21 İyun 2017 11:59
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Azərbaycanla ticarət və mədəni əlaqələrin aktivləşməsində maraqlıdır.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə iyunun 21-23-də Bakıya rəsmi səfər ərəfəsində Moldova Prezidenti İqor Dodon bildirib.

Ölkələrimiz siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, mədəni-humanitar əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərində yaxşı səviyyəyə nail olub. Əminəm ki, birlikdə həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə ölkələrimizi maraqlandıran bütün istiqamətlər üzrə konstruktiv və səmərəli əməkdaşlığın irəliləməsi ilə bağlı mühüm nəticələr əldə edəcəyik”, - deyə Moldova prezidenti qeyd edib.

O, ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcminin 39% artdığını, buna baxmayaraq? ümumi məbləğin az olduğunu və təxminən 5 milyon dollar təşkil etdiyini bildirib. Onun fikrincə, bu, iki dövlət arasında əməkdaşlığının imkanlarını əks etdirmir. Prezident ticarət dövriyyəsinin həcminin artırılması üçün birgə hərəkət etməyin vacibliyini vurğulayıb.

İqor Dodon deyib ki, rəsmi Kişinyov energetika sahəsində, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın aktivləşməsində, Moldovanın dövlət əmlakının özəlləşdirilməsiylə bağlı tenderlərdə Azərbaycan şirkətlərinin iştirak etməsində maraqlıdır.

Prezident Moldovanın baş baziri Pavel Filipin Bakıya gözlənilən səfərinin, eləcə də ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının dördüncü iclasının və biznes forumun iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etməsinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib: “Təəssüf ki, komissiya sonuncu dəfə 2012-ci ilin aprelində bir araya gəlib”.

İqor Dodon əlavə edib ki, Kişinyovda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun səfərini gözləyirlər. Moldova prezidentinin fikrincə, Moldova - Azərbaycan parlament dostluq qrupu xətti ilə nazirliklərarası və parlamentlərarası səviyyələrdə qarşılıqlı münasibətlər, eləcə də Azərbaycan sahibkarlarının hazırlıq mərhələsində olan Kişinyov səfəri əlaqələrin inkişafına töhfə verə bilər. Ölkə başçısı hesab edir ki, bununla ikitərəfli iqtisadi əməkdaşlığın aktivləşməsi imkanı yerində qiymətləndiriləcək.


Müəllif: Nərgiz