29 May 2017 19:39
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İstanbul Azərbaycan Kültür Evinin (İAKE) təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Teleqraf.com-un verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan İAKE başqanı Hikmət Elp bu tarixi günlə bağlı məlumat verib, Türkiyədə illərdir bu günün qeyd olunduğunu bildirib: “Azərbaycanda bolşeviklər hökuməti ələ keçirib ölkəni işğal etdikdən sonra 28 Mayın qeyd olunması qadağan edildi. Amma Türkiyədə mühacirlər hər il bunu müxtəlif toplantılar təşkil edərək qeyd edirdilər”.

Düzce universitetinin əməkdaşı Gökmen Kılıçoğlu Rus-Yapon müharibəsinin başlamasından etibarən 1917-ci il inqilabına qədər olan dövr haqqında iştirakçılara geniş məlumat verib. G.Kılıçoğlu Qafqaz İslam ordusunun Bakını işğaldan azad etməsi, hökumətin paytaxta yerləşdikdən sonra Mərkəzi Bankın təşkil edilməsi, yeni mütəxəssislərin yetişməsi üçün xaricə tələbələrin göndərilməsi, Türkiyə ilə Azərbaycan arasında bağlanan Batum müqaviləsi haqqında bilgilər təqdim edib: “Bakı soveti Nuru paşanın qoşunu qarşısında tab gətirə bilməyəcəyini görüb şəhəri təslim etməyə məcbur oldu. Bu dövrdə Azərbaycanda müxtəlif düşüncədə olan qüvvələr var idi. Rəsulzadəgil müstəqil dövlətin qalmasının, ümmətçi kəsim isə Osmanlıya birləşmək tərəfdarı idilər. Sonda Rəsulzadəgilin fikri üstünlük qazandı”.

Əməkdaşımız Dilqəm Əhməd Cümhuriyyət gününün tarixi ilə bağlı, xüsusən, İstiqlaliyyət Bəyannaməsinin 6 maddəsinin izahı haqqında təqdimatla çıxış edib, iştirakçılar üçün hazırladığı Cümhuriyyət sərgisi haqqında məlumat verib.

D.Əhməd iştirakçılar üçün təşkil etdiyi Cümhuriyyət sərgisi ilə bağlı da danışıb: “Bu, mənim İstanbulda təşkil etdiyim ilk sərgidir. Burada Cümhuriyyətlə bağlı Azərbaycanda və Türkiyədə çıxan kitablar, mühacirətdə yayımlanan jurnallar var. Sərgimizdə ən önəmli material Cümhuriyyət üzvlərindən Nağı bəy Şeyxzamanlının imzalı kitabı, Rəsulzadənin çap etdiyi “Odlu Yurd” jurnalının orijinal zərfidir. Eləcə də, Mirzəbala Məhəmmədzadəyə, Cabbar Ərtürkə aid nadir kitablar var”.

Tədbirdə İAKE idarə heyətinin üzvləri, İstanbulda təhsil alan və işləyən azərbaycanlılar, eləcə də, Kərkük Dərnəyinin üzvləri iştirak ediblər.


Müəllif: Teleqraf.com