyə əsasən onlar bu kimi məsələlərə çox diqqət yetirirlər. Əgər qanun pozuntusu olarsa, həmin insan 150 min TL (Türk Lirəsi - red.) təzminat ödəməlidir. Kim istəməz 150 min TL alsın? Ona görə də orada kim oxuyubsa, adımı qeyd etməyə məcburdur. Həmçinin efirlərdə səslənən mahnılarıma görə, hesabıma pul köçürülür. MESAM-la bağladığım müqaviləyə əsasən birlik mənim mahnılarımı müğənnilərə təqdim edir və pul məsələlərini də özü tənzimləyir. Ya hansısa məbləği mənim hesabıma ödəyir, ya da mahnı harada ifa olunursa, faizi mənə çatır. Ona görə orada mahnılarımın neçəyə satıldığını dəqiq bilmirəm".

Nərmin


Müəllif: