18 Aprel 2017 20:58
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla dərin dostluq əlaqələri qurmuşuq” – Fələstin XİN

Azərbaycanla Fələstin Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib. Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində ikitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində hökumətlər tərəfindən həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb.
E.Məmmədyarov İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edərək, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Fələstin Dövlətinin Azərbaycanın mövqeyini dəstəkləməsini minnətdarlıq hissi ilə qeyd edib.

Bu dəstəyin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki E.Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə Azərbaycan və Fələstinin qarşılıqlı hörmət və dəstəyə əsaslanan dərin dostluq əlaqələri qurduğunu qeyd edib.

Riyad Əl-Maliki iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Səxavət


Müəllif: Səxavət HƏMİD