15 İyul 2016 13:12

İyulun 1-də Bakının Nizami rayonundakı maşın bazarında yanğın baş vermişdi. Hadisədə ölən və xəsarət alan olmasa da, 40-a yaxın mağazaya zərər dəydiyi bildirilirdi. Maşın bazarında son vəziyyətdən xəbər tutmaq üçün hadisə yerinə yollandıq.

Kompensasiya veriləcək, amma nə zaman?

Bazarın giriş qapısına çatdıqda məlum oldu ki, əsas giriş qapısı bağlanıb. Yanğın zamanı ziyan çəkmiş mağazaların birindən içəri girdik. Hər tərəfə neft məhsulları dağıdılmış, yanıb sıradan çıxan ehtiyat hissələri ətrafa tökülmüşdü.

Sahibkar Vüsal Quliyev deyir ki, mağazası yanğından salamat çıxsa da, hadisədən sonra bütün bazar bağlanıb. Bu səbəbdən işlər dayanıb, satış yoxdur: “İyulun 1-də mağazanı təzə bağladım ki, evə gedim, bir də gördüm, yanğın başladı. Yanmaması üçün malları mağazadan çıxarmaq istəsəm də, polislər icazə vermədilər ki, ora girmək təhlükəlidir. Sovet maşınları, Ukraynadan gətirdiyim ehtiyat hissələri var. Mağazada 60 min manatlıq mal 14 gündür ağzı bağlı qalıb. Bankdan kredit götürüb, mağazaya mal gətirmişəm. Satış dayandırıldığı üçün ayın sonunda banka krediti necə ödəyəcəyimi bilmirəm”.

Vüsal Quliyevin sözlərinə görə, sahibkarlara ən az 35 min manat ziyan dəyib: “Sahibkarlara 50-120 min manat arası ziyan dəyib. 3 gün bundan əvvəl hər sahibkara nə qədər ziyan dəyib deyə hesablandı, ziyanın dəyəri yazıldı. Dedilər, kompensasiya veriləcək, amma nə zaman veriləcəyi barədə dəqiq məlumat yoxdur. Bu gün səhər saatlarında bazarda siqnalizasiya sistemi qurdular. Yəqin təmir işi da başlayacaq”.

Vüsal Quliyevlə söhbət zamanı polislər bizə yaxınlaşıb ərazidən çıxmağımızı tələb etdilər. Səbəbini soruşduqda dedilər ki, tapşırıq belədir, heç kimin yanğın olan əraziyə girməsinə icazə verilmir.

“Mən çatanda mağazam yanmışdı”

Qeyd edək ki, yanğın bazarın birinci sırasında olub. Girişdə, bağlanan qapının ətrafında oturan sahibkarlar və hadisə şahidlər ilə söhbət etdik.

Zərərçəkmiş Vidadi Həsənovun sözlərinə görə, mağazasında 100 min manatlıq ehtiyat hissələri olub: “Toya getmişdim. Telefonuma zəng gəldi ki, bazar yanır, gəl. Yol boyu dua edirdim ki, mağazadakı mallara heç nə olmasın. Amma mən çatanda artıq mağaza yanmışdı.

Bizə dedilər ki, bazarda yanğının hansı səbəbdən baş verməsi barədə ekspertiza rəyi iyul ayının sonunda açıqlanacaq. Biz də sakitcə dayanıb gözləyirik. Başqa nə edə bilərik ki? Məsləhət belədir. Deyirlər, niyə mağazanı sığortalamasız? Guya sığorta şirkətləri burdakı köhnə mağazaları sığortalayır ki...”

“İcarə haqqını necə ödəcəyik?”

Yanğının baş verdiyi birinci sırada əsasən boya və neft məhsulları satılırmış. Şahidlər deyir ki, bəlkə də yanğın oradakı neft məhsullarının alışması nəticəsində baş verib.

Arif adlı kişi mağazası yanmadığı üçün açıb işlətmək istəsə də, polislər buna icazə vermir: “Bazarda olan mağazaların hər biri 700 manatdan çox icarə pulu ödəyir. Amma 2 həftədir bazar bağlanıb, hamıya tapşırılıb ki, mağazalar açmayın. Bilmirik, ayın sonunda icarə haqqını necə ödəyəcəyik. Onsuz da bazarda heç kimin sığortası yoxdur. Məsələnin necə həll olacağını bilmirik. Ümidimiz gözləməyə qalıb”.

Arif kişinin sözlərinə görə, maşın bazarında 40-a yaxın mağazaya ziyan dəyib: “Hamıya məlumdur ki, bu bazar topdansatış yerdir. Maşınların tapılmayan ehtiyat hissələri burda olur. Çünki bütün mallar bura gəlir. Kim avtomobilinə ehtiyat hissə tapmırsa, neçə ilin burda çalışan sahibkarlarında xahiş edirdi, o da ehtiyat hissələri gətirirdi. Milyon manatlarla mal məhv oldu getdi. Müştərilər də gəlib giriş qapısını bağlı görüb gedirlər. Mağazamda mal olsa da, mağaza qıfıllıdır, açıb mal saat bilmirəm”.

Maşın bazarının yanmasından 15 gün keçir. Sahibkarlar veriləsi kompensasiya və salamat qalan mağazaların açılacağı günün xəbərini gözləyirlər. Xəbər isə yoxdur...

İlhamə ƏBÜLFƏT


Müəllif:
Загрузка...