18 Aprel 2018 15:50
4 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Astan müəllimin 3 mərasimində iştirak etdik. Orda onun qohumlarını, yaxınlarını gördük.

Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

O bildirib ki, A.Şahverdiyevin qohumları ondan xüsusi xahiş edib:

“Qardaşını, qardaşı uşaqlarını tanıyıram. Qardaşı uşaqlarından biri Qarabağ Azadlıq Təşkilatının çox fəal üzvlərindən olub. İndi Milli Orduda zabitdir. Mərasimdə onların üzüldüyünü gördüm. Çox üzülürlər, çox narahatdırlar. Hətta, mətbuata nə cür çıxmağı, bu kampaniyanı necə dayandırmağı da bilmirlər. Astan müəllimin hətta ata-babalarına, nəslinə qədər gedib çıxırlar. Çox istərdim ki, onun adını Aslan yazasız. Çünki biz ona həmişə Aslan demişik. Baxmayaraq ki, sənəddə adı Astan kimi yazılıb. Kənd yeri olub, yazan götürüb Aslan əvəzinə Astan yazıb. Əslində, Aslan olmalıdır. Zəhmətkeş bir ailədə böyüyüb, uşaq vaxtından yetim qalıb. Öz zəhməti ilə elmin yüksək zirvəsinə gəlib çatıb. Biz 20 əvvəlki adı Politexnik İnstitutu, hazırda Texniki Universitet olan ali məktəbdə bir yerdə işləmişik. Dostluğumuz-yoldaşlığımız olub. Ondan ən ağır vəziyyətlərdə özümə, başqalarına münasibətdə səmimi münasibət görmüşəm. Yəni, sağlam bir müəllim idi. Rüşvət söhbəti ola bilməzdi. Texniki Universitetdə 4-5 müəllimin adını çəkmək olardı ki, onlar təmiz işləyirdilər. Onlardan biri Aslan müəllim idi”.

A.Nağı qeyd edib ki, A.Şahverdiyev 1993-cü ildə, çox ağır bir dövrdə əvvəlki adı Qarabağ Azadlıq Hərəkatı olan təşkilatın yaranmasında aktiv iştirak edib:

“1993-cü ilin avqustunda ürəyi yanan, əksəriyyəti Qarabağdan olan ziyalılar Qarabağ Azadlıq Hərəkatının təşəbbüs qrupu yaradıldı. Həmin proseslərin önündə gedən insanlardan biri də Aslan Şahverdiyev idi. Bir neçə ay sonra 3 nəfər – mən, Aslan müəllim və bu yaxınlarda Ukraynada dünyasını dəyişmiş Xaqani Hüseynov təşkilatın həmsədri olduq”.

A.Nağı qeyd edib ki, A.Şahverdiyev sonrakı illərdə də QAT-a dəstəyini əsirgəməyib:

“Ürəyindən, candan Qarabağa bağlı bir insan idi. Biz 15 il əvvəl QAT-da bir yerdə idik. Sonradan o öz qərarını verdi, bizdən ayrıldı. Ancaq yenə də mən bilirəm ki, o, Qarabağ yanğısı onun qəlbində idi. Özü bildiyi kimi Qarabağ uğrunda mübarizəsini davam etdirirdi. Mən buna əmin idim”.

QAT sədri vurğulayıb ki, emosional vəziyyətdə deyilmiş sözə görə insanın üzərinə bu qədər hücuma keçmək olmaz:

“Azərbaycan xalqının dəyərləri var, bu, nəzərə alınmalıdır. İnsanlara bir daha öz adımdan, Aslan müəllimin qohumlarının adından müraciət edirəm. Dünən mənə yas mərasimində də dedilər ki, Akif müəllim, çox xahiş edirik, bizim adımızdan da deyə bilərsiz ki, bu məsələyə, bu kampaniyaya nöqtə qoyulsun. İnsana bu qədər qəddarcasına münasibət göstərmək olmaz. Aslan müəllim sadəlövhlüyündən o sözləri deyib. Başqaları bəlkə də ondan da pis sözləri ürəyindən keçirir, amma dilinə gətirmir. Demirəm ki, Aslan müəllim o sözü deməklə düz edib. Təbii ki, günahı var. Amma onun işlətdiyi söz onun üzərinə bu qədər hücumlara keçməyə əsas vermir”.

A.Şahverdiyevin digər iş yoldaşı, politoloq Qabil Hüseynli isə bildirib ki, mərhum əmək fəaliyyətinə Politexnik İnstitutunda başlayıb:

“O, laborantlıqdan başlayıb elmlər doktoru, professor, kafedra müdirliyinədək uzun bir yol keçib. Mən onu sakit təbiətli, elmli və peşəkar pedaqoq kimi tanımışam. Elə onun laborantlıqdan kafedra müdirliyinədək gəlməsi də çox şeyi deyir. O, elmi-pedaqoji fəaliyyətdə kifayət qədər ardıcıl idi və həmişə öz üzərində çalışırdı. Əvvəlcə Bakıda elmlər namizədi, alimlik, Rusiyada isə elmlər doktoru dərəcəsi almaq üçün doktorluq dissertasiyasını uğurla müdafiə edib. Astan müəllim istilik texnikası və soyuducu qurğular sahəsində tanınmış mütəxəssislərdən biri hesab edilirdi. Onun bu istiqamətdə çoxsaylı məqalələri və bir neçə kitabı nəşr edilib. Kafedra müdiri işləyərkən o, universitetdə çox fəal idi. Artıq o zaman həm də Milli Məclisin deputatı kimi fəal ictimai-siyasi iş aparırdı. Seçildiyi dairə məcburi köçkünləri təmsil etdiyindən məcburi köçkünlərlə bağlı işlərdə fəal iştirak edirdi. Mənim tanıdığım bəzi millət vəkillərindən fərqli olaraq Astan müəllim auditoriyada idi, dərslərini özü keçirdi. Yəni, onun üçün ayrılmış tədris yükünü özü yerinə yetirirdi. Bu, onun üstün cəhətlərindən idi. Astan müəllim universitetdə böyük hörməti olan professorlardan idi. Hesab edirəm ki, Azərbaycan elmi Astan müəllimin simasında görkəmli alimlərindən birini itirdi. Allah rəhmət eləsin”.

Bununla belə, Q.Hüseynli A.Şahverdiyevin bir qədər hövsələsiz, əsəbi adam olduğunu vurğulayıb:

“Hansı sözü hansı zamanda demək məsələsində o qədər də peşəkar deyildi. Yəni, bəzən ovqatı korlayan sözlər deməyi də özünə rəva bilirdi. Amma hər insanın bir eybi olduğu kimi, bu da onun çatışmayan cəhəti idi. Ola bilsin ki, bu da proseslərə daha tez müdaxilə etmək həvəsindən irəli gəlirdi. Onun işlətdiyi bəzi kəlmələr ona münasibətdə amansız və rəhmsiz hücumların başlamasına səbəb olmuşdu. Bu hücumlar zamanı o, xeyli əziyyət çəkirdi. Bəzi şəxslər hətta sosial şəbəkələrdə təhqir və söyüş xarakterli yazılardan da istifadə etməyi özlərinə rəva görürdülər. Bu tənqid və təhqirlər Astan müəllimin reputasiyasına, bir sıra uğurlarına həm zərbə vurdu, həm də kölgə saldı. Astan müəllim gərək bunları etməyəydi. Etdikdən sonra da bu cür amansız təqiblərə məruz qalmayaydı”.

Milli Məclisin deputatı Elman Məmmədov A.Şahverdiyev əleyhinə aparılan kampaniyanın xoşagəlməz hal olduğunu vurğulayıb:

“Həyatda hamının səhv hərəkəti, səhv sözü olur. Astan müəllim də nə vaxtsa bir səhv söz dedi. Cəmiyyətdə ona qarşı sərt reaksiyalar oldu. Mənə elə gəlir ki, bununla kifayətlənmək lazım idi. Bu insan dünyasını dəyişib. Allah rəhmət eləsin. Rəhmətə gedən insanın arxasınca bu cür xoşagəlməz, lazımsız söhbətlər etmək Azərbaycan xalqının bir övladı kimi bizə yaraşmaz. Bu, ən azı bizim adət-ənənələrimizə hörmətsizlikdir. Məgər artıq Azərbaycan cəmiyyətində bir müqəddəs, toxunulmaz mənəvi dəyər qalmayıb?”

E.Məmmədov qeyd edib ki, A.Şahverdiyev öz sahəsi üzrə Azərbaycanda tanınmış alimlərdən biri olub:

“Alim, yaxud deputat olub-olmamasından asılı olmayaraq o artıq dünyasını dəyişib. Vaxtilə, sağ ikən söz dedi və cəmiyyətin reaksiyası ilə üzləşdi. Artıq bu kampaniyaya lüzum yoxdur. Astan müəllimin də övladları, nəvələri, qohum-əqrəbaları var. Təbii ki, bu hal onlara da pis təsir edir. Onlar da kimlərəsə qarşı hansısa hərəkət etsə, kampaniya yaratsa, bu da xoşagəlməz olar axı... Mənə elə gəlir ki, biz bu cür hərəkətlərdən çəkinməliyik”.

E.Məmmədov A.Şahverdiyevin işlətdiyi sözə görə üzr istədiyini xatırladıb:

“Üzr də istəmişdi, səhvini də dərk etmişdi, onun əleyhinə deputat həmkarları və başqaları tərəfindən də kifayət qədər sözlər deyilmişdi. Amma o artıq dünyasını dəyişib. Yenidən köhnə məqamları eşələyib çıxarmaq, kampaniya yaratmaq qəbuledilməz haldır. Biz cəmiyyət olaraq bu kimi məsələlərdə diqqətli, ehtiyatlı və həssas olsaq, daha yaxşı olar”.


Müəllif: Səxavət Həmid