Türkiyənin demokratik qanunları da burada ermənilərin bölücülük fəaliyyəti üçün münbit şərait yaratmışdır. Burada Avropa İttifaqının, Fransa, ABŞ, Almaniya və Böyük Britaniyanın, ayrı-ayrı beynəlxalq fond və təşkilatların dəstəyi ilə “erməni məsələsi”, o cümlədən qondarma “erməni soyqırımı”, “Qərbi Ermənistan torpaqları” və “müsəlman ermənilərin problemləri” ilə bağlı xeyli sayda qurum tamamilə maneəsiz fəaliyyət göstərir, geniş təbliğat işi aparır, tədbirlər keçirir və Türkiyəyə qarşı iddialarını irəli sürürlər. Onların bir neçəsinin adlarını açıqlayaq: Açıq Cəmiyyət İnstitutu (Soros Fondu), Hrant Dink Vəqfi, “Aqos” qəzeti, Nor Zartonk (Yeni oyanış) Gənclər Təşkilatı, Diyarbəkir Siyasi və Sosial Araşdırmalar İnstitutu (DİSA) Erməni Mədəniyyəti və Həmrəylik Dərnəyi, İsmayıl Beşikçi Vəqfı, Yaddaş və Mədəniyyət üzrə Sosioloji Araşdırmalar Dərnəyi (BEKS) və s. Bütövlükdə, təqribi hesablamalara görə, Türkiyədə ermənilərin 70-dək fond və dərnəyi, 57 dini vəqfi var.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.
Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.
Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:
Lakin fərqli düşüncə sahibi olan ermənilər də çoxdur. Onlar Türkiyəni özlərinə vətən bilir, Türkiyə vətəndaşı kimi onun təəssübünü çəkir, inkişaf və tərəqqisində fəal iştirak edirlər. Bu insanlardan biri də özünü fəxrlə “Türkiyə ermənisi”, “səlcuqlu qriqorian erməni” adlandıran görkəmli araşdırmaçı, MHP-nin partiya rəmzinin (üç hilal) müəllifi, 2017-ci ilin may ayında dünyasını dəyişmiş Levon Dabağyan olmuşdu. Alim bütün elmi fəaliyyəti boyu açıq şəkildə “Türk tarixində ermənilərə qarşı soyqırımı törədilməmişdir” bəyan edərək, əslində, qondarma “soyqırımı” mifinin arxasında “Türkiyənin şərqində dövlətə qarşı üsyan etmiş ermənilərin sürgün edilməsinin dayandığını” tutarlı faktlarla ortaya qoymuşdu. O, 2003-cü ildə nəşr etdirdiyi “Türkiyə ermənilərinin tarixi” kitabında bildirirdi: “Əgər 1915-ci ildə həqiqətən də soyqırımı aktı olmuşdursa, onun müəllifləri ermənilər, qurbanları isə türklərdir. Birinci Dünya müharibəsi illərində Türkiyə hərbi vəziyyəti nəzərə alaraq, ermənilərin bir hissəsini deportasiya etməyə məcbur olmuşdu. Türkiyə heç vaxt ermənilərə qarşı soyqırımı siyasətini tətbiq etməmişdir”. Tarixçi eyni zamanda “erməni kimliyinə qayıdış”, “Qərbi Ermənistan” planlarının da ilk növbədə türk və erməni xalqları arasında yeni qarşıdurma yaradılmasına, Türkiyənin bir dövlət olaraq parçalanmasına yönəlik siyasi spekulyasiya, təxribat fəaliyyəti kimi dəyərləndirirdi.
Yerli mətbuatda “Levent Ayhan Selçuklu” imzası ilə də tarixi və siyasi mövzularda məqalələr yazan, ziyalılar arasında “Ağabəy” kimi tanınan Levon Dabağyanın “erməni məsələsi”nə barışmaz münasibəti olduğu qədər türklər və ermənilər arasında etimadsızlığın aradan qaldırılmasında, əlaqələrin ən azı “milləti-sadiqə” ənənələri səviyyəsində bərpa olunmasında mövqeyi qəti idi. Müsahibələrinin birində bu barədə deyirdi: “Yadımdadır, biz ermənilər bir-birimizlə mübahisə edəndə qarşı tərəfə ağır təhqir kimi “Sən baqratunisən!” deyirdik. Baqratunilər miladdan öncə 730-cu ildə Babil hökmdarı Nabukadnazerin (Navuxodnosorun) erməni kralına hədiyyə etdiyi 10 min yəhudi əsilli əsirin törəmələri olublar. Onlar yüz il ərzində ermənilər üzərində hökmranlığı ələ keçirərək eramızın 1045-ci ilinədək onları qəddarcasına idarə ediblər. Bunu yəhudi tarixçisi Avram Galante də təsdiqləyir. Osmanlıya qarşı erməni üsyanlarını başlayanlar da məhz baqratunilər olublar. Qriqorian ermənilər türklərə xəyanət etməyiblər”.
Levon Dabağyan Türkiyənin Uludağ Universitetinin təşkilatçılığı ilə Teyyare Mədəniyyət Mərkəzində “Tarixdə türk-erməni əlaqələri və “erməni məsələsi” mövzusunda keçirilmiş konfransda bu dövlətdə yaşayan ermənilərin böyük hissəsinin “türklərə düşmənçilik” ruhunda aparılan təbliğata, etnik zəmində münaqişələr salınmasına yönəlik səyləri rədd etdiyini vurğulamışdır. O, Türkiyədə yenidən gündəmə gətirilən “erməni məsələsi”ndə ictimai təşkilatları, yerli qəzetləri də gözləmə mövqeyi tutmaqda təqsirləndirərək bu ölkənin erməni əhalisi adından demişdir: “Türklərlə ermənilər arasında münasibətlərin müsbət tərəfləri çoxdur, lakin bu barədə məqsədli şəkildə susurlar və bəhs edilmir. Məsələn, Birinci Dünya müharibəsi zamanı, Malazgirt meydan savaşında türklərlə ermənilərin çiyin-çiyinə ümumi düşmənə qarşı vuruşmasından niyə söz açmırlar? Erməni patriarxlığında mənim mənəvi liderim əyləşir. Dünyəvi liderim isə Ankaradadır. Əgər biz məmləkətimizi bütöv görmək istəyiriksə, deməli, ermənilərlə türkləri düşmən etmək istəyənlər heç bir şeyə nail ola bilməyəcəklər… Bizim (Türkiyə ermənilərinin) bir qulağımız kilsə zəngini, o biri qulağımız isə azan səsini eşidir. Biz Türkiyəyə kənardan gəlmədik. Türkiyənin çörəyini yeyiriksə, bu vətənin övladlarıyıq. Əgər Ermənistanla Türkiyə arasında savaş olarsa, mən Türkiyənin tərəfindəyəm. Çünki bura Vətənimdir. Bu təsadüfi deyildir. Türkiyə həm müsəlman, həm də xristian əhalisi ilə bütövdür… Qəzetlər isə mənim bu barədə yazdıqlarımı dərc etməkdən çəkinirlər. Çünki bu zaman xalq erməniliyin nə olduğunu biləcəkdir. Odur ki, fikirlərimi yaymaq istəmirlər”.
***
Rəsmi statistikaya əsasən, Amerika Birləşmiş Ştatlarının erməni əhalisinin sayı 800 min nəfərdir və onların böyük hissəsi Amerika Erməni Assambleyası ətrafında təşkilatlanmışdır. Burada ermənilərin 21 gündəlik və həftəlik qəzeti, 17 adda jurnalı, 188 bülleteni, 25 radio və 10 televiziya proqramı vardır. Sirr deyildir ki, ABŞ-ın Türkiyə və Azərbaycan əleyhinə müxtəlif sanksiyaların qəbul edilməsində erməni diasporu və lobbisinin də böyük rolu vardır. Erməni lobbisinin fəaliyyətinin nəticəsidir ki, yuxarıda qeyd etdiyimiz kimi Amerikanın 47 ştatı qondarma “erməni soyqırımı”nı tanımışdır. Bununla belə, ABŞ senatı Türkiyə ilə münasibətləri pozmamaq məqsədilə ermənilərin soyqırımı iddialarının qəbul edilməsini hələlik təxirə salmaqdadır. Odur ki, Ermənistan Respublikası indi əsas ümidlərini, Serj Sərkisyanın yazdığı kimi, “əcdadları Qarabağdan olan” prezident Donald Trampın bu məsələdə, daha dəqiq desək, ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərində tutacağı mövqeyə bağlamışdır.
Dünyada ən çox erməninin yaşadığı ölkələr sırasında Fransa ABŞ-dan sonra ikincidir (təqribən 350 min nəfər) və bu dövlət də ermənilərə “vəfa borcunu” unutmamış, 2001-ci ilin dekabr ayının 18-də qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanımışdır. Burada etməni dilində 5 aylıq və həftəlik jurnal və iki gündəlik qəzet nəşr edilir. Fransa Türkiyə və islam əleyhinə ən çox və genişmiqyaslı təbliğat aparan ölkədir. Məsələn, Fransa Erməni Gəncləri Hərəkatının (Mouvement de la Jeunesse Arménienne de France, J.AF.) üzvləri “Qərbi Ermənistan Respublikası”nın “erməni legionları” üçün tamamilə leqal şəraitdə kadr hazırlamaqdadır. Yeri gəlmişkən, “müsəlman ermənilər”, onların etnik və dini kimliklərinə qayıtması məsələsində, bu amildən rəsmi Ankaraya qarşı etnosiyasi təzyiq vasitəsi kimi istifadə olunmasında Fransa da xüsusi fəallıq göstərməkdədir. Fransalı jurnalist Lorans Ritter 2012-ci ildə yazdığı “Qılıncın qırıqları” məqaləsində ermənilərin Türkiyədə heç də etnik azlıq olmadığını, burada xristian ermənilərdən daha çox – 10 milyon (!) “zorən islamlaşdırılmış erməni”nin ağır vəziyyətdə yaşadığını iddia etməkdədir.
Müxtəlif mənbələrə əsasən, 20 mindən 65 minədək erməninin məskundaşdığı Almaniyada “erməni məsələsi”ni gündəmdə saxlayan əsas təşkilat Almaniya Erməni Komitəsidir (GAC). Bununla belə, Ermənistan tərəfinin Qərb mətbuatında dövriyyəyə buraxdığı növbəti iddialara görə, hazırda bu ölkədə yaşayan türkiyəli qastarbayterlərin ən azı 300 min nəfəri “özlərini “türk” və “kürd” kimi təqdim edən “islamlaşdırılmış” ermənilərdir”. 2016-cı il iyun ayının 2-də Almaniya Bundestaqı qondarma “erməni soyqırımı”nı qəbul etmiş və bu mövzu orta məktəb dərsliklərinə də salınmışdır.
Böyük Britaniyada erməni diasporu üzvlərinin sayı təqribən 15-20 min nəfərdir. Aktiv siyasi fəaliyyətlərinə, müxtəlif siyasi partiya və ictimai təşkilatlara nüfuz etmələrinə baxmayaraq, onlar Britaniya parlamentində qondarma “erməni soyqırımı”nın tanınmasına hələ də nail ola bilməmişlər. Səbəb isə məhz siyasi mülahizələr olmuşdur. Politoloqlar Londonun bu mövqeyini Böyük Britaniyanın Türkiyə və Azərbaycanla əməkdaşlığının pozula biləcəyi ehtimalı ilə əlaqələndirirlər.
Təhlillərə əsasən, dünyada “islamlaşdırılmış ermənilər” və “Qərbi Ermənistan Respublikası” məsələlərini ictimai-siyasi dövriyyədə saxlayan əsas təşkilatlar aşağıdakılardır: Fransa Erməni Milli Komitəsi (Paris), Amerika Erməni Milli Komitəsi (ABŞ), Amerika erməniləri Assambleyası (ABŞ), IDeA Fondu (ABŞ), “Qərbi Ermənistan Milli Şurası” (Ermənistan, Fransa, Rusiya), Qalust Gülbenkyan Fondu (Portuqaliya, Lissabon), “Hayastan” Ümumerməni Fondu (Ermənistan. S.Sərkisyanın fərmanı ilə yaradılmışdır. Dünyanın 20 ölkəsində 23 filialı vardır), Ümumerməni Xeyriyyə İttifaqı – AQBU (Misir, Qahirə), Vilyam Saroyan Cəmiyyəti (ABŞ), İnformasiya və Tövsiyə Mərkəzi – CAIA (ABŞ), Erməni Soyqırımını Tanıma Kampaniyası - CRAG (Böyük Britaniya, London), Avstraliya Erməni Milli Komitəsi (Melburn, Avstraliya), “Hay dat”ın yerli komitələri (ABŞ, Fransa, Rusiya, Ermənistan, Almaniya, Belçika, Böyük Britaniya və s.), İtaliya Erməni İcması (Milan), Böyük Britaniya Erməni İcması və Kilsə Şurası (London), Erməni Missioner Təşkilatları Assosiasiyası (ABŞ), “Azat hay” Yaxın Şərq Erməniləri Assosiasiyası (BGM, Dubay), Vudro Vilson Fondu (ABŞ), Fransa Erməni Gəncləri Hərəkatı (Paris), “Qərbi Ermənistanın müdafiəsi” Şurası (ABŞ, Kaliforniya), Rusiya-Ermənistan Strateji və İctimai Təşəbbüslər Mərkəzi (Rusiya), AKEBİ – İrqçiliyə, Millətçiliyə və Bölücülüyə qarşı Fəallar Birliyi (Almaniya), Rusiya Erməniləri İttifaqı (Rusiya), Rusiyadakı Federal Erməni Milli-Mədəni Muxtariyyəti və onun yerlərdəki filialları, Rusiya-Ermənistan Əməkdaşlığı Təşkilatı (Rusiya), Yerevan Dövlət Universiteti, Erməni Araşdırmaları İnstitutu (Ermənistan), Qərbi Ermənistanın Problemləri Araşdırma Mərkəzi (Ermənistan), Erməni Virtual Kolleci (Ermənistan, Fransa), Rusiya Həmşinlilər Diasporu Mərkəzi, Rusiya Cavax Diasporu Mərkəzi, “Ararat” Mədəni Maarifçilik Cəmiyyəti (Rusiya), Rusiyadakı Erməni Təşkilatlarını Əlaqələndirmə Şurası, Rusiya-Ermənistan Mədəni Əməkdaşlıq Akademiyası, “Собеседник Армении” jurnalı, Naxçıvan Erməniləri Cəmiyyəti (Rusiya), Moskvadakı Qərbi Ermənistan Cəmiyyəti (Rusiya), “HAYASA” Mədəni-Maarifçilik Mərkəzi (Rusiya), SİVAM Gənc Peşəkarlar Mərkəzi (Rusiya), “Araks” Yaradıcılıq Mərkəzi (Rusiya) və s.
Türkiyənin demokratik qanunları da burada ermənilərin bölücülük fəaliyyəti üçün münbit şərait yaratmışdır. Burada Avropa İttifaqının, Fransa, ABŞ, Almaniya və Böyük Britaniyanın, ayrı-ayrı beynəlxalq fond və təşkilatların dəstəyi ilə “erməni məsələsi”, o cümlədən qondarma “erməni soyqırımı”, “Qərbi Ermənistan torpaqları” və “müsəlman ermənilərin problemləri” ilə bağlı xeyli sayda qurum tamamilə maneəsiz fəaliyyət göstərir, geniş təbliğat işi aparır, tədbirlər keçirir və Türkiyəyə qarşı iddialarını irəli sürürlər. Onların bir neçəsinin adlarını açıqlayaq: Açıq Cəmiyyət İnstitutu (Soros Fondu), Hrant Dink Vəqfi, “Aqos” qəzeti, Nor Zartonk (Yeni oyanış) Gənclər Təşkilatı, Diyarbəkir Siyasi və Sosial Araşdırmalar İnstitutu (DİSA) Erməni Mədəniyyəti və Həmrəylik Dərnəyi, İsmayıl Beşikçi Vəqfı, Yaddaş və Mədəniyyət üzrə Sosioloji Araşdırmalar Dərnəyi (BEKS) və s. Bütövlükdə, təqribi hesablamalara görə, Türkiyədə ermənilərin 70-dək fond və dərnəyi, 57 dini vəqfi var. Məsələn: Feriköy Surb (ermənicə: “müqəddəs”) Vartanaş erməni kilsəsi vəqfi, İstanbul-Üsküdar Surb Xaç erməni kilsəsi vəqfi, İstanbul-Eyüp Surb Yeğişe erməni kilsəsi vəqfi, Eyüp Surb Astvazazin erməni kilsəsi vəqfi, Arakelyan məktəbi və məzarlığı birgə vəqfi, Narlıkapı Surb Hovhannes erməni kilsəsi vəqfi, Rumeli Hisarı Surb Sanduht erməni kilsəsi vəqfi, Beşiktaş Surb Astvazazin Məryəm Ana erməni kilsəsi və məktəbi vəqfi, Ortaköy Surb Kikor Lusavoriç erməni katolik kilsəsi vəqfi, Yenikapı Surb Tetevos erməni kilsəsi vəqfi, Gedikpaşa erməni protestant kilsəsi və məktəbi vəqfi, Gedikpaşa Surb Hovhannes erməni kilsəsi vəqfi, Beyoğlu Anarathıgutyun erməni katolik rahibləri monastrı və məktəbi vəqfi, Beyoğlu Üç Horon erməni kilsəsi vəqfi, Ohannes Gümüşyan erməni kilsəsi vəqfi, Aynalı Çeşme erməni protestant kilsəsi vəqfi və s. Türkiyənin bölgələrində də ermənilərə məxsus kifayət qədər dini vəqfləri vardır.
(Ardı var)