17 May 2018 10:14
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-17-də Çinin paytaxtı Pekin şəhərində “Qadın qüvvələrinin birləşdirilməsi, birgə inkişafın stimullaşdırılması” mövzusunda Şanxay Əməkdaşlıq Təşkilatının Birinci Qadın Forumu keçirilir.

Teleqraf.com xəbər verir ki, forumda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edir.

Forumun açılış mərasimində çıxış edən Ümumçin Qadınlar Federasiyasının sədri xanım Şen Yüeyüe və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov bu cür tədbirlərin müxtəlif ölkələrin qadınları üçün yeni əməkdaşlıq platformaları yaratdığını söyləyib, bununla da ümumi problemlərin həllində qadınların oynaya biləcəyi böyük roldan danışıblar.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, bu il ölkəmiz mühüm tarixi hadisələr yaşayır: “ Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və həm də qadınlarımızın seçib-seçilmək hüququnun 100 illiyini qeyd edirik. Bakıda ilk qızlar seminariyası hələ 1901-ci ildə yaradılıb”.

Forum çərçivəsində təşkil olunan “Qadın qüvvələrinin birləşdirilməsi, birgə fəaliyyətin stimullaşdırılması” və “Qadınlar və gözəl dünya” adlı sessiyalarda Dövlət Komitəsinin sədri “Azərbaycan Respublikasında qadın siyasətinin əsas istiqamətləri” mövzusunda çıxış edib.

Dövlət Komitəsinin sədri bildirib ki, Ailə, Cinayət, Mülki, İnzibati Xətalar Məcəllələrinə, “İcra haqqında” Qanuna edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başlayıb: “Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb oldu. Ölkəmizdə xüsusilə, qadın sahibkarlığının inkişafı istiqamətində müsbət nəticlər var. Sahibkarlığın, xüsusilə, qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.

Bununla bağlı Azərbaycanın hər bir bölgəsində Qadın Resurs Mərkəzləri yaradılıb. Burada maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların yazılması sahəsində qadınlara təlimlər keçirilir. Bundan əlavə qedy etməliyik ki, bələdiyyə üzvlərinin sayı olan qadınların da sayı arataraq 35 faiz olub”.

Hicran Hüseynova qadınlara dövlət tərəfindən göstərilən etimadı yüksək qiymətləndirirək bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında biz ölkə qadınlarının fəallığının, onların istedadların, bilik və savadlarının nələrə qadir olduğunu hər zaman müşahidə edirik. Mehriban xanım Əliyeva qadınları narahat edən məsələlərə xüsusi diqqət göstərir.

Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon soydaşımızın təxminən yarısını təşkil edən qadınların da problemləri dövlətin diqqət mərkəzindədir.

Hicran Hüseynova ŞƏT çərçivəsində qadınların əməkdaşlığının genişləndirilməsi ilə bağlı təkliflər verib.

Dövlət Komitəsi sədri Hicran Hüseynova Çin televiziyasına müsahibə verərək, ölkəmizdə həyata keçirilən dövlət qadın və uşaq siyasəti istiqamətində əldə edilmiş nailiyyətlər və müsbət təcrübə haqqında məlumatları diqqətə çatdırıb.

Forum zamanı Azərbaycan qadınlarının müxtəlif sahələrdəki fəaliyyətlərini əks etdirən stend nümayiş olunub. Sərgidə Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən qadın və uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər, qadınların orduda, idmanda, sərhəddə, xalçaçılıqda və digər mühüm sahələrdəki fəaliyyətləri təqdim olunub. Sərgidəki fotolar tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbir yekun sənədin qəbulu ilə başa çatacaq.


Müəllif: İlhamə Əbülfət