24 Aprel 2017 13:37
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da İranda prezident seçkisi keçiriləcək. Mindən çox namizəddən cəmi 6 nəfərin namizədliyi təsdiq olunub. Məsələn, sabiq prezident Mahmud Əhmədinejatın namizədliyi qeydə alınmayıb. Buna baxmayaraq, namizədlər arasında mühafizəkarların təmsilçiləri kifayət qədərdir. Bunların içərisində İranın keçmiş prokuroru Rəisini və Tehranın meri Qalibafı göstərmək olar.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik materialda öz əksini tapıb.

Qeyd olunur ki, Qərb ölkələri İranda prezident seçkisində mühafizəkarların qələbəsində maraqlı deyil. Onlar bu qələbədənsə Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsində maraqlıdırlar:

“Çünki məhz Həsən Ruhaninin dövründə nüvə anlaşması imzalandı, beynəlxalq aləm gərginlikdən qurtardı. 6-7 il əvvəl gündəmin əsas narahatedici mövzusu Suriya deyil, İranın nüvə proqramı idi. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaya biləcəyi müzakirə predmeti idi. Bu mövzuya yalnız Həsən Ruhaninin prezident seçilməsi ilə son qoyuldu. Çünki keçmiş prezident Mahmud Əhmədinejatdan fərqli olaraq, Həsən Ruhani Amerika ilə ümumi dil tapa bildi. Ona görə də Qərb dünyası, o cümlədən Vaşinqton, London və Brüssel mühafizəkar namizədin İranda prezident seçilməsini istəmirlər. Çünki mühafizəkar prezident İranda yenidən nüvə çalışmalarına başlaya bilər. Bu isə Qərb dünyası üçün yeni problem yaradacaq”.

O da bildirilir ki, İranda prezident seçkilərində sürprizlər az olmayıb: “Bu ölkədə müstəqil rəy sorğuları keçirilmədiyinə görə kimin prezident seçiləcəyini proqnozlaşdırmaq çətindir. Məsələn, 1990-cı illərin sonlarında parlamentin keçmiş sədri Natiq Nuri ilə keçmiş mədəniyyət naziri Məhəmməd Xatəmi arasında mübarizə gedirdi. Çoxları deyirdi ki, Natiq Nurini dini lider, İslam Keşikçiləri və ümumilikdə mühafizəkarlar müdafiə edir və ona görə də o, prezident seçiləcək. Ancaq nəticə fərqli oldu, çoxlarının gözləmədiyi halda Məhəmməd Xatəmi prezident seçildi və ikinci seçkidə də kürsüsünü qorudu. Doğrudur, onun prezidentliyinin İranda siyasi və iqtisadi islahatları sürətləndirdiyini vurğulamaq çətindir”.

“Atlas” qeyd edir ki, bu mənada may ayındakı seçkidə də kimin prezident seçiləcəyini proqnozlaşdırmaq çətindir. Vəziyyət qəfil dəyişə bilər: “Belə fikirlər var ki, İran əhalisi islahatların dərinləşməsini istəyir, əhalinin əksər hissəsi də gəncdir və onlar yenilikdə maraqlıdırlar. Yəni bu məntiqdən çıxış edərək Həsən Ruhaninin öz kürsüsünü qoruyacağı proqnozlaşdırılır. Ancaq yenə də keçmiş illərdə olduğu kimi, bu proqnoz da səhv çıxa bilər. İranda qərarı iki əsas mərkəz – ali dini lider və İslam Keşikçilərinin generalları verirlər. Bu iki qüvvə mühafizəkar olsa da, bəzən prezident kürsüsünün şərti adı liberallar olan kəsimin namizədinin nəzarətinə keçməsinə mane olmurlar. Çünki bilirlər ki, prezident hər istədiyini həyata keçirə, dini liderin cızdığı “qırmızı xətt”i aşa bilməz. Mühafizəkar mərkəzlər islahatçı düşüncəli siyasətçinin prezident seçilməsinə ona görə mane olmaya bilərlər ki, Qərblə iqtisadi əməkdaşlıq və sanksiyaların yumşalması prosesi davam etsin”.
Daha sonra qeyd olunur ki, Qərb kimi Azərbaycan da İranda şərti adı “islahatçı” olan kəsimin nümayəndəsinin prezident seçilməsini istəyir:

“Məsələn, elə indiki Prezident Həsən Ruhaninin vəzifəsinə davam etməsi rəsmi Bakının da maraqlarına cavab verir. Məhz Həsən Ruhaninin dövründə iki ölkə arasında əlaqələr inkişaf etdi, iqtisadi-ticarət mübadiləsi artdı, ortaq regional layihələrin icrasına başlanıldı. Bu baxımdan Həsən Ruhani o birilərlə müqayisədə Azərbaycan üçün məqbul namizəddir. Təəssüf ki, Tehran Ermənistan siyasətini dəyişdirmir, əvvəlkitək işğalçı dövlətlə əlaqələrini davam etdirir və bu amil haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur. Ancaq bu siyasəti dəyişmək İran prezidentinin əlində deyil. Bu siyasətin dəyişməsi üçün də ali dini liderin icazəsi lazımdır. Ali dini lider milliyətcə Azərbaycan türküdür və nə qədər mühafizəkar kürsünün sahibi olsa da, milli maraqları arxa plana atmamalıdır. Məsələn, keçən ilin aprel döyüşlərində ali dini liderin Güney Azərbaycandakı təmsilçiləri cümə namazlarında Azərbaycan dəstək ifadə edən ifadələr işlətdilər. Elə ali dini liderin özü də Qarabağla bağlı Azərbaycana dəstək ifadə edən açıqlama verib. Bütün bunlar ortada var ikən milliyyətcə azərbaycanlı olan ali dini liderin niyə Ermənistanla da əlaqələrə üstünlük verdiyini anlamaq mümkün deyil”.

Şərhdə bildirilir ki, Azərbaycanın siyasi dairələri və cəmiyyəti İranın ali dini liderindən Dağlıq Qarabağla bağlı daha qətiyyətli mövqe gözləyir: “Ali dini lider Tehranın Ermənistan siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynaya bilər. Bu, İran-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni vəziyyət yaradar. Bu siyasətin dəyişməsində rəsmi Bakı da fəal ola bilər. Elə etmək lazımdır, İranla Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri, regional layihələrin sayı daha çox olsun ki, son nəticədə bu, Tehranın Ermənistanla bağlı xarici siyasətinə də təsir etsin. Bu mənada İran-Azərbaycan hökumətlərarası komissiyasının İrandan olan həmsədri Mahmud Vaezinin fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun Prezident Həsən Ruhaninin yanında nüfuzu böyükdür. Bu imkandan da istifadə etmək mümkündür”.

Səxavət


Müəllif: