13 Avqust 13:01
729

Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu qərarı qanunu iqtisadi, siyasi və ictimai zəmin hazırlanmadan qəbul edilib. Bu səbəbdən də referendumun təxirə salınması lazımdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatla Şimali İraq Kürd Muxtariyyətində müxalifətdə olan Goran (Dəyişmə) Hərəkatı çıxış edib.

Hərəkat qeyd edb ki, qurumun rəhbər heyəti Süleymaniyyə şəhərinə toplaşaraq muxtariyyətin siyasi durumu və müstəqillik referendumu ətrafında geniş müzakirə aparıblar.

Hərəkatın yaydığı bəyanatda vurğulanıb ki, referendum müstəqillikdən əvvəl atılan bir addımdır:
“25 sentyabrda referendum keçirmək məqsədilə verilən qərar mübahisəli bölgələr olan Kərkük və 140-cı maddəyə daxil olan ərazilərdə təhlükəsizlik, iqtisadi və siyasi vəziyyət nəzərə alınmadan verilib. Eyni zamanda referendum qərarı qeyri-qanuni və konsensus olmadan çıxarılıb. Bu səbəbdən də, nəzərdə tutulan 25 sentyabr referendumu təxirə salınmalı və daha uyğun zamanda keçirilməlidir”.

Xatırladaq ki, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani bir ay əvvəl France-24 TV-yə müsahibəsində deyib ki, referendum keçirməkdə israrlıdırlar və bu qərarlarını təxirə salmaq haqqında düşünmürlər.


Müəllif: Cavad