13 Oktyabr 18:08

Müğənni Nazim Pişyarinin “ElMed” Tibb Mərkəzində yanlış əməliyyat edilməsi və doğru diaqnoz qoyulmaması barədə iddiaları bir aydan çoxdur ki, mətbuatın gündəmindədir. İki ay əvvəl Türkiyədə müalicə edilərkən mətbuata açıqlama verən N.Pişyari cərrah Elman Əzimovu ittiham edib. O, ölkəyə qayıtdıqdan sonra məhkəməyə üz tutub. Tərəflər arasında məhkəmə prosesi davam edərkən, bu günlərdə “ElMed” klinikasında ölüm faktı ilə bağlı məlumat yayıldı. Vəkil Ceyhun Yusifov mətbuata verdiyi açıqlamada Rüstəmova Məfluqə Arif qızı adlı xəstənin bu klinikada estetik əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdiyini bildirdi.

Haqqında bu cür məlumatlar yayılan klinikanın direktoru Ramil Quliyev, N.Pişyarini yanlış əməliyyat etməkdə ittiham edilən Elman Əzimov Publika.az-a açıqlamalarında məsələyə aydınlıq gətiriblər.

Cərrah Elman Əzimov onlara qarşı irəli sürülən ittihamları rədd edərək, əməliyyatın dünya standartlarına uyğun həyata keçirildiyini bildirib: “Biz burada tibbin müasir qayda və prinsiplərindən istifadə edirik. Bu gün insanlar dünyaya inteqrasiya edir və bizim əməliyyat etdiyimiz şəxs xarici ölkəyə gedib müayinə oluna bilər. Bu zaman isə səhvə yol vermişiksə, bu aşkarlanar. Yəni biz dünyaya inteqrasiya etməyə məcburuq, şübhəsiz ki, əməliyyat və müalicələrimizdə bunu nəzərə alırıq. Çalışırıq ki, əməliyyat və müalicələrimiz dünya standartlarına uyğun olsun. Bunları bilən şəxs iddia edildiyi kimi səhvlərə yol verə bilərmi? Bundan başqa, klinikamızda müasir texnoloji imkanlar yaratmışıq. Laporoskop, neurosine, sinir monitorizasion, infrared kimi aparatalar bəzi klinikalara yeni-yeni ayaq açsa da, biz bunları illər əvvəl almışıq. Bir sözlə, əməliyyatlarımızı dünya səviyyəsinə çatdırmaq üçün çalışırıq. Biz özfəaliyyətlə məşğul deyilik. Heç kimi də klinikada məcbur əməliyyat etmirik. İnsanlar istədikləri klinikanı seçməkdə sərbəstdirlər”.

N.Pişyarinin iddialarına gəldikdə, E.Əzimov işin hüquq müstəvisində araşdırıldığıını, ən yaxşı cavabın da həmin qərarlarla veriləcəyini deyib:

“Bu barədə əlavə məlumata ehtiyac yoxdur. Həmin faktla bağlı araşdırma aparılır, onun nəticəsindən sonra tam məlumat veriləcək. O, bizə kəskin kalkulyoz xolesistit xəstəliyilə müraciət edib. Əməliyyatdan sonra çıxarılan öd Milli Onkologiya Mərkəzinə göndərilib. Ona öd kisəsinin adenokarsinoması - xərçəngi qoyulub. Bu cür diaqnoz qoyulan xəstə ya əməliyyat edilməli, ya da həmin patologiya ilə bağlı ağırlaşma varsa, renkonstruksiya olunmalıdır. Bizim də qarşımızda iki yol var idi. Ya qaraciyərin öd kisəsi olan hissəsi çıxarılmalı, ya da törəmə tam çıxarılıbsa, bərpaedici əməliyyat etməli idik. Növbəti əməliyyat üçün bir müddət gözləməyi seçdik. Lakin ailə razı olmadı, xarici ölkədə əməliyyat etdirmək istədi. Halbuki, bu əməliyyatı bizdə çox asanlıqla icra etmək mümkündür. Əlbəttə, xəstə əməliyyat etdirmək istədiyi ölkəni özü seçə bilər”.

Müğənninin Türkiyədə müayinə nəticələrində xərçəng diaqnozunun təsdiqlənməməsinə aydınlıq gətirən, E.Əzimov bildirdi ki, səbəb buradakı əməliyyatın uğurlu olmasıdır. Onun sözlərinə görə, Türkiyədə bu əməliyyatın edilməsinin səbəbi də bizim buradakı əməliyyatda törəməni çıxartmağımızdır: “Biz törəməni çıxartmasaydıq, o əməliyyatı edə bilməzdilər. Buradan gedəndən sonra Türkiyədə müayinə nəticəsində ona törəmənin olmadığı diaqnozunun qoyulmasının səbəbi də məhz bizim əməliyyat zamanı həmin törəməyə doğru müdaxilə edib, çıxartmağımızdır. Törəməni tam götürməsəydik, Türkiyədə xərçəng təmizləyici əməliyyata gedəcəkdilər, nəticədə xəstə 3-4 dəfə əməliyyat ediləcəkdi. Xəstənin yalnız 2 dəfə əməliyyat edilməsinin səbəbi məhz birinci əməliyyatın uğurlu olmasıdır. Bizim əməliyyatımızda tibbi və texniki baxımdan heç bir səhv yoxdur. Öd yolundakı zədə törəmə ilə bağlıdır. Elm deyir ki, adi öd kisəsi əməliyyatında belə 30 faiz halda ağırlaşma ola bilər. Kişilərdə daha çox anomaliyalar olduğundan, ən çox ağırlaşma onlarda qeydə alınır. Öd kisəsi magistral ərazi hesab edilir. Bununla yanaşı iltihablaşma olan orqanda bir səhv hərəkət ölümlə nəticələnə bilər. Bu əməliyyatda ağırlaşmalar gözlənilirdi. Xəstənin sağ-salamat yaşamasının səbəbi də məhz bizim doğru əməliyyat etməyimizdir. Hazırda araşdırma aparılır. Hüquq müstəvisində müzakirələr aparılır. Bizim günahımız varsa, onu qəbul edəcəyik, yoxdursa, bizə qarşı olan hərəkətlərə cavab veriləcək”.

E.Əzimov proktoloq (düz bağırsağın və anal nahiyyənin xəstəliklərilə məşğul olan həkim) olması, səbəbindən əməliyyatı doğru icra etməməsi iddialarına da cavab verdi: “7 il tibb universiteti oxumuşam, laporoskopik cərrahiyə üzrə müdafiə edib, elmi dərəcə almışam. Mən ümümi cərraham, yəni qarın boşluğundakı bütün əməliyyatları edə bilərəm. Bura öd kisəsi, mədə, bağırsaqlar, düz bağırsaq da daxildir. Proktologiya - düz bağırsaq hissəsinin əməliyyatıdır. Yəni proktologiya ümumi cərrahiyyənin bir hissəsidir. 2010-cu ildən isə mütəmadi olaraq Türkiyədə bir sıra kurslara qatılıb, cərrahiyə ilə bağlı yenilikləri öyrənirəm”.

“ElMed" Tibb Mərkəzinin direktoru Ramil Quliyev bildirdi ki, N.Pişyari və onun vəkili tərəfindən klinika ilə bağlı mətbuata ötürülən məlumatlar böhtandır və bunlara qarşı hüquqi tədbir görüləcək: “Biz insanlara şəfa vermək üçün işləyirik, öldürmək üçün yox. Bu günlərdə xəbər yayılmışdı ki, bizim klinikada guya xəstə ölüb. Əgər o xəstə bu klinikada ölübsə, o zaman ölüm kağızını da biz verməli idik. Belə bir kağız varsa, onu yaysınlar. Həmin qadın bizim klinikada əməliyyat edilib və buradan sağ-salamat ayrılıb. Həmin yalan məlumatı yayanlarla bağlı da məhkəməyə müraciət etmişik. Bu məlumatı yayan insanlar oxucuları çaşdırır. Əməliyyat olan yerdə ölüm halının olması da qaçılmazdır. Düzdür, bu vaxta qədər bizim klinikada ölüm halı qeydə alınmayıb. Lakin olmayacağını da deyə bilmərik. Ancaq həmin qadın bizim klinikada ölməyib. Sonradan başqa klinikada başqa bir əməliyyat zamanı ürəyi dayanıb. Bu cür yalan xəbərlər yaymaqla bizim imicimizə ziyan vururlar”.

R.Quliyev klinika və həkimin əmlakına məhkəmə tərəfindən qoyulan həbs qərarına qarşı da iddia qaldırdıqlarını deyib: “Məhkəmə bizim və həkimin əmlakına qarşı həbs tədbiri qoyub. Lakin biz həmin qərara da etiraz etmişik. Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə müraciət olunub, vəkillərimiz bunun üzərində işləyir. Allah Nazimə şəfa versin. Bir daha deyirəm ki, biz özümüzdən ona diaqnoz qoymamışıq. Onun xəstəliyinin diaqnozu Milli Onkologiya Mərkəzi tərəfindən müəyyən edilib. Biz də həmin nəticələrə uyğun addım atmışıq. Ona heç bir pislik etməmişik, əksinə onun daha yaxşı olması üçün çalışmışıq. Hesab edirik ki, bu məsələ qarşılıqlı deyişmə ilə yox, faktlarla, hüquqi müstəvidə həll ounlacaq. Biz özümüzdən, həyata keçirdiyimiz əməliyyatdan əminik. Səhiyyə Nazirliyi, prokurorluq tərəfindən aparılan araşdırmalar, məhkəməyə təqdim ediləcək. Biz məsələnin şouya çevrilməsini istəmirik”.

R.Quliyev bildirib ki, onlar fikirlərini N.Pişyarinin yaxınlarına da çatdırıblar: “Bacısı bizimlə görüşdü və bildirdi ki, onlara dəymiş maddi ziyanı həkimdən tələb edirlər. Ümumi iddiada 62 min dollar istəyirlər. Bu rəqəm ümumi əməliyyatlara çəkilən xərc və mənəvi zərərə görədir. Lakin həmin əməliyyatlar bizim ölkədə daha az məbləğdə icra edilirsə, istəyinə görə onu xaricdə etdirib onun pulunu bizdən tələb etmək yersizdir. Biz onlara izah etmişdik ki, bir az səbir etsinlər, əməliyyatda sonra yara sağalsın, təkrar əməliyyat edilə bilər. Lakin səbir etmədilər, xaricə üz tutdular. Bu barədə Səhiyyə Nazirliyinin müvafiq komissiyalarına məlumat verilib”.

Tibbi ekspert Adil Qeydbulla da sosial şəbəkədəki hesabında bu məsələni şərh edib. O bildirib ki,N.Pişyarinin səhhətində yaranan ağırlaşma, xəstəliyin yaratdığı real situasiya ilə bağlıdır: “Bu, “ElMed” klinikasının cərrah-həkimi, tibb elmləri namizədi Elman Əzimovun öd kisəsinin xəstəliyinə bağlı cərrahi əməliyyat etməsi və ondan sonrakı yaşantılarla bağlıdır. İlk növbədə qeyd edim ki, qara ciyər və öd yolları üzərində aparılan cərrahi əməliyyatlarda bütün dünya üzrə ağırlaşmaların sayı 30%-ə qədər yüksəlir. Bu həmin zonanın anomaliyaları, gec müraciətlərə bağlı iltihabi-destruktiv prosesin yaratdığı texniki çətinliklər, Mirizzi sindromunun olması, xoş xassəli (polip, adenomioz) və bəd xassəli (xərçəng, sarkoma) törəmələrin olması və s. ilə bağlıdır. Postoperasion ağırlaşmaların bir qismi insan (həkim) amili ilə deyil, xəstəliyin yaratdığı real situasiya ilə ilgilidir”.

A.Qeybulla həmçinin müğənninin şikayəti ilə bağlı araşdırılmasını vacib gördüyü bir neçə diskusion müddəaları qeyd edib:

“1. Xəstənin cərrahi əməliyyat üçün müraciəti xeyli gecikmiş olub və infiltrativ-iltihabi-destruktiv prosesin pikində olub (öd kisəsinin divarları qalınlaşmış, bərkləşmiş, ətraf toxumalara bitişik olub), əməliyyat daxili texniki çətinliklər və qanama da buna bağlı olub.

2. Xaric edilən makropreparatın (öd kisəsinin) Milli Onkologiya Mərkəzində aparılan patomorfoloji tədqiqi xəstədə öd kisəsinin adenokarsinoması (xərçəng) olduğunu göstərib (bu rəylə təsdiq olunub). İddialara görə, xəstəyə getdiyi ölkələrdə xərçəng deyil, fon xəstəliyi olan öd kisəsinin adenomiozu qoyulub, yəni verifikasiya fərqi ortaya çıxıb. Bu fakt cərrahın məsuliyyəti deyil, onu histoloqlar öz aralarında müzakirə etməlidirlər.

3. Xəstədə xəstəliyin gedişinə risk yaradan və onu ağırlaşdıran yanaşı patologiya şəkərli diabet olub (Comorbidity – iki xroniki xəstəliyin və situasiyanın bir xəstədə rast gəlməsi).

Tanınmış müğənni qardaş Türkiyədə təkrar əməliyyat olunub. Ona Allahdan şəfa diləyirəm. Bizim həkimlərin böyük əksəriyyəti də məhz Türkiyənin nüfuzlu tibb məktəblərində yetişib. Əvvəlki əməliyyatı icra edən şəxs – Elman Əzimov da bu məktəbdə təcrübə keçmiş, xeyli sayda bu qəbildən olan əməliyyatları uğurla həyata keçirmiş cərrahdır. Gəlin məsələnin həllini peşəkarların – yüksək ixtisaslı tibbi komissiyanın ixtiyarına buraxaq. Bu daha ədalətli yanaşma olardı”.


Müəllif: Teleqraf.com