23 May 2018 18:27
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tətbiq etdiyi sanksiyaların əsas hədəfi İran İnqilab Keşikçiləri Qvardiyası olacaq.

Bunu Teleqraf.com-a politoloq Sədrəddin Soltan deyib.

Politoloq xatırladıb ki, artıq bu ay ərzində tətbiq edilən sanksiyaların bir hissəsi bu qvardiyanın xaricdə fəaliyyət göstərən “Əl-Qüds” qoşunlarına şamil edilib:

“Bu qoşunların başçısı general Qasım Süleymanidir. “Əl-Qüds” İraq və Suriyada gedən proseslərdə aktivlik nümayiş etdirir. Bir neçə gün əvvəl də İnqilab Keşikçiləri Qvardiyasının daha 5 hərbçisinə sanksiya tətbiq olundu. Həmin hərbçilər Yəməndə qiyamçı husiləri dəstəkləyirdilər.

İnqilab Keşikçiləri Qvardiyası İran hakimiyyətinin əsas güc strukturudur. Qvardiya ölkədə real gücə sahibdir. Dini lider Əli Xamneyinin arxasında da bu ordu dayanır. Bu qvardiyanın sıradan çıxması, yaxud, hakimiyyətə qarşı çevrilməsi İrandakı rejimin çökməsi deməkdir. Əvvəllər də İnqilab Keşikçiləri Qvardiyasını terror təşkilatı, yaxud, terrorizmə dəstək verən təşkilat kimi təqdim ediblər. Əgər sanksiyalar bu qvardiyaya qədər genişləndirilsə, bu, İran hakimiyyətinə vurulmuş ən ağır zərbə olacaq. Təsəvvür edin ki, İran İnqilab Keşikçiləri Qvardiyası “Taliban”, İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatlarının olduğu terrorçu siyahısına daxil ediləcək. Bu, İrandakı hakimiyyətə problemlər yarada bilər”.

Sədrəddin Soltan hesab edir ki, İranın maliyyə sektoruna tətbiq edilən sanksiyaların miqyası da genişləndiriləcək:

“Artıq bu ay İranın Milli Bankı və bu qurumun direktoruna sanksiya tətbiq edilib. Əlbəttə, İranın nüvə proqramı da əsas hədəflərdən biridir. Sanksiyalar həmçinin, İranla əməkdaşlığı genişləndirən və bu ölkə ilə əməkdaşlıq edən ayrı-ayrı nüfuzlu iş adamlarına da şamil ediləcək. Bunlar İrana qarşı misli görülməmiş qadağaların tərkib hissəsi sayıla bilər”.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət katibi Mayk Pompeo İrana qarşı misli görünməmiş sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu